Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Xural" qəzetinin müxbiri Aydın Canıyevin xuliqanlıq əməlləri ifşa olunub

"Xural" qəzetinin müxbiri Aydın Canıyevin xuliqanlıq əməlləri ifşa olunub

24.09.2011 [10:28]

Onun xuliqanlığının hədəfi olan Lənkəran sakinləri mətbuat konfransı keçiriblər
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Lənkəran rayon Səpnəkəran kəndinin “Sahib Əzizaman” məscidinin dini rəhbəri Mirbaba Tahirov həmin rayonun Kərgəlan kənd sakini, “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin törətdiyi xuliqanlıq əməlləri ilə bağlı mətbuat konfransı keçirib.
Tədbirdə öncə zərərçəkmiş M.Tahirovun vəkili Ağakişi Nağıyev çıxış edib. O, bildirib ki, sentyabrın 7-si saat 16 radələrində A.Canıyev sərxoş vəziyyətdə rayonun Səpnəkəran kəndində yaşayan Xəlilova Zemfira Hacıəli qızının evinə gedib. Həmin evdə A.Canıyev əvvəllər mətbuat işçisi kimi münasibətdə olduğu Z.Xəlilovanın qızı Gülüş Xəlilovanın ünvanına nalayiq sözlər işlədib. Gülüş və Zemfira Xəlilovalar onu intizama dəvət etmək istəyərkən o, daha da kobudluq edərək söyüş söyməklə yanaşı, evin pəncərələrini vurub qırıb, həyətdə olan qab-qacağı, dibçəkləri dağıdaraq Z.Xəlilovaya ziyan yetirib. Qonşuların köməyi ilə oradan uzaqlaşdırılan A.Canıyev daha sonra Lənkəran rayon Səpnəkəran kənd “Sahib Əzizaman” məscidinə daxil olaraq, əvvəllər yaxşı münasibətdə olmadığı M.Tahirovun, eləcə də, bütün din xadimlərinin ünvanına nalayiq söyüşlər işlədib, əli ilə məscidin şüşələrini və pəncərədə olan taxta şəbəkəni qırıb. Həmin vaxt məscidin içərisində olan dini rəhbər M.Tahirov onu intizama dəvət etmək istəyib, lakin A.Canıyev M.Tahirovun və digər din xadimlərinin ünvanına daha kəskin nalayiq sözlər işlədib.
A.Canıyev həmin vaxt qəflətən M.Tahirovun baş və digər nahiyələrinə yumruq və təpiklə vuraraq ona xəsarət yetirib. Onun bu hərəkətlərini görən bir qrup kənd sakini dərhal ora yaxınlaşıb, böyük çətinliklə A.Canıyevin hərəkətlərinin qarşısını alıblar. Məscidin həyətindən çıxandan sonra A.Canıyev yenidən G.Xəlilovanın yaşadığı ünvana gedib, öz xuliqanlıq hərəkətlərini davam etdirmək istəyərkən həmin vaxt hadisə yerinə çağırışla gələn sahə müvəkkili Mircan Quliyev onu zərərsizləşdirərək polis şöbəsinə aparıb.
Vəkilin sözlərinə görə, A.Canıyevin törətdiyi əmələ qanunauyğun hüquqi qiymət verilib. Belə ki, sentyabrın 19-da A.Canıyev haqqında AR Cinayət Məcəlləsinin 221.2.2 maddələri ilə Lənkəran ŞPŞ-də İstintaq bölməsi tərəfindən cinayət işi başlanaraq istintaq aparılıb, onun törətdiyi cinayətin ictimai təhlükəliliyi, cəmiyyətdə mənfi qarşılanması, insanların ibadət etdiyi yerdə qatı xuliqanlıq etməsi və digər hallar nəzərə alınaraq barəsində həbs qətimkan tədbiri seçilməsi üçün rayon prokuroru tərəfindən rayon məhkəməsinə təqdimat verilib. Məhkəmənin qərarı ilə onun haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. Vəkil əlavə edib ki, törətdiyi əməlləri etiraf edən A.Canıyev istintaq zamanı tutulduğu andan etibarən müdafiəçi ilə təmin edilib, lakin jurnalist olduğu, öz hüquqlarını müdafiə edə biləcəyinə görə müdafiəçidən imtina edib: “Mən zərər çəkmiş şəxsin nümayəndəsi kimi belə hesab edirəm ki, A.Canıyevin hərəkətlərində həqiqətən xuliqanlıq cinayətinin tərkibi var. A.Canıyev jurnalist olsa da, onun törətdiyi cinayət əməli peşə fəaliyyəti ilə bağlı deyil”.
A.Nağıyev bildirib ki, A.Canıyev törətdiyi əmələ görə qanun qarşısında cavab verəcək və ədalətli cəzasını alacaq. “çünki kimliyindən, tutduğu vəzifəsindən, peşəsindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir və törətmiş olduğu hadisəyə görə qanunda nəzərdə tutulan məsuliyyəti daşımalıdır”.
Məscidə 150 manata qədər maddi ziyan dəydiyini açıqlayan vəkil A.Nağıyev istintaq materiallarına əsaslanaraq bəzi məlumatları da açıqlayıb. Vəkil qeyd edib ki, A.Canıyev Gülüş Xəlilovanın yazdığı kitabın redaktoru olub. Onun sözlərinə görə, A.Canıyev G.Xəlilovaya evlənmək təklifi də edib. Vəkil deyib ki, A.Canıyev bu təklifi G.Xəlilovanın birbaşa anasının yanında edib və bu da söz-söhbətə səbəb olub.
Tədbirdə iştirak edən Lənkəran şəhər cümə məscidinin axundu Qəni Axundzadə isə qeyd edib ki, bu hadisə dindarları çox sarsıdıb. Onun sözlərinə görə, sərxoş vəziyyətdə məscidə gəlmək nəinki jurnalistə, eləcə də, heç bir müsəlmana yaraşmaz.
M.Tahirov isə deyib ki, A.Canıyev məscidin şüşələrini qırdığı vaxt o, namaz qılırmış. O, A.Canıyevin pul tələb etdiyi ilə bağlı məlumatlara da aydınlıq gətirib. Bu məlumatları təsdiqləyən M.Tahirov qeyd edib ki, əvvəla, A.Canıyevi yaxından tanımır. Ancaq buna baxmayaraq, onlar müxtəlif vaxtlarda qarşılaşıblar və A.Canıyev bir neçə dəfə ondan pul tələb edib. M.Tahirov deyib ki, qarşılaşdıqları bütün vaxtlarda A.Canıyevi sərxoş görüb. Dindarın sözlərinə görə, A.Canıyev, hətta məsciddə qarşılaşdıqları vaxtlarda da ondan pul tələb edirmiş.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 987 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30