Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT-də ikili standartlar...

BMT-də ikili standartlar...

03.11.2022 [10:46]

Təşkilatda islahatların aparılması zəruridir

Nardar BAYRAMLI

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairdə keçirilən  Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı mühüm məsələlərə diqqət yetirdi, önəmli məqamlara toxundu. Bu məqamlardan biri də, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi, təşkilatda mövcud olan ikili standartlarla bağlı idi. Zirvə toplantısında Qoşulmama Hərəkatının Sədri kimi iştirak edən dövlətimizin başçısı çıxışında bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, bu qətnamələr təşkilat tərəfindən icra olunmayıb: “Bu isə bizi başqa bir vacib amilə gətirib çıxarır. Bu da BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi ilə bağlıdır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır”.

Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamları vurğulamaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Ötən dövr ərzində dünyada  baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha  təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edir, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin işlənməsində,  konfliktlərin həllində beynəlxalq hüquq, regional və qlobal təhlükəsizliyin prioritetləri meyar olaraq götürülməli, mövcud münaqişələrin qarşısının alınması və ya daha da alovlanmasının qarşısının alınması üçün çevik mexanizmlər işlənilməlidir. Bu qabaqlayıcı mexanizmlərin işlənməsi beynəlxalq hüquq, regional və qlobal  təhlükəsizlik aspektləri və münaqişələrin  həlli yolları nəzərə alınmaqla müəyyənləşməlidir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 il ərzində yerinə yetirilmədiyi halda bir sıra  münaqişə və böhranlarla bağlı qəbul edilən qətnamələrin icrasında çeviklik müşahidə olundu: “Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar təşkilat tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, bu fakt  Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, 2020-ci ildə hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Azərbaycanın özü tərəfindən icra olunması BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Bununla da, ölkəmiz dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi”.

Millət vəkili qeyd edib ki, artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar: “Sentyabr ayında BMT-nin növbəti sessiyasının açılışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” fikrini bir daha xatırladıb. Hətta ABŞ Prezidenti Cozef Bayden də BMT-də islahatların zəruriliyini etiraf edib. Ona görə də, beynəlxalq birlik bu islahatlara getməlidir. BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur”.

Paylaş:
Baxılıb: 704 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31