Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İyul görüşü müharibəni bitirə bilərmi?

İyul görüşü müharibəni bitirə bilərmi?

31.07.2026 [10:04]

Zelenski Donald Trampla görüşünün nəticələrindən məmnun görünür

Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinin dalana dirəndiyi bir vaxtda Volodimir Zelenskinin ABŞ-a səfəri ölkəsinə dəstək baxımından növbəti addım hesab olunur. Son zamanlar Vaşinqtondan Rusiya ilə bağlı pozitiv açıqlamaların olmaması da vəziyyətin bir qədər dəyişdiyini deməyə əsas verir.

Zelenski Kiyevin qələbə qazanacağına ABŞ-ı inandırıb?

Donald Trampla Volodimir Zelenskinin görüşü ərəfəsində adı açıqlanmayan ABŞ rəsmisi bildirmişdi ki, Vaşinqton Ukraynadakı münaqişəyə son qoymağın vaxtının çatdığını hesab edir. Zelenski isə iyulun 28-də Prezident Trampla görüşünün yaxşı keçdiyini deyib. Onun sözlərinə görə, görüşdə birgə sülh səyləri, “Patriot” sistemlərinin istehsalı üçün lisenziyalar və digər məsələlər müzakirə edilib. Ukrayna lideri Donald Trampın Kiyevə “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsalına lisenziya verilməsinə razılıq verdiyini bildirib. Zelenski “Fox News” telekanalına müsahibəsində deyib ki, iyulun 28-də Vaşinqtonda Donald Trampla keçirilən qapalı görüş zamanı bu məsələ müzakirə olunub və ABŞ Prezidenti lisenziyanın verilməsinə razılıq ifadə edib. Zelenski əlavə edib ki, o, ABŞ hərbi sənaye şirkətlərinin nümayəndələri ilə də görüşüb və raketlərin birgə istehsalına ümid etdiyini bildirib.

Xatırladaq ki, Tramp iyulun 8-də Türkiyədə keçirilən NATO sammiti çərçivəsində Zelenski ilə görüşündə Vaşinqtonun “Patriot” sistemlərinin istehsalı üzrə lisenziyanı Ukraynaya verməyə hazır olduğunu bildirmişdi. Hazırda Kiyev bu məsələnin tezliklə reallaşacağına ümid bəsləyir.

ABŞ Prezidenti Donald Tramp da Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün çox yaxşı keçdiyini deyib. ABŞ lideri jurnalistlərə açıqlaması zamanı bildirib ki, Zelenskidən müharibəyə son qoymasını istəyib: “Mən Prezident Putinlə də, Prezident Zelenski ilə də yaxşı yola gedirəm. Ona dedim ki, müharibəyə son qoymaq istəyirəm. Müharibəyə son qoymaq lazımdır”.

“Politico” nəşri isə yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin müharibədə qələbə qazana biləcəyinə ABŞ-ı inandıra bilib. Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Zelenski Vaşinqtonu yüksək əhvali-ruhiyyədə tərk edib. ABŞ Senatının Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini təsdiqləməsi də Ukrayna tərəfi üçün əlavə uğur olub.

Moskva Vaşinqtona “Ankoric razılaşmaları”nı xatırladır

ABŞ-ın Ukraynaya dəstək mesajlarının artdığı bir şəraitdə rəsmi Moskva Vaşinqtona “Ankoric razılaşmaları”nı xatırladıb.  Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya heç vaxt Ukrayna böhranının siyasi və diplomatik həllindən imtina etməyib və əvvəlki kimi sülh danışıqlarına hazırdır.  “Öz tərəfimizdən, biz Ukrayna böhranının siyasi və diplomatik həllinə hazır olduğumuzu təsdiqləyirik, biz bundan heç vaxt imtina etməmişik, lakin o cümlədən Alyaskada əldə edilən qarşılıqlı anlaşmalar əsasında”, - deyən diplomat əlavə edib ki, Moskva Vaşinqtonu yeni ideyalar irəli sürməzdən əvvəl “Ankoric razılaşmaları” ilə bağlı vəziyyətə aydınlıq gətirməyə çağırır. Onun sözlərinə görə, Rusiya həmçinin Ukraynadakı münaqişənin diplomatik həlli üçün yeni təklifləri və ideyaları nəzərdən keçirməyə hazırdır: “Nəzərdən keçirməyə hazır olacağımız mümkün müzakirələrə, təkliflərə və ideyalara hazır olduğumuzu yenidən təsdiqləyirik. Bundan heç kim imtina etməyib”.

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının son iclasında da Rusiya-Ukrayna müharibəsi diqqət mərkəzində olub. İclasda çıxış edən BMT-nin Siyasi məsələlər departamentinin rəhbəri Kayoko Qoto bildirib ki, iyulun əvvəlindən bəri Rusiyanın Ukraynaya hava hücumları nəticəsində 170-dən çox mülki şəxs həlak olub, daha 1028 nəfər yaralanıb, hərbi əməliyyatların şiddətlənməsi isə qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir. Onun sözlərinə görə, yaşayış binaları, uşaq meydançaları, yanacaqdoldurma stansiyaları, bazarlar və logistika anbarlarına zərbələr endirilir, Kiyev daim atəşə tutulur. Təkcə iyul ayında Ukrayna paytaxtında ən azı 56 mülki şəxs həlak olub, 232 nəfər yaralanıb.

Qarşılıqlı hücumlar mülki insanların ölümünə səbəb olur

Diplomat, həmçinin Donetsk, Xarkov, Sumı, Xerson, Dnepropetrovsk və Zaporojye vilayətlərinin cəbhə bölgələrinə idarə olunan bombalardan istifadə edərək gündəlik hücumlara diqqət çəkib: “Ümumilikdə, müharibə başlayandan bəri 803 uşaq da daxil olmaqla 16 min 141 mülki şəxsin ölümü, 2960 uşaq da daxil olmaqla 48 min 613 nəfərin yaralandığı təsdiqlənib”. K.Qoto Ukraynanın digər bölgələrində mülki şəxslər arasında qurbanlardan da bəhs edib. “Bu hücumlar qəbuledilməzdir, əsassızdır və dərhal dayandırılmalıdır. BMT bu cür hücumları harada baş verməsindən asılı olmayaraq daim və birmənalı şəkildə pisləyir”, - deyə BMT Departamentinin rəhbəri vurğulayıb. Onun fikrincə, Rusiyanın Qara dəniz limanlarına və ticarət gəmilərinə yeni hücum dalğası qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Odessa, Çernomorsk, Yujnı, İzmail və Nikolaev limanları sistematik hücumlara məruz qalır, bu ay isə mülki gəmilərə 6-dan çox hücum qeydə alınıb ki, nəticədə 44 heyət üzvü ölüb və ya yaralanıb.

BMT-nin Ticarət və İnkişaf Konfransının məlumatları göstərir ki, ayın əvvəlindən bəri qlobal buğda qiymətləri 20 faiz artaraq 2024-cü ilin mart ayından bəri ən yüksək səviyyəyə çatıb. K.Qoto, həmçinin Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyətdən narahatlığını ifadə edib. O xatırladıb ki, iyulun 15-də MAQATE müharibənin əvvəlindən bəri stansiyanın xarici enerji təchizatının 22-ci dəfə tam itirilməsini bildirib, təkcə son üç ayda isə 10 belə hadisə baş verib. BMT nümayəndəsi tərəfləri diplomatik səyləri bərpa etməyə çağırıb: “Bu təhlükəli eskalasiya spiralının davam etməsinə imkan verməməliyik. Bütün iştirak edən tərəfləri de-eskalasiyaya və dərhal, tam və qeyd-şərtsiz atəşkəsə nail olmağa yönəlmiş dialoqu və hərtərəfli danışıqları bərpa etməyə çağırırıq”.

Lakin mülki şəxslərin ölümü yalnız Ukraynada baş vermir. Ukrayna ordusunun hücumları nəticəsində Rusiya ərazisində də çoxlu sayda mülki insanlar və infrastrukturlar zərər görür. Rusiya Müdafiə Nazirliyinin iyulun 30-da açıqladığı məlumata görə, gecə ərzində Ukraynanın 258 pilotsuz uçuş aparatı məhv edilib. Dronlar Volqoqrad, Penza, Rostov və Tambov vilayətləri, Adıgey Respublikası, eləcə də Azov və Qara dənizlər üzərində zərərsizləşdirilib. Penza vilayətinin qubernatoru Oleq Melniçenko bildirib ki, “Wildberries” anbarına dron hücumu nəticəsində 1 nəfər xəsarət alıb, 200-dən çox insan təxliyə edilib. Logistika kompleksində yanğın baş verib və təcili yardım bölmələri onu söndürməyə başlayıb.

Penza meri Oleq Denisov yanğından çıxan tüstünün şəhərə yayıla biləcəyi barədə xəbərdarlıq edib və sakinlərə pəncərələrini bağlamağı, açıq havada az vaxt keçirməyi, ev heyvanları ilə gəzintiləri məhdudlaşdırmağı tövsiyə edib. “Wildberries” şirkətinin mətbuat xidməti isə bildirib ki, dron hücumu şirkətin Sarapulda (Udmurtiya) yerləşən logistika obyektində də yanğına səbəb olub. İlkin məlumatlara görə, tələfat yoxdur. Bundan əlavə, Krasnodar diyarının əməliyyat qərargahı bildirib ki, dron qalıqları düşdükdən sonra Temryuk rayonunun Volna kəndindəki müəssisədə yanğın baş verib, 4 nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə zərbələri zamanı isə 4 nəfər ölüb, 46 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olanlar da var.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31