Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Molla dronları: duadan PUA-ya qəfil keçidin fəsadları

Molla dronları: duadan PUA-ya qəfil keçidin fəsadları

18.02.2023 [10:40]

İran PUA-ları Ukraynanı bombardman edir

Bu günlərdə Qərb mediasında müzakirə olunan önəmli məsələlərdən biri də İranın pilotsuz təyyarələri ilə bağlıdır.  ABŞ mətbuatı yazır ki, “vəziyyət indiki kimi  davam edərsə”, İran asan əldə olunan ucuz və ölümcül pilotsuz təyyarələr istehsalında dünya lideri ola bilər. ABŞ rəsmilərinin bildirdiyinə görə, Tehran Ukraynadakı müharibədən öz silah texnologiyasının nümayişi üçün vitrin kimi istifadə edir.

ABŞ Müdafiə və Kəşfiyyat Agentliyinin analitikləri İranın Yaxın Şərqin pilotsuz təyyarə istehsalçısından Moskvanın müharibədə ən böyük hərbi dəstəkçisi nə çevrildiyini iddia  edirlər.

ABŞ kəşfiyyatı Yaxın Şərqdəki hərbi əməliyyatlarda istifadə edilən İran pilotsuz təyyarələrinin Ukrayna üzərinə göndərilən pilotsuz təyyarələrlə eyni texnoloji quruluşa malik olması barədə məlumat yayıb. Məlumata görə, İran Rusiyaya üç model pilotsuz uçuş aparatı tədarük edib: Moskvanın qanadlı raketlərə daha ucuz alternativ kimi istifadə etdiyi “Şahid 131”, “Şahid 136” kimi birdəfəlik istifadəyə yararlı kamikadze dronları, bir də kəşfiyyat məlumatlarının toplanması və raket yüklərini daşımaq üçün istifadə olunan çoxməqsədli “Mohajer-6” pilotsuz təyyarələri.

Rusiya dronları alır, lakin istifadə etmir?

“İran Rusiyaya dron satdığını etiraf etsə də, onların Ukrayna müharibəsində istifadə olunmadığını, dronların nə vaxtsa  müharibədə istifadə ediləcəyi təqdirdə buna laqeyd qalmayacaqlarını bildirib”, - deyə ABŞ kəşfiyyat xidmətinin rəsmisi Ukraynada aşkar olunan pilotsuz təyyarənin qalıqlarının görüntülərini təqdim edib. Məlum olub ki, İranın məsuliyyətini öz üzərinə götürdüyü 2022-ci ilin sentyabrında İraqda törədilmiş terror aktında və elə həmin ilin oktyabrında Rusiyanın Kiyevə hücumunda istifadə olunmuş pilotsuz təyyarənin qalıqları eyni texnologiyanın məhsuludur.

Nümunələr eynidir

Kiyevi bombardman edən pilotsuz təyyarənin qalıqları üzərində Rusiya silahlı qüvvələrinə məxsus nişanlar və İraqdakı əməliyyat zamanı istifadə olunan kamikadze təyyarə ilə  eyni komponentlər - fırlanan mühərrik, taxta pərvanə, rele lövhəsi və hətta pərvanənin bərkidilməsi üçün istifadə olunan altıbucaqlı vintlər də aşkar olunub. Amerikalı analitiklər Ukraynada tapılan “Şahid 136”nın qalıqlarını 2014-cü ildə İranın milli aerokosmik sərgisində nümayiş etdirilən eyni halqa dişli, start mühərrikli, işlənmiş qaz və radiatoru göstərən pilotsuz təyyarə mühərrikinin fotoşəkilləri ilə müqayisə ediblər. Analitiklər müxtəlif coğrafi ərazilərdə keçirilmiş əməliyyatlarda istifadə olunan pilotsuz təyyarələrin eyni istehsalatın məhsulu olduğunu təsdiqləyiblər. Onlar İranın Rusiyaya yenidən pilotsuz təyyarələr vermək niyyətində olduğunu da qeyd ediblər. Ekspertlər 2014-cü ildən bəri İranın pilotsuz təyyarələrdən istifadəsinin daha məhdud hücumlardan tutmuş iriçaplı müharibəyə qədər sürətli inkişaf yolu keçdiyini açıqlayıblar.

İran rəsmisi: “Bizdən PUA almaq üçün növbəyə dururlar”

Təhlilçilər hesab edirlər ki, Tehran Ukraynada pilotsuz uçuş aparatlarının inkişaf proqramı üçün sürətlə təcrübə qazanır və dronlarını təkmilləşdirmək üçün praktiki təlim keçir. “İran Xarici İşlər Nazirliyi Ukraynada onların pilotsuz uçuş aparatlarından istifadə olunduğu faktını təkzib edir. ABŞ və Böyük Britaniya isə qlobal auditoriyaya daha ciddi sübutlar təqdim etmək niyyətindədir”, - deyə kəşfiyyat rəsmisi bildirib.

ABŞ-la Böyük Britaniya İranın Rusiyaya pilotsuz təyyarələr tədarükünə görə bu ölkəyə sanksiyalar tətbiq etsə də, beynəlxalq ictimaiyyət arasında bu sanksiyalara daha geniş dəstək axtarılır. İrandan gələn son xəbərlər isə onu göstərir ki, Tehran Çini də nəzərdə tutmaqla öz PUA-ları üçün yeni alıcılar və geniş bazarlar axtarışına çıxıb.

“Əl-Monitor” saytı bu yaxınlarda İranın yüksək rütbəli kəşfiyyat rəsmisinə istinadən pilotsuz təyyarələrin istehsalının artırılacağı və onlarla ölkənin İran PUA-ları ilə  maraqlandığını bildirib. İran rəsmisi bu barədə Qəzvindəki İmam Xomeyni Beynəlxalq Universitetində çıxışı zamanı məlumat verib. Məqalədə qeyd olunur ki, İran Kəşfiyyat Nazirliyinin Siyasət Araşdırmaları Mərkəzinin direktoru kimi təqdim edilən həmin məmur “bizim gücümüz o dərəcəyədək artıb ki, hazırda Çin 15 min pilotsuz təyyarəmizi almaq üçün növbəyə durub” kimi iddialı fikirlər səsləndirib.

Ola bilsin, İran imkanlarını olduğundan daha artıq göstərmə cəhdləri ilə başına yeni bir bəla açdığının fərqində deyil. Böyük ehtimalla, ABŞ kəşfiyyatı İran rəsmilərinin şişirdilmiş rəqəmlərini, Rusiyaya silah satmalarını, bu kontekstdə digər beynəlxalq normaları pozduğunu əsas gətirərək, İrana qarşı müxtəlif sanksiyaları və cəza tədbirlərini işə salacaq.

İranın dronu, İsrailin lazeri

Bu arada İrana pis xəbər var: İsrail yeni növ lazer müdafiə sistemlərinin istehsalına hazırlaşır. Ötən ay istefa verən Baş Qərargah rəisi Aviv Koçavi İsrail mediasına bunları deyib: “Lazer müdafiə sistemi həqiqətən əla xəbərdir. Bu müdafiə sistemləri həm yer, həm də hava əsaslı olacaq. İki ildən sonra biz bu sistemlərin effektivliyini yoxlamaq üçün onları Qəzza zolağı ilə sərhəddə yerləşdirməyi düşünürük”.

Koçavinin sözlərinə görə, döyüş lazerləri çöl sınaqlarında yaxşı nəticə göstərib. Ordu növbəti iki il ərzində lazer müdafiə sistemini təkmilləşdirməyə davam edəcək. “Son üç ildə bu sahədə çox nailiyyət  əldə olunub, biz bu müdafiə sistemlərinin hazırlanmasına külli miqdarda pul yatırmışıq. Düşünürük ki, lazer mühafizə sistemi digərləri ilə müqayisədə daha çox üstünlüyə malikdir”, - deyə Koçavi əlavə edib.

Keçmiş Baş Qərargah rəhbərinin sözlərinə görə, silah texnologiyasının inkişafında, xüsusən də müdafiə sektorunda “ölüm vadisi”ndən qaçmaq lazımdır. Bu konsepsiya həyata keçirilməsi uzun zaman tələb edən böyük bir ideyanı gerçəkləşdirmək istəyi ilə həmin layihənin uğurla başa çatması arasındakı zaman fasiləsi deməkdir. Koçavinin fikrincə, bu cür elmi nailiyyətlər üçün yüksək maliyyə xərcləri tələb olunur.

İsrail rəsmisi bildirib ki, bu layihələri gerçəkləşdirmək üçün ölkənin Müdafiə Nazirliyi startapları inkişaf etdirir, Kanada, Yaponiya və Sinqapurdan investorlar cəlb edir, eləcə də, bəzi layihələrə investisiya qoyulmasını təmin etmək üçün İsraildəki bir sıra pensiya fondlarından vəsait toplanır. “Müdafiə Nazirliyi böyük həcmdə məlumatları emal etmək üçün yeni növ sensor cihazlardan, mürəkkəb proqramlardan, eyni zamanda süni intellekt alqoritmlərindən istifadə edir”, - deyə Koçavi bildirib.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31