Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərəzli hesabat...

Qərəzli hesabat...

03.09.2022 [10:32]

Onu hazırlayanlar ifşa edilməlidir

BMT İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi hansı “fakta” istinad edir?

BMT-nin İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin növbəti sessiyasında iştirakçı dövlətləri nəzərdən keçirdikdən sonra Azərbaycan, Benin, Nikaraqua, Slovakiya, Surinam, ABŞ və Zimbabve ilə bağlı nəticələr dərc edilib.

Təəssüf ki, ölkəmizlə bağlı yenidən fərqli standartlara söykənən mövqe nümayiş olunub, qərəzli və yalan informasiyalara istinad edilib. Belə ki, komitə 2020-ci ildə, eləcə də sonrakı illərdə Qarabağda və onun ətrafında baş vermiş hərbi əməliyyatlar fonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi əsirlərə və erməni etnik və ya himayə olunan milli mənşəli digər şəxslərə qarşı insan hüquqlarının kobud şəkildə pozulması barədə “məlumatlardan” dərin narahatlığını ifadə edib. Sənəddə deyilir ki, komitə habelə erməni mədəni irsinin, o cümlədən kilsələrin, abidələrin, görməli yerlərin və qəbiristanlıqların dağıdılması ilə bağlı xəbərlərdən məyus olub. O, iştirakçı dövlətə bütün insan hüquqlarının pozuntuları ilə bağlı hərtərəfli və qərəzsiz araşdırma aparmağı və hesabatlılığın təmin edilməsi və cəzasızlığa son qoyulması üçün səylərini gücləndirməyi tövsiyə edib.

XİN cavab verdi...

Ölkəmizə qarşı edilən bu haqsızlığa qarşı rəsmi cavab verilib. Bununla bağlı XİN-in bəyanatında göstərilir ki, Azərbaycan Respublikası Hökuməti İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya (CERD) üzrə Komitənin bu yaxınlarda keçirilən sessiyasında iştirak etməkdən və konvensiyaya uyğun olaraq onuncu - on ikinci dövri hesabatlarını komitəyə təqdim etməkdən məmnunluq duyur. Azərbaycan çoxsaylı müxtəlif etnik, mədəni və dini qruplardan ibarət bir ölkə kimi onunla eyni multikultural dəyərləri təşviq edən CERD çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə tam sadiqdir. Bəyanatda göstərilir ki, Komitənin Azərbaycanın hesabatları ilə bağlı son yekun müşahidələrində qeyd edildiyi kimi, Azərbaycan CERD-in irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı məqsədinə çatmaq üçün müsbət addımlar atıb. Məsələn, 2017-ci ildən Azərbaycanda qaçqınların və vətəndaşlığı olmayan şəxslərin, eləcə də hər irqdən, etnik mənsubiyyətdən olan uşaqların hüquqlarını təmin etmək üçün Azərbaycan bir sıra hüquqi və siyasi tədbirlər həyata keçirib. 2018-ci ildə Azərbaycanda ədliyyə sisteminin inkişafı üzrə Dövlət Proqramı qəbul edilib və onun məqsədi tərəfdaş ölkələrlə təlimlər və mübadilələrin həyata keçirilməsi də daxil olmaqla, məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətini artırmaqdır. Azərbaycan, həmçinin komitənin bəzi tövsiyələrini özündə əks etdirən “İrqi ayrı-seçkiliyin qarşısının alınması və ləğv edilməsi haqqında” qanun layihəsini qəbul etməklə, ayrı-seçkiliyə qarşı öz daxili qanunvericiliyini daha da gücləndirməyə çalışır.

CERD Komitəsi, həmçinin Azərbaycanın irqi ədavətin qızışdırılmasına qarşı mövcud qanunlarını gücləndirmək üçün atdığı addımları, xüsusilə də Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklikləri vurğulayıb. CERD Komitəsi xüsusilə qeyd edib ki, bu düzəlişlər etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına görə daha sərt cəzalar tətbiq edir və zorakılıq və dini ekstremizmi təbliğ edən bu cür amillərin və məlumatların internet və sosial mediada yayılmasını qadağan edir.

Azərbaycan, həmçinin CERD-in pozuntularına görə məsuliyyətin təmin edilməsi, o cümlədən mümkün pozuntularla bağlı cinayət təhqiqatının başlanması və bunun üçün kifayət qədər əsas olduqda ehtimal olunan təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün birgə səy göstərmişdir. Bundan əlavə, Azərbaycan CERD tərəfindən qorunan əsas dəyərlərə sadiqdir və hər hansı milli və ya etnik qrupa qarşı nifrət və ya zorakılığı təşviq edən bəyanat və ya hərəkətləri qəbul etmir.

Bəyanatda o da vurğulanır ki, Azərbaycan, etnik, dini və ya mənsubiyyətindən asılı olmayaraq, müvafiq qanunlar və Konstitusiya ilə müəyyən edildiyi kimi ayrı-seçkiliyə yol verilmədən, o cümlədən azad edilmiş ərazilərdə mədəni, dini və tarixi irsin qorunmasında beynəlxalq standartlara riayət etməklə, mədəni irsin qorunmasına sadiqdir. Azərbaycanın komitəyə tövsiyə etdiyi kimi, Azərbaycan irs obyektlərinə girişlə bağlı yeni təhlükəsizlik tədbirləri həyata keçirib, obyektlərin vəziyyətinə mütəmadi olaraq nəzarət edir və tikinti briqadalarına yenidənqurma işləri zamanı ərazilərə ziyan vurma riskini minimuma endirmək üçün prosedurlar barədə təlimatlar verib. Azərbaycan bu yerlərin mühafizəsi üçün göstərdiyi səylərin YUNESKO-nun texniki missiyası tərəfindən müstəqil nəzarətin təşkil edilməsinin önəmliliyi ilə komitənin razılaşdığını görməkdən xüsusilə məmnun qalıb. Azərbaycan 2005-ci ildən əvvəl açıq şəkildə belə bir missiyaya çağırış edib və missiyanın mümkün qədər tez həyata keçirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Azərbaycan 2022-ci ilin may ayında çoxsaylı konfessiyaların dini obyektlərinin qorunması üzrə səyləri yüksək qiymətləndirən İSESKO-nun oxşar missiyalarını alqışlayıb: “Yüz minlərlə məcburi köçkünün işğaldan azad edilmiş ərazilərə qayıtmasını həyata keçirməklə Azərbaycan işğaldan əvvəl regionda məskunlaşmış çoxmillətli və müxtəlif icmaların yenidən formalaşmasına da sadiqdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin aprelində səsləndirdiyi - “Azərbaycan və burada yaşayan bütün etnik qruplar, o cümlədən ermənilər sülh və ləyaqət içində yaşayırlar” - bəyanatı ilə ən yüksək səviyyədə təsdiq olunduğu kimi, Azərbaycan etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün açıqdır. Dövlət başçısı bəyanatında təsdiq etdi ki, “Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin olunacaq”“.

Bəyanatda qeyd olunur ki, Azərbaycan CERD Komitəsi ilə konstruktiv dialoqu qiymətləndirir və komitənin fikir və tövsiyələrini müvafiq olaraq nəzərə alır. Azərbaycan irqindən, rəngindən, mənşəyindən, milli və ya etnik kimliyindən asılı olmayaraq öz ərazisində yaşayan hər kəsin hüquq və ləyaqətini bərabər əsasda dəstəkləməyə sadiq qalır, qlobal miqyasda irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması kimi yekun məqsədə nail olmaq üçün fəaliyyətini davam etdirəcək.

Azərbaycan cəmiyyəti üçün bu cür hesabatlar əhəmiyyətsizdir

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, BMT strukturlarında təmsil olunan insanlar arasında kifayət qədər ermənilərin və ermənipərəstlərin mövcudluğu sirr deyil. Elə bu kimi hesabatların hazırlanması ilə məşğul olan, eyni zamanda, onlarla təmasda olan adamların da bir qismi ermənilərdir. İ.Vəlizadənin fikrincə, ermənilər beynəlxalq təsisatlarda şəbəkələşmiş formada təmsil olunurlar və bu kimi insanlar müxtəlif kanallar vasitəsilə yalan informasiyalar ötürürlər. Bu “ötürmələr” hətta ödənişli şərtlərlə aparılır: “Bu səbəbdən də belə hesabatların hazırlanması son nəticədə qərəzli forma alır və anti-Azərbaycan xarakter daşıyır. Həmin təsisatlarda Azərbaycana məxsus mədəni - maddi irs nümunələrinin dağıdılması ilə bağlı minlərlə fakt var ki, onları göz ardı edirlər. Bu, onların qərəzli yanaşmasından xəbər verir”.

Politoloqun fikrincə, sosial şəbəkələrdə, internet kanallarında əsir düşmüş ermənilərin videoçıxışları mövcuddur ki, Azərbaycan onlarla beynəlxalq hüquq çərçivəsində, alicənab formada davranıb. “Təəssüf ki, buna heç kim fikir vermir. Bu kimi hesabatlarda obyektivlik naminə həmin məqamlara istinad belə olunmur. Həmin açıqlamalar belə hesabatlarda yer ala bilməz. Bu isə özlüyündə həmin hesabatların qurama xəbərlər əsasında formalaşdırıldığını deməyə əsas verir. Bu, “hesabatlar” Azərbaycana qarşı istifadə edilməsi üçün müəyyən dairələrin əlində bir vasitədir. Həmin BMT strukturu nə üçün II Qarabağ müharibəsi zamanı Bərdədə, Gəncədə və Azərbaycanın digər yerlərində ermənilərin törətdikləri terror aktlarını, dinc əhalinin bombalanmasını, qətlə yetirməsini niyə hesabata salmır? Bu faktları sadalamaqla bitməz. Necə ola bilər ki, Azərbaycan məscidlərinin dağıdılmasına fikir vermirlər? Hələ I Qarabağ müharibəsi dövründə 100 minlərlə azərbaycanlının evləri dağıdılıb. Bu faktlara baxmırlar, bunlarla bağlı hər hansı bir hesabat verilmir. Belə faktlar, açıq suallar çoxdur. Bütün bunlar yenə də ondan xəbər verir ki, bizim üçün, Azərbaycan cəmiyyəti üçün bu cür hesabatlar və ya nəticələr əhəmiyyətsizdir və bu cür ittihamları qəbul etmirik. Bu qərəzdir”, -deyən İ.Vəlizadə onu da əlavə edib ki, diplomatik vasitələrlə bu kimi qərəzli münasibətə qarşı mövqe ortaya qoyulmalıdır. Bu hesabatı hazırlayanlar ifşa edilməlidir. BMT-nin ayrı-ayrı strukturları ilə bu yöndə işlər aparılmalıdır. Hətta baş katib?ik səviyyəsində məsələ qaldırmaq lazımdır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31