Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyevin 4 qızıl qaydası...

İlham Əliyevin 4 qızıl qaydası...

03.11.2022 [10:28]

Azərbaycanın qələbə formulu

Sınaqlardan uğurla keçir

Mübariz ABDULLAYEV

Dünyada baş verən proseslərin fonunda lider amilinin önəmi daha aydın dərk olunur. Qlobal miqyasda mənzərə heç də ürəkaçan deyil. Müəyyən regionlarda ölkələr münaqişələrə sürükləniblər-yaşayış məntəqələri dağıdılır, dinc insanlar həlak olurlar. Digər regionlarda ayrı-ayrı dövlətlər ərzaq qıtlığı, enerji çatışmazlı və digər neqativlərlə üzləşiblər. Əlbəttə, burada bir sıra obyektiv səbəblər də sadalamaq mümkündür. Ancaq real həyatda, ölkələrin təcrübəsində özünü doğruldan bir həqiqət məqamını da xüsusi qeyd etməliyik. Bu, lider amilinin böyük roludur. Elə liderlər var ki, məhz onların günahı, səbatsızlığı, səriştəsizliyi, populizmi nəticəsində rəhbərlik etdikləri ölkələr siyasi bataqlığa düşür və oradan çıxa bilmirlər. Belə geosiyasi təlatümlər fonunda Azərbaycandakı uzunmüddətli sabitlik, sıx həmrəylik və inkişaf  diqqət çəkir. Ölkəmizin dünyadakı təlatümlər dənizində sabitlik və inkişaf adasına çevrilməsi kimi müstəsna nailiyyətə məhz Liderimizin-Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və fəaliyyətində həmişə əməl etdiyi uğur formulu-dörd qızıl qayda sayəsində nail olunub. Dövlətimizin başçısı 2022-ci ilin yanvarında yerli televiziya kanallarına verdiyi müsahibəsində həmin qızıl qaydaları bir daha xatırladıb. Bunlar

- vaxtı düzgün seçməkdən;

- avantüraya getməməkdən;

- ölkəni risk altına salmamaqdan;

- mümkün dərəcədə maksimum uğura nail olmaqdan ibarətdir.

Təcrübəyə, yüksək idarəçilik kriteriyalarına əsaslanan sağlam məntiqin diqtə etdiyi, bir-birini tamamlayan və nəticəyə hesablanan prinsiplərdir. Dünya Azərbaycan xalqının praqmatik və xarizmatik Liderinin bu qaydaları gözləməklə ölkəsini milli hədəflərə doğru inamla apardığının şahidi olur. Açıq deyək, buna qibtə edənlər də çoxdur. Əlbəttə, Prezident İlham Əliyevin idarəçilik sükanının arxasında olduğu son 19 ildə Azərbaycan çoxlu sayda uğurlara imza atıb. Onların hamısını sadalamağa lüzum görmürük. Yalnız Azərbaycanın gündəliyinin mərkəzində dayanan bir məsələnin həllini tapmasının nümunəsində Prezidentin müəyyənləşdirdiyi uğur formulunun nə qədər həyati və effektiv olduğunu görə bilərik. Bəhs etmək istədiyimiz məsələ ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Prezident İlham Əliyev bu günlərdə Soçidə dünyaya bəyan etdi ki, Qarabağ artıq tarixdir və burada müzakirə olunası bir məsələ yoxdur. Soçidə imzalanan Bəyanatda da Azərbaycan Liderinin verdiyi mesajlar nəzərə alınıb və sənədin mətninə “Dağlıq Qarabağ”, “status” kimi arxaikləşmiş ifadələr salınmayıb.

Bəli, biz Azərbaycanın uğur formulunun saat mexanizmi kimi dəqiq işlədiyini ölkənin ərazi bütövlüyünün təmin olunmasının timsalında bir daha izlədik. Bu məsələ təxminən üç onillik ərzində respublikamızın gündəliyinin əsas prioriteti olmuşdu. Ölkənin hər bir vətəndaşı zorla işğala məruz qalan torpaqlarımızın geri qaytarılması arzusu ilə yaşayıb nəfəs alırdı, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Müxtəlif baxış bucağından dəyərləndirdikdə keçmiş Dağlıq Qarabağ probleminin həlli çox çətin görünürdü. Ayrı-ayrı beynəlxalq təşkilatlar və güc mərkəzləri işğalçı Ermənistana havadarlıq edir, onun başının üstünə çətir tuturdular. İşğalçı Ermənistana loyal münasibət, bu ölkəyə qarşı məcburetmə tədbirlərinin görülməməsi beynəlxalq miqyasda hüququn işləməməsinin, təcavüz faktına münasibətdə ikili standartların tətbiqinin ən bariz nümunələrindən biri idi. Müxtəlif müstəvilərdə İlham Əliyevə təzyiqlər edilirdi ki, Qarabağ problemi gündəlikdən çıxardılsın, işğal məhsulu olan keçmiş status kvo qorunub saxlanılsın. Ölkə daxilində isə ayrı-ayrı qruplar Qarabağ münaqişəsinin həllinin uzanmasını hakimiyyətə qarşı təzyiq vasitəsinə çevirməyə çalışırdılar. Radikallar belə populistcəsinə hay-küy salmaqla sanki Amerika kəşf edirdilər. Halbuki Qarabağ probleminin həllini hamıdan çox İlham Əliyev istəyirdi. Ancaq O, diletantların nə deməsindən asılı olmayaraq praqmatik siyasətçi kimi hər şeyi real qiymətləndirir və ölçüb biçirdi. Prezident nə xaricdən gələn təzyiqlərə, nə də ölkə daxilindəki özlərini müxalifət adlandıran qrupların çabalamalarına məhəl qoymadı. Özünün müəyyənləşdirdiyi və müxtəlif taleyüklü ümummilli məsələlərin həllində sınaqdan çıxartdığı uğur formuluna uyğun davranışlar ortaya qoydu, heç bir halda avantüraya getmədi. Düşmənə əsas həmləni vurmaq, xalqına qalibiyyət sevincini yaşatmaq, həm də ata vəsiyyətini yerinə yetirmək üçün uyğun zamanın gəlməsini gözlədi. Yenə də İlham Əliyevin praqmatikliyi, real və geniş düşüncəsi özünü göstərdi. Böyük məsuliyyətini dərk edən dövlət başçısı ölkəni risk altına atmamaq və hər bir azərbaycanlının istədiyi, arzuladığı maksimum nəticəyə nail olmaq üçün zəruri hazırlıqlar görülməsini təmin etdi. Prezident əziz xalqına üz tutaraq “biz istənilən yolla ölkənin ərazi bütövlüyünü təmin edəcəyik” deyəndə məhz masa arxasında sülh danışıqları ilə paralel şəkildə ölkədə  iqtisadiyyatın gücləndirilməsinə, yeni tələblər səviyyəsində müasir, innovativ ordu quruculuğuna, hərbçi kadrların hazırlanmasına istinad edirdi. Bütün bu hazırlıqlar görülməsə idi, ölkə, xalq risk altında qala bilərdi. Düşmənə qətiyyətli cavab vermək üçün zaman düzgün seçilmişdi. 2020-ci ilin payızında düşmən ölkənin yüksəksəviyyəli rəsmilərinin davranışları və bəyanatları təsdiqləyirdi ki, artıq sülh danışıqlarının limiti tamam tükənib. Həmin sərsəm bəyanatların fonunda danışıqlar masasında əyləşməyin bir mənası qalmamışdı. Eyni zamanda ölkəmizin hazırlıqları Ali Baş Komandanı qane edəcək səviyyədə idi. Müzəffər Liderin gözlədiyi, hazırlaşdığı, xalqımızı, gənclərimizi addım-addım yaxınlaşdırdığı seçim zamanı gəlmişdi. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə bütün keçmiş təmas xətti boyunca qətiyyətli əks-hücum əməliyyatı başladı. Bu həmlə o qədər güclü, yenilməz idi ki, düşmən cəmi 44 gündən sonra kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. İlham Əliyevin təbirincə desək, hər şeyin öz vaxtı var. Bir il qabaq tez idi, bir il sonra isə gecikə bilərdik...

Paylaş:
Baxılıb: 677 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31