Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda "dəyirmi masa" keçirilib

Bakıda "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda "dəyirmi masa" keçirilib

29.10.2010 [09:15]

Əli Həsənov: Azərbaycan ilə Rusiya arasında əlaqələr bütün  sahələrdə inkişaf etməklə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Dünən Bakıda “Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Rusiyanın Avrasiya Tədqiqatları İnstitutunun təşkil etdiyi tədbirdə Azərbaycanın və Rusiyanın dövlət rəsmiləri, parlament üzvləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Avrasiya Tədqiqatları İnstitutunun İnkişaf Fondunun  rəhbəri Valeri Tursunov “dəyirmi masa”nı açaraq Azərbaycan-Rusiya əlaqələrindən, tədbirin əhəmiyətindən danışıb. O, deyib ki, bu cür tədbirlər təkcə dövlətlərimizin deyil, vətəndaş cəmiyyətləri institutlarının arasında da münasibətlərin genişlənməsinə xidmət edir.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək deyib ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr bütün  sahələrdə inkişaf etməklə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əməkdaşlığımız təkcə dövlət strukturları arasında keçirilmiş tədbirlərlə məhdudlaşmayıb, əksinə daha geniş miqyas alaraq qeyri-hökumət təşkilatlarını və digər vətəndaş cəmiyyəti institutlarını əhatə edib. Bugünkü tədbirin adı da təsadüfi seçilməyib. Ona görə ki, istər dövlətlər, istərsə də ictmai təşkilatlar arasında əlaqələrin inkişafında parlamentlər mühüm rol oynayır.
Avrasiya Tədqiqatları İnstitutunun təşəbbüsü ilə bir çox tədbirlər, o cümlədən də, bu yaxınlarda Bakıda Azərbaycanın və Rusiyanın regionları arasında münasibətlərə həsr olunmuş konfrans keçirilib. Bu tədbirlərin dövlət tərəfindən deyil, qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunması bir daha onu göstərir ki, Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət bütün sahələrədə əməkdaşlığımızın inkişafına, xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir.
Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışan Ə.Həsənov qeyd edib ki, dövlət başçıları səviyyəsində aparılmış danışıqlar, imzalanmış çoxsaylı sənədlər qarşımızda daha geniş imkanlar açıb.
Oktyabrın 27-də Həştərxan şəhərində Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib. Bu formatda son illərdə bir neçə belə görüş təşkil olunub. Düşünürük ki, bu cür görüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verir və bundan sonra da verəcək.
Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan parlamentinin tarixi, parlamentarizm ənənələri, Milli Məclisin fəaliyyəti barədə də danışıb və bildirib ki, ölkəmizdə demokratikləşmə prosesində parlament  mühüm rol oynayır.
Ə.Həsənov bugünkü görüşün münasibətlərimizin gələcək inkişafına töhfə verəcəyinə inandığını vurğulayıb və bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov tədbirin təşkilinə, onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, bu tədbirdə müzakirəyə çıxarılacaq məsələlərin son dərəcə aktual olduğunu bildirib.
O, deyib ki, Federal Məclis və Milli Məclis hər iki ölkə hakimiyyətini layiqli şəkildə təcəssüm etdirir və parlamentlərarası əlaqələr münasibətlərin bütün sahələrində önəmli rol oynayır.
Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın müxtəlif səviyyələrdə intensiv dialoqla müşayiət olunduğunu vurğulayan S.Vinokurov deyib ki, parlamentlərin və vətəndaş cəmiyyəti institutlarının da bu kursu davam etdirmələri vacibdir.
S.Vinokurov iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını əməkdaşlığın əsas istiqaməti hesab edib. Onun sözlərinə görə, Rusiya son illər Azərbaycanın iqtisadi tərəfdaşları arasında əsas yer tutur.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirin əhəmiyyətindən danışıb.
“Dəyirmi masa”nın Azərbaycan tərəfdən aparıcısı, akademik Ziyad Səmədzadə bildirib ki, ölkədə inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılması hər bir dövlətin hakimiyyəti qarşısında duran başlıca vəzifədir. Azərbaycan demokratik dövlət kimi inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılmasını özünün prioriteti hesab edir.
Rusiya tərəfindən aparıcı Dövlət Dumasının Konstitusiya qanunverciliyi və dövlət quruculuğu komitəsinin sədri Vladimir Pligin deyib ki, bu cür tədbirlər hər iki tərəf üçün yeni perspektivlər açır.
Sonra “Azərbaycanda və Rusiyada vətəndaş cəmiyyətinin inkişafının müasir mərhələsində parlamentin rolu və vəzifələri”, “Azərbaycan və Rusiya dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin rolu” və “Hakimiyyətin bütün qanadlarının və QHT-lərin səylərinin birləşməsi - Azərbaycan və Rusiya vətəndaş cəmiyyətlərinin inkişafının təminatçısıdır” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
çıxış edən natiqlər Azərbaycanın və Rusiyanın ayrı-ayrı regionları, vətəndaş cəmiyyəti institutları arasında birbaşa əlaqələrin qurulmasının, deputatların beynəlxalq tədbirlərdə eyni mövqedən çıxış etmələrinin, gənclər forumunun, dialoqunun təşkilinin, hər iki ölkənin QHT-ləri arasında daimi fəaliyyət göstərən QHT Forumunun yaradılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, Rusiya və Azərbaycan parlamentləri vətəndaşların sosial həyatının bir çox sahələrində uğurlu iş aparmalıdırlar. Bu məqsədə nail olmaq üçün, ilk növbədə, sosialyönümlü layihələr hazırlanmalıdır.
Tədbirin sonunda bəyannamə qəbul olunub.
Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30