Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycandan növbəti təklif - Tbilisi formatı

Azərbaycandan növbəti təklif - Tbilisi formatı

10.10.2023 [11:19]

Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir

24 saatlıq antiterror tədbirlərinin ardından Azərbaycan ilə Ermənistan arasında 2 ilə yaxındır davam edən sülh prosesi yeni şəkil aldı. Belə ki, artıq bir çox məsələlərə aydınlıq gəlib - Ermənistanın detallı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağdakı xunta rejiminin çökdürülməsi, regionda yeni siyasi reallıqların formalaşması sülh prosesinə də yeni istiqamətlər qazandırıb. Azərbaycan indiki məqamda Ermənistanı Fransanın timsalında bəzi destruktiv xarici güclərin təsirindən xilas edərək “üz-üzə” oturmağa dəvət edir. Təkzibolunmaz faktdır ki, istər Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri, istərsə də Rusiyanın vasitəçiliyi ilə baş tutan təmaslar müəyyən bir dövr üçün iki ölkə arasındakı mövcud problemlərin həllinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi, amma nəticə əldə edilməmişdi. Təbii ki, qalib tərəf olaraq Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsində əsas yol xəritəsi sayılır. Bunun nəticəsidir ki, artıq beynəlxalq aləm də Azərbaycanın haqlı mövqeyini tam şəkildə dəstəkləyir. Onsuz da Qərb uzun müddətdir ki, “birbaşa dialoq” müstəvisində təkliflər irəli sürür - bu mənada, təmaslar yeni format və yeni şəkil də ala bilər. Hətta danışıqların məkanı da həm Azərbaycan, həm də Ermənistan üçün “doğmalaşa bilər”.

Ən düzgün seçim...

Azərbaycan Prezidenti Gürcüstana işgüzar səfəri zamanı mətbuata bəyanatında bildirib ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar: “Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət üçtərəfli platformanın yaradılması təşəbbüsü əvvəllər də səsləndirilmişdi. Dövlətimizin başçısı bununla bağlı fikirlərini ötən il Praqada, eləcə də ötən ilin sonlarında Gürcüstana səfəri çərçivəsində ifadə etmişdi. Bu ilin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bu məsələ növbəti dəfə müzakirə obyekti olmuşdu və dost Gürcüstanın vasitəçilik səylərini yüksək dəyərləndirdiyini bildirən Prezident İlham Əliyev vurğulamışdı ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ölkə başçısı bildirmişdi ki, Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.

“Tbilisi formatı”nın üstünlükləri...

Beləliklə, yeni mərhələdə Ermənistan növbəti dəfə sülhə dəvət edilir - bu dəfə danışıqlar formatı, məkanı regional mahiyyət kəsb edə bilər. Təbii ki, bu amil olduqca mühümdür:

- Ermənistan belə bir formatda hansısa dövlətlərin “kölgəsi”, “arxa bağçası” olmayacaq və müstəqil şəkildə öz gələcəyini təyin etmək hüquq qazanacaq;

- Regionun ümumi inkişaf tempi müəyyənləşəcək və bu prosesdə Ermənistanın əldə edəcəyi dividendlər daha açıq şəkildə görünəcək;

- Artıq ayrı-ayrı dövlətlər olaraq deyil, region olaraq qlobal tərəfdaşlığın inkişafına töhfələrin verilməsi prosesi müzakirə predmetinə çevriləcək;

- Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının qurulması prosesi Qafqaz dövlətlərinin açıq müzakirəsində təmin olunacaq.

Bu kimi amillər saysızdır və prosesin Tbilisiyə “transfer” olunması beynəlxalq aləm üçün də sərfəlidir. Ən azından tərəfsizlik, problemin həlli istiqamətində real addımlar, regionun gələcək müqəddəratının müəyyənləşməsi kimi predmetlər müzakirələrin ön şərtlərinə çeavriləcək.

Gürcüstanın mövqeyi açıqdır...

Cənubi Qafqazda sülhün əldə olunması Gürcüstan üçün də vacib faktordur. Bunu rəsmi Tbilisi dəfələrlə bildirib. Bu dəfə də analoji razılıq ifadə olundu. Gürcustanın baş naziri İrakli Qaribaşvili mətbuata açıqlamasında açıq şəkildə bildirdi ki, Gürcüstan hər zaman qərəzsiz mövqeyə malik olub: “Biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir”.

Gürcustanda görüş təklifi indiki mərhələdə olduqca cəlbedicidir. Azərbaycan Cənubi Qafqazda üçtərəfli formatın yaradılması təşəbbüsünü irəli sürməklə gələcəkdə inkişaf etdiriləcək münasibətlər sisteminə strateji baxışını ifadə edir. Son iki il bəlli etdi ki, vasitəçilərin sayı artdıqca, ortaq məxrəcə gəlinməsi də çətinləşir - hətta Fransa kimi bəzi dövlətlər prosesə müdaxilə “haqqı” belə “arzulayırlar”. Bu da təbii qarşılanmalıdır - özünü vasitəçi sayan hər kimdirsə, sülhün məhz onun maraqlarına uyğun tərzdə yaranmasına nail olmağa çalışır - bu da müzakirələrin sonsuzluğadək uzanması ilə nəticələnir.

Bəli, yeni mərhələdə danışıqların ünvanı kimi məhz Gürcüstanın seçilməsi ortaya mühüm müsbət üstünlüklər qoyur. Və hər iki tərəf üçün Gürcüstan ünvan kimi məqbul sayıla bilər:

- bu ölkə müharibə zamanı öz neytrallığını qoruyub saxladı;

- bir sıra regional və qlobal layihələrdəki işbirliyi - Gürcüstan Ermənistan üçün həm də Azərbaycanla əməkdaşlıqda bir “nümunə” ola bilər.

Bu baxımdan, Ermənistanın özündə güc toplayaraq sülhə töhfə vermək üçün bu kimi çağırışları müsbət qarşılayacağına inanırıq...

P.İSMAYILOV 

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31