Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyasının mənzil qərargahında partiyanın 700 mininci üzvlük vəsiqəsinin təqdim olunması mərasimi keçirilib

Yeni Azərbaycan Partiyasının mənzil qərargahında partiyanın 700 mininci üzvlük vəsiqəsinin təqdim olunması mərasimi keçirilib

07.05.2016 [09:13]

700 mininci vəsiqənin sahibi Azərbaycan Tibb Universitetinin 4-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Xatın Fərhad qızı Məmmədovadır

 

Əli Əhmədov: Partiyamızın yeni üzvlərinin sırasında gənclərin sayı daha çoxdur. Bu da bizi sevindirir, çünki YAP-ın sıralarında gəncləşmə gedir. Bu fakt partiyamızın parlaq gələcəyindən xəbər verir

 

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mənzil qərargahında partiyanın 700 mininci üzvlük vəsiqəsinin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bu mərasimin partiyanın həyatında əlamətdar bir gün olduğunu bildirib. Bu əlamətdar hadisənin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsinə təsadüf etdiyini deyən Əli Əhmədov qeyd edib ki, partiyamızın yaradıcısı Heydər Əliyevin doğum gününü təkcə YAP deyil, bütün Azərbaycan xalqı hər il böyük təntənə ilə qeyd edir. Bu tədbirlər çərçivəsində müxtəlif aksiyalar keçirilir. O cümlədən YAP Heydər Əliyevin doğum gününün qeyd olunması məqsədilə bir sıra silsilə tədbirlər keçirir və bu tədbirlər hazırda da davam edir. “Amma bu günün özəlliyi ondan ibarətdir ki, YAP-ın 700 mininci üzvlük vəsiqəsi təqdim olunur. Bu, ondan xəbər verir ki, YAP-ın sıraları kifayət qədər genişdir. Bu gün YAP-ın 672 mindən çox üzvü var, 700 mininci vəsiqəni isə bu gün təqdim edirik. Ümumiyyətlə, partiyamız sürətlə öz sıralarını artırır. Təbii ki, bu, ölkə vətəndaşlarının Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük hörmət və ehtiramının ifadəsidir. Xüsusilə vurğulamaq istəyirəm ki, YAP sıralarında gənclərin sayı artmaqdadır. Hər il orta hesabla 25 min yeni üzv partiya sıralarına qəbul olunur. Yeni üzvlərin sırasında gənclərin sayı daha çoxdur. Bu da bizi sevindirir, çünki YAP-ın sıralarında gəncləşmə gedir. Bu fakt partiyamızın parlaq gələcəyindən xəbər verir”, - deyən YAP Sədrinin müavini gənclərin YAP-ın sıralarına qoşulmaq istəklərini təbii hesab etdiyini söyləyib. Əli Əhmədov bildirib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin reallaşmasında gənclərimiz yaxından iştirak edirlər.
“Tələbə gənclərimiz müasir biliklərə yiyələnmələri ilə gələcək Azərbaycanın quruculuğunda iştirak etməyə özlərini hazırlayırlar. Eyni zamanda, Prezident İlham Əliyev kadr siyasətində gənclərə üstünlük verir. Dövlət strukturlarına təyinatlarda kifayət qədər gənclər var və bu da Prezident tərəfindən gənclərə olan etimaddır. Bütövlükdə, Azərbaycan gəncləri YAP-da özlərinin inkişafı üçün çox əlverişli mühit olduğunu dərk edirlər. Hesab edirlər ki, YAP elə bir meydandır ki, bu meydan vasitəsilə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə daha fəal iştirak etmək mümkündür. Gənclər həm də bu qərarı verməklə ölkənin siyasi həyatında iştirak etmək niyyətlərini ortaya qoyurlar. Bilirsiniz ki, Milli Məclisdə, bələdiyyələrdə YAP-ın təmsilçiləri üstünlük təşkil edir. Bütün bunlar gənclərimiz üçün YAP sıralarında öz bacarıqlarını nümayiş etdirmək imkanlarının yarandığından xəbər verir. Gənclərin bu seçiminin kökündə dayanan daha vacib bir səbəb Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə olan inamdır. Heydər Əliyev ideyalarına sadiq olan gənclərimiz Prezident İlham Əliyevin siyasətinə də böyük inamla yanaşırlar. Bütün bunlar gənclərin partiyamıza üzv olmalarını şərtləndirir. Bunun sayəsində də partiyamızın sıralarının böyük dinamika ilə gəncləşdiyinin şahidi oluruq. Tələbə gənclər və digər yaş qrupundan olan gənclər YAP-ın sıralarında, bir tərəfdən, partiyamızın gücünün artmasına öz töhfələrini verirlər, digər tərəfdən isə, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmək imkanı qazanırlar. Onlar həm partiyaya xidmət göstərirlər, həm ölkə Prezidentinin siyasətinin həyata keçirilməsinə dəstək göstərirlər. Təbii ki, gənclər YAP-a üzv olmaqda yanılmırlar, əksinə, həyatlarında atdıqları düzgün addımlardan biri də partiyamızın sıralarına qoşulmalarıdır”, - deyə YAP-ın İcra katibi vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, YAP-ın gücünün və qüdrətinin artması bütövlükdə Azərbaycanın gücünün və qüdrətinin artmasının ifadəsidir: “Təbii ki, partiyamız nə qədər güclü və qüdrətli olacaqsa, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai dəstək də o qədər əzəmətli olacaq. Bu gün Prezident İlham Əliyevin Azərbaycanda kifayət qədər yüksək nüfuzu və reytinqi var. Şübhəsiz ki, Prezident İlham Əliyevin yüksək reytinqi Onun rəhbərlik etdiyi partiyanın siyasi nüfuzunun və çəkisinin artmasına bilavasitə təsir göstərir. Biz hesab edirik ki, YAP uzun illər Azərbaycanın inkişafına xidmət göstərəcək və partiyamızın sıralarında gənclərimizin sayı bundan sonra da artmaqda davam edəcək”.
Əli Əhmədov bildirib ki, YAP-ın 700 mininci üzvlük vəsiqəsi Azərbaycan Tibb Universitetinin 4-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Xatın Fərhad qızı Məmmədovaya təqdim olunur: “Biz sevinirik ki, partiyanın 700 mininci vəsiqəsi belə bir gəncə verilir. O, 690 bal toplayaraq ali məktəbə qəbul olub və Prezident təqaüdünə layiq görülüb. Mən inanıram ki, Xatın Məmmədovanı təkcə təhsilində deyil, təhsildən sonrakı həyatında da nailiyyətlər gözləyir. Onun gələcəkdə ölkənin ictimai-siyasi həyatında da uğurlar qazanacağına inanırıq”.
Üzvlük vəsiqəsini Xatın Məmmədovaya təqdim edən YAP Sədrinin müavini ona təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmçinin Əli Əhmədov YAP-ın 700 mininci üzvlük vəsiqəsinin sahibinə planşet hədiyyə edib.
Öz növbəsində, X.Məmmədova çıxış edərək YAP-ın 700 mininci üzvlük vəsiqəsinin sahibi olmasından qürur duyduğunu bildirib. Gənclərin inkişafı üçün yüksək şərait yaradıldığına görə partiya rəhbərliyinə təşəkkür edən X.Məmmədova YAP üzvü olmağın həmçinin böyük məsuliyyət olduğunu deyib: “Mən öz bilik və bacarığımı ölkəmizin inkişafı üçün sərf edəcəm. Bunun üçün dövlətimiz tərəfindən gənclərə bütün imkanlar yaradılıb”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30