Zəngəzur dəhlizində toqquşan maraqlar
02.12.2023 [10:45]
Postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində ən mühüm elementlərindən biri qismində Zəngəzur dəhlizinin yaradılması çıxış edir. Hazırda bu marşrutun yaradılması ilə bağlı həm regional, həm də qlobal səviyyədə ciddi müzakirələr aparılır. Müzakirələrdə səsləndirilən fikirlərdən o qənaət hasil olur ki, Zəngəzur dəhlizinin yaradılmasına münasibət birmənalı deyil. Müxtəlif güc mərkəzləri burada maraqlarının təmin edilməsinə nail olmaqdan ötrü canfəşanlıq göstərirlər.
Azərbaycanın strateji baxışları və regional maraqların təmin olunması
Zəngəzur dəhlizinin yaradılması ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və Onun strateji baxışlarını əks etdirir. Məhz Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi ilə bağlı müvafiq bəndin üçtərəfli bəyanatda əks olunmasını istəyib və buna nail olub. Sonradan dövlətimizin başçısı bəhs olunan marşrutun keçəcəyi ərazinin tarixini nəzərə almaqla onu Zəngəzur dəhlizi adlandırdı və bu termin beynəlxalq səviyyədə qəbul olundu.
Bu dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməyə hesablanıb. Bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhlizin fəaliyyətə başlayacağı təqdirdə ölkəmizin tranzit imkanları daha da genişlənəcək.
Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaratmaq mümkün olacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı yaratmaq imkanları meydana çıxacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürə bilərlər. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların açıması ilə bağlıdır. Mərkəzi Asiyadakı türkdilli ölkələr Orta Dəhliz vasitəsilə Azərbaycanla bağlanıb. Orta Dəhlizin Zəngəzur qolu Mərkəzi Asiya dövlətlərini Türk dünyasının aparıcı ölkəsi olan Türkiyə ilə daha qısa məsafədə birləşdirmək fürsəti yaradır.
Zəngəzur dəhlizinə alternativ - İran üzərindən keçən yol
Tranzit daşımaları nöqteyi-nəzərindən əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan nəqliyyat marşrutlarının şaxələndirlməsinin tərəfdarıdır. Məlumdur ki, məğlub Ermənistan üç ildir ki, üçtərəfli bəyanatın ayrı-ayrı şərtlərini yerinə yetirməkdən yayınır, o cümlədən də manipulyativ davranışlarla Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törədir. Belə olan halda Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasına siyasi iradəsini saxlamaqla yanaşı, alternativ variant təşəbbüsünü irəli sürüb. Alternativ marşrutda respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında İran üzərindən kommunikasiya əlaqəsinin yaradılması nəzərdə tutulur. Artıq bununla bağlı qonşu İranla razılaşma əldə edilib. Vurğulamaq yerinə düşər ki, Azərbaycanla İran arasında da nəqliyyat sahəsində əlaqələr uğurla inkişaf edir. Məlumdur ki, hər iki ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artmasına böyük maraq göstərir. İndiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Artıq dövlətlərarası razılaşmaya uyğun olaraq bəhs etdiyimiz yeni layihənin icrasına da start verilib. Cari il noyabrın 9-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə bu barədə məmnunluqla söhbət açan dövlətimizin başçısı deyib: “Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq”.
Hazırda Araz çayının cənub sahili boyunca yeni nəqliyyat infrastrukturunun yaradılması layihəsinin icrası intensiv şəkildə davam etdirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 30 oktyabr 2023-cü il tarixində “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılması nəzərdə tutulub.
Layihəyə uyğun olaraq Azərbaycanı İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək. Bəhs olunan marşrut üzrə həmçinin İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək. Bununla bağlı cari il oktyabrın 6-da Bakıda Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb. Tərəflər Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə ediblər.
Region dövləti olan Rusiyanın artan marağı
Zəngəzur dəhlizinin yaradılmasında ən çox maraqlı olan region dövlətlərindən biri Rusiyadır. Bu ölkə rəsmilərindən və cəmiyyət təmsilçilərindən bəhs olunan marşrutun yaradılmasının zəruriliyi ilə bağlı ardıcıl açıqlamalar gəlir. “Rusiya Zəngəzur dəhlizinin açılmasını vacib sayır”. Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib. Fikirlərinə davam edən İ.Korotçenko bildirib: “Rusiya dəfələrlə bu infrastruktur layihəsinin açılmasının vacibliyini vurğulayıb. Bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da qeyd olunub. Hər halda, Moskva regionda nəqliyyat kommunikasiyalarının açılmasının və üçtərəfli bəyanatda qeyd olunan müddəaların tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır”.
Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının əsas elementlərindən biri kimi səciyyələndirib. Şimal qonşumuz Zəngəzur dəhlizinin yaradılmasını üçtərəfli bəyanatın şərtləri əsasında həyata keçirilməsində israr edir. Manipulyasiyalara əl atan Ermənistanın rəsmiləri isə bunu ölkələrinə təzyiq cəhdi kimi dəyərləndirirlər. Mariya Zaxarova Ermənistandan bu xüsusda gələn bəyanatlara cavabında Moskvanın bundan bezdiyini söyləyib: “Olar Rusiyanın təzyiq etdiyini söyləyirlər. Kimə kim təzyiq edir, başa düşmürəm. Bəlkə onların faktı var? Onda qoy təqdim etsinlər. Biz hansısa bir marşrutun yaradılmasının tərəfdarı deyilik, Cənubi Qafqazın iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıyıq. Biz bunun şəffaf və qarşılıqlı sərfəli şərtlərlə baş verməsinin tərəfdarıyıq. Bu təkcə söz deyil, bu, işdir. Bu cür iş baş nazirlərin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində aparılır. Bəyəm bu barədə İrəvanda bilmirlər? Nə vaxtsa Üçtərəfli İşçi Qrupun fəaliyyəti Ermənistanda şikayət doğurub? Heç vaxt! Ona görə ki, bu iş bərabərhüquqludur. Üçtərəfli İşçi Qrupda ölkələrin öz ərazilərindən keçən nəqliyyat marşrutları üzərində suverenliyə və yurisdiksiyaya malik olması ilə bağlı möhkəm anlayışa nail olunub. Heç vaxt hansısa eksterritorial dəhlizlərin yaradılmasından söhbət getmeyib. Bu da Ermənistan tərəfinə yaxşı məlumdur. Üçtərəfli İşçi Qrup öz fəaliyyətini Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında aparır. Orada nə qeyd olunub? Orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinə nəzarət etməsi rolu haqqında dəqiq şəkildə deyilir. Bütün bunlar rəsmi İrəvan üçün yeni xəbər deyil. Xüsusi ilə də, Ermənistan XİN-nin bizim bu şərhimizə şiddətli reaksiyası təəccüb doğurur. Xatırlatmaq istəyirəm ki, Rusiya sərhədçiləri artıq uzun illərdir ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini müvafiq ikitərəfli razılaşmalara əsasən uğurla mühafizə edir”, - deyə Rusiya XİN sözçüsü bildirib.
Qardaş Türkiyənin israrlı yanaşması
Qardaş Türkiyə Zəngəzür dəhlizinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyən və bu məsələdə israrlı mövqe ortaya qoyan ölkədir. Prezident Rəcəb Tayyib Ərdoğan Zəngəzur ?əhlizi ilə bağlı ölkəsinin birmənalı mövqeyini növbəti dəfə BMT Baş Assambleyasındakı çıxışında diqqət mərkəzinə gətirib. O vurğulayıb ki, Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik.
Bütövlükdə, Zəngəzur dəhlizinin açılması Türkiyənin gündəliyində çox vacib bir məsələ kimi dayanır. Bir qədər bundan əvvəl Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dəmir yolu administrasiyalarının təşkilatçılığı ilə İstanbulda “Türk Dövlətləri Multimodal Nəqliyyat və Logistika Forumu” keçirilib. Forumda Orta və Cənub nəqliyyat dəhlizlərinin imkanları, genişləndirilməsi, yükdaşımaların təhlükəsizliyi, türk dövlətləri arasındakı əməkdaşlıq və perspektivdəki işlər müzakirə olunub. Tədbirdə Türkiyənin müvafiq qurumlarının rəsmiləri Zəngəzur dəhlizinin açılmasının zəruriliyinə xüsusi diqqət çəkiblər. “Zəngəzur dəhlizi bütün Türk dünyasını bir-birinə bağlayacaq önəmli addım olacaq. Biz onun ən qısa zamanda reallaşması üçün Azərbaycanla sıx işləyirik. Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət etmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bunu qısa zamanda həyata keçirəcəyik”. Bu fikirləri logistika forumunda Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu ifadə edib. Onun sözlərinə görə hazırda Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb.
Türkiyənin sabiq baş nazir Binəli Yıldırım da “X”də Zəngəzur dəhlizi ilə bağlı ölkəsinin optimist yanaşmasını ortaya qoyub. O, “Zəngəzur dəhlizinin açılması Orta Dəhlizdə daşımaların maya dəyərini daha da aşağı salacaq və xəttin üçüncü ölkələrdən asılılığını azaldacaq”, - deyə vurğulayıb.
ABŞ-ın Ermənistanın manipulyativ davranışlarını təşviq etməsi
Qeyd etdiyimiz kimi, məğlub Ermənistan manipulyativ davranışlarla Zəngəzur dəhlizinin yaradılmasını yubadır. Özündən şübhəli olan Ermənistan tez-tez “kommunikasiyalar suverenlik prinsipi əsasında açımalıdır” məzmunlu bəyanatlar səsləndirir. Əlbəttə, bu bəyanatların heç bir aktuallığı yoxdur. Azərbaycan və Rusiya ən yüksək səviyyədə dəfələrlə açıq mətnlə Ermənistanın suverenliyini təhdid etmədiklərini bildiriblər. O başqa məsələdir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir.
Məğlub Ermənistanı manipulyativ davranışlara sövq edən həm də kollektiv Qərbdən gələn mesajlardır. Bütövlükdə, Qərbin drayveri olan ABŞ Zəngəzur dəhlizinin açılmasına müsbət münasibət sərgiləyir. Çünki burada bəhs olunan marşrutun açılmasının Avropanın və Ermənistanın maraqlarına cavab verdiyinə əmindirlər. Ancaq ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı planları tamam fərqli məzmun daşıyır və üçtərəfli bəyanatın müddəalarına tamam ziddir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin açıqlamaları Ağ Evin Zəngəzur dəhlizinin yaradılmasında da geosiyasi maraqlar güddüyünü ortaya qoyur. O, ölkəsi tərəfindən Zəngəzur dəhlizinin güc yolu ilə açılması cəhdlərinin qəbul edilməyəcəyini bildirir. Sual olunur: Zəngəzur dəhlizinin güc yolu ilə açılacağının anonsunu kim edib? Ən azından indiyədək Bakıdan belə mesajlar verilməyib. Bu baxımdan, Ağ Evin “xatırlatması” yerinə düşmür. Vaşinqton həmçinin İran üzərindən alternativ nəqliyyat bağlantısı yaradılmasına da aqressiv yanaşma sərgiləyərək buna qarşı çıxır. ABŞ-ın planına əsasən, Rusiya və İran Zəngəzur dəhlizindən kənarda qalmalıdırlar və dəhliz açılarkən Ermənistanın şərtləri mütləq yerinə yetirilməlidir.
ABŞ-ın planı ölkələrin suverenliyinə təhdidlər yaradır. Burada region dövlətlərinin maraqları inkar edilir. Açıq-aydın görünür ki, ABŞ Zəngəzur dəhlizini də Qərb-Rusiya qarşıdurmasının bir seqmentinə çevirməyə çalışır...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39

