Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsrailli diplomat baxışı: Azərbaycan, İsrail, İran üçbucağı

İsrailli diplomat baxışı: Azərbaycan, İsrail, İran üçbucağı

05.04.2023 [10:20]

Murad Köhnəqala

Azərbaycan və İsrail. İki dost, qardaş ölkə. Azərbaycanla İsrail arasındakı isti münasibətlər, səmimiyyət və doğmalıq zamanın sınaqlarından şərəflə çıxıb, deyə bilərik. Azərbaycan xalqı ilə yəhudi xalqı əsrlərlə doğma qardaş, etibarlı dost kimi iç-içə yaşayıblar.

Azərbaycan Respublikası ilə müasir İsrail arasında diplomatik əlaqələrin əsası 32 il əvvəl qoyulsa da, dost ölkədə səfirliyimiz təzəliklə açılıb. Tel-Əvivdə Azərbaycanla bağlı tədbirlərin, diplomatik və mədəni layihələrin sayı getdikcə artmaqdadır. Martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsraildə səfirliyimizin açılışı ilə əlaqədar dost ölkəyə səfər edib. Cənab Bayramov Muxtar Məmmədovun səfirlik etimadnaməsini İsrail Prezidentinə təqdim edib. Xatırladaq ki, müasir İsraillə müstəqil Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 1991-ci ildən başlanmış, elə həmin ildə də İsrail Azərbaycanın müstəqilliyini tanımışdır. Sonralar Azərbaycanla İsrail arasında dostluq əlaqələrinin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Beləliklə, dost İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.

“İsraillə Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir, bizim münasibətlər bu gün başlamayıb. Azərbaycanlılarla yəhudilər arasında olan bu dostluq, qardaşlıq əlaqələri uzun əsrlərdir davam edir. Yəhudilərə tolerantlıq və hörmət azərbaycanlıların qanındadır”.

Bu sözləri İsrailin rus dilində yayımlanan “Vesti” saytına müsahibəsində İsrail Knessetinin üzvü, keçmiş nazir Aviqdor Liberman deyib. Libermanın etirafına görə, o, təkcə Bakıda deyil, ümumilikdə Azərbaycanda dəfələrlə səfərdə olub və Azərbaycan xalqından yalnız doğma və mehriban münasibət görüb: “Azərbaycanda israillilərə münasibət çox isti, çox hörmətlidir. Burada təhlükəsizliyinizə tam arxayın ola, heç nədən çəkinmədən ivrit dilində istədiyiniz qədər danışa bilərsiniz. Küçələrdə kimsə sizdən haralı olduğunuzu soruşarsa, “İsraildənəm” cavabını eşitcək səmimiyyətlə gülümsəyərək əlini çiyninizə qoyacaq”.

Qeyd edək ki, İsrail mediası mütəmadi olaraq Azərbaycan haqda materiallar dərc edir, ölkəmizə dost və qardaş münasibəti sərgiləyən mətnlər yayımlayır. İsrail mediası yazır ki, Azərbaycanda 18 000 nəfərlik böyük yəhudi icması mövcuddur. Din ayrılığına baxmayaraq, buradakı yəhudilər sakit və təhlükəsiz şəraitdə bayramlarını qeyd edir, sinaqoqlara gedir, uşaqları yəhudi məktəblərində təhsil alırlar. Bakı Dövlət Universitetində “İvrit dili və ədəbiyyatı” bölməsi fəaliyyət göstərir.

Hazırda Knesset üzvü olan keçmiş nazir Liberman öz müsahibəsində ölkəsi ilə Azərbaycan arasında münasibətlərin inkişafından söz açaraq, aşağıdakı fikirləri səsləndirib: “Azərbaycan bir dövlətin öz adət-ənənələrinə necə riayət etməsinə, eyni zamanda, digər xalqların adətlərinə necə hörmətlə yanaşılmasına gözəl nümunədir. Öz ölkəsində tarixi ənənələri və müasir nailiyyətləri birləşdirən Prezident İlham Əliyevə bizim böyük hörmətimiz var”.

Jurnalistin “Bəs sizcə, niyə İsraildə Azərbaycan səfirliyi indi açılır?” sualına isə cənab Liberman belə cavab verib: “Baxın, Azərbaycan tarixən üç imperiyanın qovşağında olub: Rusiya, İran və Osmanlı. Bu, olduqca vacib, eyni zamanda xüsusi bir məqamdır. Sözü, gedən faktor bu gün də geosiyasi uyğunlaşmaya təsir edir. İsrail-Azərbaycan münasibətlərinin mərkəzində olan bir şəxs kimi deyə bilərəm ki, bizim münasibətlər həmişə intensiv inkişaf edib. Xüsusilə mədəniyyət, turizm və iqtisadiyyat sahəsini qeyd edə bilərik. Lakin məhz bir sıra geosiyasi nüanslara görə formal konsolidasiya ehtiyatla aparılıb”.

Məlumdur ki, aprelin 1-də İran İsraildə səfirliyimizin  açılması ilə bağlı rəsmi Bakıdan izahat tələb etmişdi. Tehran öz aləmində iki ölkənin yaxınlaşmasına hədə-qorxu ilə reaksiya verərək bu məzmunda xəbərdarlıq da etmişdi: “Tehran İsrail və Azərbaycanın İrana qarşı birləşdiyi vahid cəbhəyə biganə qalmayacaq”.

İnformasiya savaşında Azərbaycana tam dəstək verən İsrail mediası Azərbaycan Xarici İşlər Nazirliyinin İrana cavab notasını manşetlərə çıxarır:

“Azərbaycanın Xarici İşlər Nazirliyi İranın məlum təhdidlərini cavabsız qoymayıb”. Azərbaycan XİN-in İranın təqdim etdiyi notaya cavab notasından sitat:

“Son zamanlar Tehran ölkəmizi daha çox təhdid edir və bizə qarşı təxribatlar törədir, o cümlədən, sərhəddə hərbi təlimlər keçirir, Azərbaycan əleyhinə videoçarxlar yayır, Azərbaycan səfirliyində terror aktı törədir. İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı İran Xarici İşlər Nazirliyinin bəyanatı ölkələrimiz arasında münasibətlərdə böhrana doğru atılan daha bir addımdır”.

Liberman isə hesab edir ki, İran Azərbaycanın nailiyyətlərini açıq-aşkar qısqanır. O, çıxışında deyib:

“Bəli, İranda bu ölkəyə sadəcə paxıllıq edirlər! İran hakimiyyəti Azərbaycana qarşı informasiya müharibəsi aparır və silah səsləri açıq-aşkar eşidilir”.

Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdə də toxunan diplomat bildirib ki, güllələnən deputat həm də İsrailə isti münasibəti ilə tanınır.

Müxtəlif dönəmlərdə xarici işlər, müdafiə və maliyyə naziri vəzifələrində çalışmış Aviqdor Libermanın fikrincə, İsraillə Azərbaycan arasında əlaqələr bundan sonra getdikcə daha da güclənəcək. Onun sözlərinə görə, hazırda Azərbaycanda İsrailə məxsus 114 şirkət f?aliyyət göstərir. Bakı nefti isə İsrailin xaricdən aldığı yanacağın 30%-ni təşkil edir. Yeri gəlmişkən, may ayında İsrail prezidenti İshak Hersoqun Bakıya səfəri gözlənir.

Proqram boyu Azərbaycanla bağlı yalnız müsbət fikirlər söyləyən Liberman iki ölkə arasında münasibətlərin inkişafının xüsusilə turizm sahəsinə böyük töhfə verəcəyini bildirib. Keçmiş nazir İsrail vətəndaşlarının Azərbaycana səfərlərinin artdığını da qeyd edib: “Əgər əvvəllər həftədə bir uçuş həyata keçirilirdisə, indi Ben Quriondan qanadlanan təyyarələr hər gün bu ölkəyə uçur. Azərbaycanda dəfələrlə olmuş bir insan kimi söyləyə bilərəm ki, orada səyahət etmək üçün heyrətamiz dərəcədə gözəl yerlər çoxdur”.

Yazının sonuna bir məqamı da əlavə etmək istərdim. İsrailin Azərbaycana göstərdiyi qardaş dəstəyini sonuncu Qarabağ savaşında daha yaxından duyduq. Dünyanın qabaqcıl hərbi sənayesinə malik ölkənin baş naziri Benyamin Netanyahu 44 günlük müharibə zamanı heç vaxt unutmayacağımız bir bəyanatla çıxış etmişdi: “Azərbaycanla müharibə aparan heç bir dövlətə silah satmayacağıq!” 

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31