Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan idman ölkəsi kimi İslam dünyasında da böyük nüfuz qazanıb

Azərbaycan idman ölkəsi kimi İslam dünyasında da böyük nüfuz qazanıb

09.04.2015 [10:08]

Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bu faktı bir daha təsdiqləyir
Xəbər verildiyi kimi, aprelin 7-də IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb. Tədbirdə müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın bu yarışlardakı uğurları barədə məlumat verib. Bildirib ki, İHİF-in nümayəndələri ölkəmizdə yaradılan idman infrastrukturu ilə yaxından tanış olublar. “Bakı-2015” ilk Avropa Oyunlarının təşkil olunacağı obyektlərdəki şərait qonaqlarda xoş təəssürat yaradıb. Azərbaycan idmançıları “Bakı-2017”ni ciddi sınaq kimi qəbul edir və həmin Oyunlarda yüksək nəticələr üçün mübarizə aparacaqlar. İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan hökumətinin İslam Həmrəyliyi Oyunlarını təşkil etməyə maraq göstərməsi çox sevindiricidir. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin ən böyük idman hadisəsi olacaq: “Biz güclü əməkdaşlıq və işbirliyi sayəsində Oyunları uğurla təşkil edəcəyik və azarkeşlər bu yarışlardan böyük zövq alacaqlar”.
İslam Həmrəyliyi Oyunlarının təşkilinin İslam dəyərlərinin yayılmasına, qardaşlıq və birliyin əks olunmasına öz töhfələrini verəcəyini bildirən İHİF-in prezidenti yarışın yüksək səviyyədə keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.
Azərbaycanda irimiqyaslı tədbirlərin müvəffəqiyyətlə təşkil edildiyini bildirən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, Azərbaycan İslam dünyasında hər zaman diqqət mərkəzində olan bir məkandır. “Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilib, 2018-ci ildə isə bu missiya Naxçıvana həvalə olunacaq. Hazırda ölkəmiz “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Həmçinin, cari ildə ölkəmizdə şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə Olimpiada, “Formula-1” üzrə Avropa “Qran-pri” yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Biz bu yarışların təşkil olunması istiqamətində bütün imkanlarımızdan istifadə edəcəyik ki, turnirlər yüksək səviyyədə keçirilsin”.
Qeyd etmək yerinə düşər ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların isə “Bakı-2015” üçün nəzərdə tutulan Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, belə möhtəşəm idman tədbirinin keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinə ciddi əsaslar var. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır. Əlbəttə ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir. Qeyd edək ki, müəyyən bir sektorun inkişaf səviyyəsi onun beynəlxalq miqyasda aldığı adekvat qiymətlə ölçülür. Bu kontekstdə ölkəmizdə dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğı sayəsində Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə dünya miqyasında ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, 2012-ci ilin avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA “U-17” qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. Bu ilin iyun ayında isə Avropa Olimpiya Komitəsinin qərarı ilə I Avropa Oyunları ölkəmizdə keçiriləcək. Şübhəsiz, Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur.
Beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır. Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul olunmasında bu amillər nəzərə alınıb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdı. 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində isə Federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilmişdi.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində digər bir vacib amil isə Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Belə ki, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və islam dünyasında böyük nüfuz sahibidir. Eyni zamanda, ölkəmiz islami dəyərlərin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Təbii ki, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi haqda qərarın verilməsində də bu amillər mühüm rol oynayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31