Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları və xüsusi müzakirə keçirilib

Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində komitə iclasları və xüsusi müzakirə keçirilib

01.07.2014 [09:47]

Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyunun 29-30-da işini komitə iclasları və xüsusi müzakirə ilə davam etdirib.
AzərTAc xəbər verir ki, sessiya iyunun 29-da siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası ilə işə başlayıb.
İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq gündəlik barədə məlumat verib.
Sonra Finlandiya parlamentinin deputatı Pia Kauma hazırladığı qətnamə layihəsinə dair məruzə ilə çıxış edib. Layihədə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsipinə əməl edilməsinin vacibliyi vurğulanıb.
Sonra məruzə ətrafında müzakirələr olub.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova regiondakı hərbi və siyasi problemlərin qətnamə layihəsində öz əksini tapdığını bildirib. Bahar Muradova ölkələrin regionlarında keçirilən referendumlarla bağlı fikirlərini diqqətə çatdırıb. O deyib: “Burada iştirak edənlər hər hansı ölkənin bir regionunda keçirilən referendumların həmin ölkənin konstitusiyası ilə uyğun gəlib-gəlməməsi məsələsinə ciddi diqqət yetirməli və bu barədə qanunların aliliyini rəhbər tutmalıdırlar. Hesab edirəm ki, bu bənd hamı tərəfindən dəstəklənəcəkdir. Çünki regionda baş verən hadisələr, həmçinin bu gün burada səsləndirilən fikirlər bu bəndin qətnamə layihəsinə əlavə olunmasını zəruri edir”.
Bahar Muradova bildirib ki, 20 ildən artıqdır ki, davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Azərbaycanın bu regionunda qeyri-qanuni keçirilən “referendum”, “parlament” və “prezident” seçkiləri nəticəsində mövcuddur. Erməni deputat buradakı çıxışında Dağlıq Qarabağı özünü ifadə etmiş “dövlət” kimi qələmə verməyə çalışır, hətta gülməli bir ifadə işlədərək onun demokratikliyini iddia edir. Dağlıq Qarabağa səfər edən həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu və orada çox kasıb, bütün imkanlardan məhrum insanların acınacaqlı şəraitdə yaşadıqlarını görürlər. “Dağlıq Qarabağ xalqı” deyilən bir məfhum yoxdur. Orada yalnız etnik ermənilər yaşayır. Biz onların bugünkü durumuna görə narahatlıq hissi keçiririk, çünki bu insanlar “böyük Ermənistan” ideyasının girovuna çevriliblər. Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, xüsusilə Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının tribunasından, eləcə də ATƏT Parlament Assambleyasının plenar iclasının açılışında söylədiyi həqiqətləri eşitmək istəmir. Lakin həqiqət qəbul edilməlidir.
Milli Məclis sədrinin müavini İrəvanın tarixi Azərbaycan torpağı olduğunu xüsusi vurğulayaraq deyib: “Mən bir daha təkrarlayıram ki, 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlər nəticəsində İrəvanın ermənilərə bağışlanması olmuşdur. Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcəkdir. Bunu hər kəs bilməlidir”.
Müzakirələrdə iştirak edənlər qətnamə layihəsi ilə bağlı fikirlərini bölüşüb, müəyyən düzəlişlərin olunmasını təklif ediblər.
İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin Qırğızıstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrliyi ilə keçirilən iclasında britaniyalı məruzəçi Roger Viliamsın müəllifi olduğu qətnamə layihəsi müzakirə edilib.
R.Viliams çıxışında bəzi ölkələrin sabitliyinin və təhlükəsizliyinin iqtisadi çətinliklər ucbatından təhlükə altına düşə biləcəyini söyləyib. O, Avropanın bir sıra dövlətlərində bu məsələ ilə bağlı vəziyyətin hələ də çətin olaraq qaldığını bildirib. İnfrastruktur layihələrinə investisiyaların qoyulmasının yeni iş yerlərinin açılmasına şərait yaradacağını qeyd edən məruzəçi, ətraf mühitlə bağlı məsələlərin həllində birgə əməkdaşlığın önəmini vurğulayıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanın regionda və dünyada sabitliyin, təhlükəsizliyin təmin edilməsi naminə əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret işlər gördüyünü bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verdiyini söyləyən E.İbrahimov ölkəmizdə aparılan aqrar islahatların davamlı inkişaf üçün əlverişli şərait yaratdığını diqqətə çatdırıb. Azərbaycanda ərzaq təhlükəsizliyinin tam təmin edildiyini vurğulayan E.İbrahimov son on ildə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan, xüsusilə iqtisadi tərəqqidən danışıb.
Portuqaliyanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü xanım Nilza Sena iqtisadiyyat, ətraf mühitlə bağlı problemlərin həllində, beynəlxalq təhlükəsizliyin təmin olunmasında ATƏT-in rolunu qeyd edib.
Sonra Avrasiya məkanında inteqrasiya prosesləri, ATƏT-in dialoq üçün əlverişli məkan kimi rolu, təşkilatın qeyri-qanuni miqrasiya ilə mübarizədə BMT və Avropa Şurası ilə birgə əməkdaşlığı, qlobal istiləşmənin qarşısının alınması üçün görülən işlər, iqtisadi artımın, eləcə də sabitliyin təmin olunmasında təhsilin önəmi barədə müzakirələr aparılıb.
Daha sonra demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin iclası keçirilib.
İclası açan komitənin sədri, portuqaliyalı deputat İsabel Santos gündəlik barədə məlumat verib.
Serbiya parlamentinin deputatı Qordina Komiç müzakirə olunacaq qətnamə layihəsi ilə bağlı məruzə edib. Bildirilib ki, qətnamənin qəbul edilməsi “Helsinki+40” prosesinin daha səmərəli işləməsi baxımından önəmlidir.
Sonra qətnamə layihəsi ilə bağlı müzakirələr aparılıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, insanların öz ölkələrində təhlükəsiz şəraitdə yaşamaları çox önəmlidir. Artıq uzun illərdir ki, biz bu məsələləri müzakirə edirik. Həm bir ölkədən digər ölkəyə gedən miqrantlar, həm də öz ölkəsində qaçqın və məcburi köçkün şəraitində yaşayan insanlarla bağlı məsələlər ATƏT-də bir neçə dəfə müzakirə olunub. Bu gün bu məsələnin bir daha müzakirəyə çıxarılması çox önəmlidir. On ildən artıqdır ki, müzakirə edilsə də, indiyədək Avropa, ATƏT məkanında bu məsələnin öz həllini tapmaması təəssüf doğurur.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Azərbaycan öz ərazisinin 20 faizini işğal edən ermənilərin həmin torpaqlardan çıxarılması üçün dəfələrlə müraciətlər edib. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayınca ölkədə miqrant problemi həll olunmayacaq. Əgər təhlükəsizliyin təmin olunmasında istiqamətdə heç bir addım atılmayacaqsa, necə deyə bilərik ki, biz Helsinki sənədlərinə sadiqliyimizi sübut edirik?! Əgər Avropadakı, dünyadakı miqrantlar haqqında danışırıqsa, Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən də danışılmalıdır.
Müzakirələrdə qətnamə layihəsi ilə bağlı çıxış edənlər təklif və qeydlərini səsləndiriblər.
Daha sonra sessiya çərçivəsində “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırış” mövzusunda xüsusi müzakirə keçirilib.
ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ekstremizm, radikalizm və ksenofobiyanın region və bütün dünya üçün yaratdığı təhlükədən danışıb. O, quruma üzv ölkələrin bu problemlərlə mübarizə istiqamətində daha sıx əməkdaşlığının zəruriliyini vurğulayıb. Hazırda ekstremizmin nəzarətdən çıxdığını bildirən ATƏT Parlament Assambleyasının prezidenti bu problemin aradan qaldırılması üçün qarşılıqlı etimad və anlaşmanın, dialoqun vacibliyini qeyd edib.
Çıxış edənlər Azərbaycandakı mövcud tolerantlığın dünya dövlətləri üçün nümunə olduğunu söyləyiblər.
İyunun 30-da ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrin iclasları təqdim edilən qətnamə layihələrinin müzakirəsi ilə davam edib.
Müzakirələrdə Finlandiya parlamentinin deputatı Pia Kauman, isveçli deputat xanım Asa Lindestam, kanadalı deputat Cislain Maltes, Qırğızıstan nümayəndəsi Çunubay Tursunbekov, Belarusun ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Viktor Quminski, İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Andreas Ebi və digərləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Komitə iclaslarında müzakirə olunan bütün qətnamə layihələri səsə qoyularaq qəbul edilib.

Paylaş:
Baxılıb: 699 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31