Korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
16.10.2015 [10:46]
Bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirləri müsbət nəticələr verir
Son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılmaqdadır. Müvafiq istiqamətdə həyata keçirilən sistemli islahatlar dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını və Prezident İlham Əliyevin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. Bunun nəticəsidir ki, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə öz səmərəsini verməkdədir. Bunu həm ölkə əhalisi öz gündəlik həyatında hiss edir, həm də beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədə qazanılan nailiyyətləri etiraf edirlər.
Oktyabrın 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində dövlət başçısı bir daha qeyd edib ki, ötən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaq: “Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, “ASAN xidmət”in təcrübəsi geniş tətbiq edilməlidir”.
Dövlət başçısı, həmçinin qeyd edib ki, “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur: “Artıq 6 milyon insan qısa müddət ərzində “ASAN xidmət”ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən xidmətlərdən razıdır. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. “ASAN xidmət”də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. “ASAN xidmət”in praktikası bütün yerlərdə tətbiq edilməlidir və “ASAN xidmət”in funksiyaları genişləndirilməlidir. Bu il də biz “ASAN xidmət”ə yeni funksiyalar vermişik, məhz o funksiyaları ki, ən çox korrupsiyaya uğramış sahələrə aid idi. Ona görə burada mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı xidmətləri, hansı funksiyaları biz “ASAN xidmət”ə əlavə olaraq verməliyik. Bir daha demək istəyirəm ki, bütün başqa qurumlar da bu praktikanı tətbiq etməlidirlər”.
Prezident İlham Əliyev daha sonra vurğulayıb ki, bu sahədə, əlbəttə, vətəndaşlardan da çox şey asılıdır: “Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”.
Qeyd edək ki, dövlət başçısının sözügedən iclasda ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, habelə əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha da ciddi mübarizə aparılması sahəsində vermiş olduğu göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi, cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Məhz bunun nəticəsidir ki, ilin əvvəlindən ötən dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 5108 müraciətinə baxılıb, həmçinin 224 şəxs barəsində 146 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Bu, baş prokuror Zakir Qaralovun sədrliyi ilə oktyabrın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qurumun fəaliyyətinin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması ilə əlaqədar təşkil olunan geniş əməliyyat müşavirəsində bildirilib. Tədbiri giriş nitqi ilə açan baş prokuror dövlət başçısı cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqiyə və xalqın rifahının yüksəldilməsinə nail olunduğunu, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafına yönəlmiş islahatların, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərinin inamla həyata keçirildiyini diqqətə çatdırıb. Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayan baş prokuror bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərliliyinin daha da artırılmasının vacibliyini xüsusilə qeyd edib.
Müşavirədə məruzə ilə çıxış edən baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarənin cari ilin 9 ayı ərzindəki fəaliyyətini təhlil edərək bildirib ki, hesabat dövründə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin əksəriyyəti nəqliyyat, tikinti və bank sektoru sahələrini əhatə edib. 224 şəxs barəsində açılan həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israfetmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Müşavirədə dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müvafiq işçi qrupların yaradılması, eyni zamanda, müxtəlif sahələrdə mütəşəkkil və sistemli xarakter almış korrupsiya cinayətləri törətməkdə olan cinayətkar şəbəkələrin ifşa edilməklə üzvlərinin məsuliyyətə cəlb edilməsi barədə qanunla nəzərdə tutulmuş cinayət təqibi tədbirlərinin qısa müddət ərzində həyata keçirilməsi qərara alınıb.
Göründüyü kimi, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin tərkib hissəsini təşkil edir və dünyanın nüfuzlu beynəlxalq təşkilatları da bu sahədə ölkəmizdə görülən işləri, həyata keçirilən islahatları müsbət qiymətləndirir və təqdir edirlər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

