Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh üçün perspektivlər...

Sülh üçün perspektivlər...

23.06.2023 [10:30]

Ermənistan bu şansı əldən verməməlidir

Nardar BAYRAMLI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində iştirak etdiyi tədbirlərdə və keçirdiyi görüşlərdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında məlumat verib. Nazir bölgənin gələcək inkişafı, sülh və əməkdaşlıq naminə Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini bildirib. C.Bayramov səfər çərçivəsində Ukrayna Bərpa Konfransında iştirak edib. Nazir, həmçinin “Xəzər Bağlantı Konfransı”nda çıxış edərək bildirib ki, Ermənistanla bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açılıb. O, Azərbaycanın regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etmək əzmində olduğunu, regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda maraqlı olduğunu söyləyib. C.Bayramov deyib ki, bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edilib.

Azərbaycan fəal iş aparır...

Ümumiyyətlə, Ermənistanın təcavüzü nəticəsində, təxminən otuz il davam etmiş silahlı münaqişənin başa çatması və iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət öhdəliyi ilə sülhün astanasındadır. Münaqişə başa çatdıqdan sonra Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır. Eləcə də sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər yaranıb.

İlk təşəbbüs...

İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.

Ermənistan üçün ən doğru yol

Bu yaxınlarda Vyanada keçirilən ATƏT-in toplantısında da Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparıldığını bildirmişdi. Bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaradıb. Bəs tərəflər arasında əsas fikir ayrılığı nədir? Bu barədə nazir Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Bu kontekstdə, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğu diqqətə çatdırılıb.

Dövlətimiz Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir. Bundan əlavə, Azərbaycan postmünaqişə dövründə böyük bərpa və yenidənqurma işləri həyata keçirir. Lakin Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsi, habelə mina təhdidinin davam etdirilməsi görülən işlərə böyük maneədir.

Bütövlükdə, əgər rəsmi İrəvan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, təxribatlardan çəkinməli, əsassız yerə Azərbaycanı ittiham etməməli və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Ən doğru yol isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycanın şərtlərini qəbul etməsidir.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31