Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

04.04.2015 [11:04]

Vilayət Eyvazov: Azərbaycanda insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda ilk olaraq millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. AVP-nin sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, ilk Avropa Oyunları yaxınlaşdıqca, anti-azərbaycançı qüvvələr Azərbaycana qarşı böhtan və şər kampaniyasını genişləndirməyə çalışırlar. Millət vəkili deyib ki, bu cür böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman tədbirinə təsir göstərmək gücündə deyil. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu beynəlxalq tədbirləri həmişə uğurla reallaşdırıb. “Bir neçə il əvvəl də “Eurovision” yarışı ərəfəsində bu cür kampaniyalar var idi, ancaq biz həmin tədbiri də uğurla keçirdik. Sözsüz ki, bundan sonra da Azərbaycan hökuməti, Olimpiya Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsi bu cür tədbirlərin öhdəsindən uğurla gələcək. Demək olar ki, artıq hazırlıq işləri başa çatıb. Mən buradan bütün vətəndaşlardan xahiş edirəm ki, Azərbaycana qarşı yönələn şər və böhtan kampaniyasına qarşı etirazlarını bildirsinlər”, - deyə F.Ağamalı qeyd edib.
Millət vəkili Zahid Oruc isə Azərbaycan tərəfinə keçən erməni hərbçinin bəyanatına diqqət yetirirək deyib ki, bu, Ermənistanda vəziyyətin nə qədər ağır olduğunu göstərir.
Millət vəkili Məlahət İbrahimqızı isə cəmiyyətdə yas mərasimlərində israfçılığın aradan qaldırılması yönündə təbliğat işinin müsbət nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, artıq bu baxımdan maarifləndirmə işləri yaxşı nəticələr verib. Bununla belə, millət vəkili xeyir, şadlıq mərasimlərində də israfçılığın aradan qaldırılmasının zəruriliyini bildirib. M.İbrahimqızı bu məsələ ilə bağlı parlament rəhbərliyinə qadın təşkilatları koalisiyasının xahişini çatdırıb: “Onlar xahiş edirlər ki, şadlıq mərasimlərinin keçirilməsi ilə bağlı qanun qəbul olunsun. Şadlıq evlərində mümkün deyil ki, vətəndaşlar öz ailə büdcəsinə uyğun olaraq öz xeyir işlərini keçirsinlər. Ona görə də, qanunla bu məsələnin tənzimlənməsi yaxşı olardı”.
Məsələ ilə bağlı spiker Oqtay Əsədov deyib ki, nə yas, nə də şadlıq mərasimləri qanunla tənzimlənmir. Onun sözlərinə görə, bu mərasimlərdə israfçılığın aradan qaldırılması maarifləndirmə yolu ilə ola bilər.
BQP-nin sədri, millət vəkili Fazil Mustafa aprelin 24-də ölkəmizdə də Çanaqqala zəfərinin dövlət səviyyəsində keçirilməsini təklif edib. Onun fikrincə, bu, Türkiyə ilə Azərbaycanın uydurma “erməni soyqırımına” tutarlı cavabı ola bilər.
Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub. Əvvəlcə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri haqqında qərar qəbul olunub. Etibar Nəbiyev isə Bakı Apellyasiya Məhkəməsinin üzvü təyin olunub.
Sonra iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib. Məlumatı Milli koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib. V.Eyvazov deyib ki, Azərbaycanda son illər ərzində insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib. Bu sahədə sistemli tədbirlər həyata keçirilməkdədir. V.Eyvazov bildirib ki, insan alverinin qurbanı olan 54 nəfərdən (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı) ölkə daxilində istismara məruz qalıb. Onun sözlərinə görə, müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunan 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.
V.Eyvazov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, həmçinin, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 43 qurbana tibbi xidmət göstərilib.
V.Eyvazov qeyd edib ki, beynəlxalq tədqiqatlardan görünür ki, insan alverinin durmadan genişlənməsi - transmilli mütəşəkkil cinayətkarlığın və qanunsuz miqrasiyanın qlobal xarakter alması, ucuz işçi qüvvəsinin külli miqdarda gəlir gətirməsi, gender bərabərliyinin pozulması, məişət zorakılığı və digər problemlərlə əlaqədardır: “Birləmiş Millətlər Təşkilatının dünyada insan alverinin vəziyyətinə dair 2014-cü ilin noyabr ayına olan hesabatına görə transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə, demək olar ki, bütün dövlətlərdə və regioniarda rast gəlinir. Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınıb. Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanların içində azyaşlı qızların xüsusi çəkisinin 21 faiz təşkil etməsidir. Həmçinin, bu günədək 31 dövlətin Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına və onu tamamlayan Palermo Protokoluna qoşulmaması 2 milyarddan çox şəxsin insan alverinin beynəlxalq müdafiə mexanizmləri ilə əhatə olunmasını istisna edir. Bütün bunlara baxmayaraq, insan alverinin qarşısının alınması, qurbanların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər dayandırılmayıb. Son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılıb, 15 minə yaxın şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa olunub. İnsan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin qurbanların üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı iyulun 30-nu ötən ildən etibarən “İnsan alveri ilə beynəlxalq mübarizə günü” elan edib. Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda 2014-cü il insan alverinə qarşı mübarizə tədbirləri kontekstində əhəmiyyətli olub”.
Nazir müavini bildirib ki, ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyinin, bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalmasının əyani təsdiqi olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilib.
Müzakirələrdən sonra illik məlumat qəbul olunub.
İclasda, həmçinin, bir sıra qanunlara dəyişikliklər edilib. Belə ki, iclasda “Məhkəmələr və hakimlər haqqında”, “Uşaq hüquqları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Polis haqqında, “Notariat haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət sirri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, Əmək pensiyaları haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrində dəyişikliklər qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31