Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının prioritetləri sırasındadır

Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının prioritetləri sırasındadır

11.02.2015 [10:00]

Migel Kanyete: “Cənub” qaz dəhlizi enerji resurslarının mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından Avropa İttifaqının prioriteti olacaq
Cənubi Qafqaz geosiyasi məkanının lider dövləti olan Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir. Ümumiyyətlə, sirr deyil ki, Azərbaycanın iştirakı və liderliyi ilə gerçəkləşdirilən transmilli layihələr Xəzər regionunu strateji əməkdaşlıq mərkəzinə çevirib. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Xəzər regionunda əməkdaşlıq əlaqələri və platformalarından bəhs edərkən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Bu kontekstdə Azərbaycanın səmərəli və çoxşaxəli xarici siyasəti sayəsində Xəzər regionunun təhlükəsizliyinin təmin olunması təkcə regional əhəmiyyət kəsb etmir, beynəlxalq xarakter daşıyır. Çünki Xəzər regionunun təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm faktor kimi çıxış edir. Belə ki, Avropa Xəzər regionunun özünün enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq qeyd edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin, regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Digər tərəfdən, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Ötən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Qeyd etmək lazımdır ki, Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TANAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur. Yeri gəlmişkən, Avropa Komissiyasının saytında yer alan ətraf mühitin dəyişikliyi və energetika məsələləri üzrə komissar Migel Kanyetenin bəyanatında qeyd edilib ki, “Cənub” qaz dəhlizi enerji resurslarının mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından Avropa İttifaqının prioriteti olacaq: “Biz enerji resurslarının diversifikasiyasına imkan verən layihələrə köklənəcəyik”.
Beləliklə, Avropa regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Yeri gəlmişkən, Latviyanın xarici işlər naziri Edqars Rinkeviç qeyd edib ki, “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən, Azərbaycanla əməkdaşlıq Latviyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin prioritet məsələlərindən biridir. O deyib ki, Latviya Azərbaycana Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi baxır: “İkitərəfli münasibətlər doğru yoldadır və biz əlaqələrimizdən məmnunuq. Latviya və Azərbaycan arasında siyasi dialoq aktiv və konstruktivdir”.
Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycanla Avropa İttifaqının üzv dövlətləri arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ekspertlər münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31