Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan cavab verməlidir!

Ermənistan cavab verməlidir!

15.04.2023 [10:30]

Böyük Britaniya səfiri: Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisinə keçiblər və orada saxlanılıblar. Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda şiddətli şəkildə döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb. Yayılan görüntülərdə Azərbycan əsgəri ilə davranış qeyri-insani xarakter daşıyıb. Bu, Ermənistanın benəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri pozduğunu göstərir.

Hərbi qulluqçumuza qarşı işgəncə və qeyri-insani rəftar pislənilməlidir

Qeyd edək ki, yayılan videogörüntülərlə bağlı rəsmi dövlət strukturları, beynəlxalq təşkilatlar, səfirliklər bəyanat veriblər. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib ki, qurum saxlanılarkən əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirərək qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyir və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.  Qurumun Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir.

Qərbi Azərbaycan İcması da Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyən bəyanat yayıb. Bəyanatda baş verənlər hərbi əsirlərlə davranışa dair Cenevrə Konvensiyası, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” və digər mühüm beynəlxalq aktlarla Ermənistanın üzərinə düşən öhdəliklərin kobud şəkildə pozulmasının və bu ölkədə azərbaycanlılara münasibətdə geniş yayılmış etnik nifrət və irqi ayrı seçkiliyin növbəti bariz sübutu kimi göstərilib: “Qərbi Azərbaycan İcması bu mənfur cinayəti qəti şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın nəzarətində olan əraziyə keçmiş azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırır”.

BQXK Obudsmanın çağırışına cavab verdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədilməsi aydın şəkildə öz təsdiqini tapır. Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman, xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır: “Azərbaycan Ombdsmanı olaraq, hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüquq üzərinə götürdüyü tələblərə riayət etməyə çağırmağa dəvət edirəm. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK ailələr və müvafiq qurumlarla əlaqədədir: “Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nn prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”.

Səfirliklər bəyanat yaydı...

Baş vermiş işgəncə faktlı ilə bağlı xarici ölkələrin səfirlikləri də bəyanatlar yayıblar. Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləməyin dəhşətli olduğunu yazıb. Səfir bildirib ki, beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir: “Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında isə qeyd olunub ki, ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır. “Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, - diplomatik nümayəndəlikdən bildirilib

Cinayət işi açıldı - həmin şəxslərin cəzalandırılması üçün...

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, yayılmış videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb. Qeyd olunan videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hərbi qulluqçumuza qarşı işgəncə verən, qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür: “Bəyan edirik ki, Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.

Cenevrə Konvensiyası: Ermənistan hakimiyyəti məsuliyyət daşıyır...

Azərbaycan əsgəri ilə Ermənistan tərəfinin qeyri-insani davranışı 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda qəbul edilmiş dörd Cenevrə Konvensiyasının müddəalarının pozulmasıdır. Bu konvensiyalardan biri - III Cenevrə Konvensiyası məhz hərbi əsirlərlə rəftara dairdir. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir. Əsir - döyüş əməliyyatlarında iştirak edən hərbçinin və qeyri-hərbçinin sonrakı əməliyyatlarda iştirakına yol verməmək məqsədilə azadlığı məhdudlaşdırılan şəxsə deyilir. Sadə dillə desək, döyüş əməliyyatlarında ələ keçirilən mülki vətəndaşlar “əsir”, Silahlı Qüvvələrdə xidmət edənlər isə “hərbi əsir” adlandırılır.

Həmin Konvensiyanın 4-cü maddəsində bildirilir:

- Münaqişədə iştirak edən Silahlı Qüvvələrin şəxsi heyəti, bu qüvvələrə daxil olan könüllü dəstələr “hərbi əsir” hesab olunur.

Maddə 5-də isə göstərilir:

- Konvensiya 4-cü maddədə göstərilən şəxslərə düşmən hakimiyyətinin əlinə düşdükləri andan etibarən, onların buraxılması və ya geri qaytarılmasına qədər tətbiq edilir.

- Hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar bu Konvensiya ilə qorunur.

Yekun olaraq hərbi əsirlərlə rəftara dair Konvensiyanın tələbinə görə dövlətin müvəqqəti hakimiyyəti altında olmalı və həmin dövlət onların taleyinə görə tam məsuliyyət daşımalıdır. Bu hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən irəli gələn əsas tələbdir. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır və onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz. Beləliklə, Cenevrə Konvensiyasının tələblərinə əsasən azərbaycanlı əsirlərə qarşı qeyri-insani rəftar birbaşa Ermənistan hakimiyyətinin məsuliyyətidir.

Fərqimiz ortadadır...

Əslində işğalçı Ermənistan bu hadisəyə qədər də dəfələrlə 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayaraq öz torpağında girov götürdükləri mülki vətəndaşlara qarşı qəddar və amansız davranıb, onlara işgəncə verərək sağlamlıqlarına ciddi xətər yetiriblər. Hətta bəzi məqamlarda Ermənistan hakimiyyəti mülki vətəndaşların belə “hərbi əsir” kimi cəzalandırılmasına “şifarişli qondarma məhkəmə şousu” ilə nail olub. Lakin hələ də beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və digər çoxsaylı insan haqları insitutları Xocalıda, Malıbəylidə, Qaradağlıda, Quşçularda Azərbaycan vətəndaşlarına qarşı tətbiq edilən soyqırım, faktlarına, ümumilikdə ermənilərin azərbaycanlı girovlara qarşı qeyri-insani münasibət göstərməyinə hələ də konkret mövqe nümayiş etdirməyib. Bu isə Ermənistan hakimiyyətinin indiki kimi qeyri-insani davranışına yol açıb. Bunun əksinə isə Azərbaycan dövləti hər zaman hərbi əsirlərə qarşı insani və beynəlxalq hüquqa söykənən davranış nümayiş etdirib. Bu fakt 44 günlük müharibə dövründə fakt və dəlillərlə sübut edilib. Hətta sonradan Ermənistana qayıdan əsirlər belə Azərbaycan dövlətinin onlarla insani davranışından ağız dolusu danışırlar. Təbii ki, ortadakı fərq mütləq şəkildə olmalıdır. Axı, Azərbaycan dövləti və xalqı hər zaman öz humanistliyi və məsuliyyəti ilə seçilib.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31