/ / Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09.04.2020 [10:53]
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Dünya ölkələrində yeni növ koronavirus infeksiyası - COVİD 19-un sürətlə yayılaraq pik həddə çatması günümüzün acı reallığına çevrilib. Təəssüflər olsun ki, ayrı-ayrı regionlarda və bütövlükdə dünya miqyasında dinamika artan xətt üzrə özünü göstərir, ümumi mənzərə qənaətbəxş deyil. Ölkələr bütün zəruri resurslarını səfərbər etməklə bu təhdidlə mübarizə aparır, vəziyyətin daha acınacaqlı olmaması üçün mövcud imkanlardan maksimum istifadə edirlər.
Ölkəmizdə koronavirusun yayılmasınının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir
Eyni zamanda, ölkəmizdə də yeni növ koronavirus infeksiyasının yayılmasınının qarşısının alınması istiqamətində mühüm addımlar atılır. Belə ki, Prezident İlham Əliyevin müvafiq göstərişləri və tapşırığı əsasında bütün mümkün önləyici və operativ tədbirlər həyata keçirilir. Şübhəsiz ki, başlıca məqsədlərdən biri hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Bunlarla yanaşı, əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər davam etdirilir, Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışı zamanı xəstəxananın kollektivi ilə görüşdə bu məqamlara toxunaraq deyib: "...Koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir. Hesab edirəm ki, qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik".
Göründüyü kimi, Azərbaycan dövləti tərəfindən sözügedən istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər əhalinin sağlamlığının qorunmasına, xalqımızım təhlükəsizliyinə xidmət edir. Məqsəd bu qlobal sınaqdan minimum itkilərlə çıxmaq və vətəndaşların təhlükəsizliyinin etibarlı təmin olunmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi: "Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq".
Beləliklə, dünyanı cənginə almış yeni növ koronavirusun infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sağlamlığını daim diqqət mərkəzində saxladığını, həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyini dayandığını bir daha təsdiq edir. Dövlət başçısının qeyd etdiyi kimi: "...Karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik".
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
Koronavirusun ölkə ərazisində geniş yayılmasına qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə də olduqca yüksək qiymətləndirilir. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər ölkələrin liderlərinə səmimi məktub ünvanlayıb. Sözügedən məktubda da vurğulandığı kimi, ÜST-nin Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir.
Ümumiyyətlə, Tedros Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək bir sıra fundamental addımların atılmasını xahiş edir. Bu addımlar sırasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, ictimai toplantıların dayandırılması, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması, səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi, əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması, əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi, bütün şübhəlilərin təcrid olunması, pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer alır.
Yeri gəlmişkən, məktubda təklif edilən addımların artıq uzun müddətdir ki, Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Bu mənada, Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər.
Beləliklə, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün geniş maarifləndirmə işi aparılıb, quru sərhədləri bağlanıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub. Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. Ölkə üzrə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib. Eyni zamanda, COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə dövlətimizin başçısının Sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən ÜST ilə əməkdaşlıq edib və onun ekspertlərini səfərə dəvət edib. Missiyanın hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Digər tərəfdən, Azərbaycan koronavirusa qarşı qlobal mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırıb.
Yeri gəlmişkən, BMT-nin ölkəmizdəki İdarə Heyəti COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edir, həmçinin xüsusi karantin rejiminin tətbiqi barədə çağırışını və addımlarını dəstəkləyir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda Azərbaycan hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyi də xüsusilə qeyd edilib: "Əlbəttə, gündəmdəki əsas məsələ ölkə daxilində pandemiya ilə mübarizədir. Evdə qalmaq, sosial məsafəni qorumaq, tez-tez əlləri yumaqla gigiyena qaydalarına riayət etmək, eləcə də hərarət və uzun müddət davam edən quru öskürək də daxil olmaqla qripə bənzər simptomların olduğu təqdirdə 103/113 “qaynar xətt”inə məlumat verməklə özümüzü, ailələrimizi və ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardır. Səhiyyə, ictimai məlumatlandırma, təhsilin davam etdirilməsi və ən həssas insanlar üçün sosial rifahın dəstəklənməsinə dair texniki məsləhəti, habelə həyati əhəmiyyətli tibbi və digər ləvazimatların alınmasında köməyi ilə BMT COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır və COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını alqışlayır”.
Bəyanatda o da vurğulanıb ki, BMT-nin ölkəmizdəki nümayəndəliyi yoluxma hallarının erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə təmaslarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırdır. “Əksəriyyəti Azərbaycan vətəndaşı olmaqla, BMT-nin Azərbaycan nümayəndəliyində çalışan hər kəs bu dönəmdə bizdən böyük fədakarlığın tələb olunduğunu qəbul edir. Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik”, - deyə bəyanatda qeyd olunub.
Azərbaycan koronavirus infeksiyası ilə əlaqədar aparılan müayinələrin sayına görə dünya miqyasında liderlər sırasında yer alır
O da qeyd edilməlidir ki, Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, koronavirus pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onarın kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Respublikasında həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib. Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib. Aprelin 7-nə olan məlumata əsasən, ölkədə COVID-19-la bağlı 53 300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir. Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasnın artması müşahidə ediləcək.
Bütün bunlar Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir
Hər bir şəxs vətəndaş məsuliyyəti nümayiş etdirməlidir
O da xüsusi olaraq qeyd edilməlidir ki, belə bir çətin mərhələ və mürəkkəb şəraitdə milli həmrəylik və ictimai məsuliyyət strateji əhəmiyyətə malik faktor kimi çıxış edir. Çünki yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də sosial izolyasiya qaydaları və digər tədbirlər xalqın təhlükəsizliyinin qorunması üçündür. Bu səbəbdən fərd və cəmiyyət olaraq məsələyə ciddi yanaşmalı, əhalinin sağlamlığını diqqət mərkəzində saxlayan hökumətin müəyyənləşdirdiyi qaydalara riayət etməklə mövcud tələb, tövsiyə və çağırışları mütləq surətdə nəzərə almalıyıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik".
Bütövlükdə, bu prosesdə toplumun fərdlərinin müəyyən olunmuş qaydalara nə qədər və necə əməl etməsi çox önəmlidir. Bu, məhz sosial immunitetin gücləndirilməsi və bəhs olunan qlobal sınaqdan ciddi itkilərə məruz qalmadan çıxmaq baxımından olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu məqamlara toxunaraq "Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq",-deyə vurğulayıb. Şübhəsiz ki, Azərbaycan xalqı yüksək həmrəylik şəraitində və dövlətin diqqəti, dəstəyi, həyata keçirilən zəruri, təxirəsalınmaz tədbirlər sayəsində bu qlobal çağırışın öhdəsindən gələcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

