Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransa söz və media azadlığına qarşı...

Fransa söz və media azadlığına qarşı...

14.12.2023 [10:35]

Nardar BAYRAMLI

Fransa mətbuatında guya AZƏRTAC-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların “casus” adlandırıldıqları dezinformasiya tirajlanır. Xatırladaq ki, AZƏRTAC-ın iki jurnalisti redaksiya tapşırığını yerinə yetirmək üçün 2023-cü il dekabrın 3-də Yeni Kaledoniyaya ezam olunmuşdular. Onlardan biri guya vizasının olmaması bəhanəsi ilə ölkəyə buraxılmayıb, bir sutka polis nəzarətində saxlanıldıqdan sonra ölkədən çıxarılıb. Uzun müddətdir ki, jurnalist fəaliyyəti ilə məşğul olan əməkdaşlara “casus” damğasının vurulması qəbuledilməzdir. Bu barədə AZƏRTAC-ın məlumatında bildirilib ki, jurnalistimizə qarşı edilən haqsızlıqdan və bunun bütün dünyaya yayılmasından sonra belə bir yazının meydana çıxması onu göstərir ki, bu dezinformasiyanın arxasında Fransa rəsmi qurumları dayanır. Bu, Yeni Kaledoniyada jurnalistimizə qarşı törədilən haqsızlığı ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Yeni Kaledoniyada azadlıq tələbi ilə yürüşə çıxanların haqq səsini dünyaya çatdırmaq istəyən jurnalistlərə Fransa hökumətinin bu cür qeyri-rəsmi formada “casus” damğası vurmaq cəhdi demokratiya, azad söz, media azadlığı kimi fundamental prinsiplərin tələblərinə qarşı çox böyük hörmətsizlikdir.

AZƏRTAC: “Casus” damğası qəbuledilməzdir

“Jurnalistimizə qarşı Yeni Kaledoniyada edilən haqsızlığı hətta Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa da öz açıqlamasında pisləyib. Onun jurnalistimizə yazdığı məktubda deyilir: “Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü olaraq, 2023-cü il dekabrın 3-də Numeaya səfəriniz zamanı məruz qaldığınız ayrı-seçkiliklə əlaqədar Sizə tam dəstəyimi ifadə etmək istəyirəm. Biz bir daha müstəmləkə hökmranlığı altında olan xalqlarla bağlı məlumatların yayılmasına qarşı həqiqətən ifrat müstəmləkəçi münasibətinin şahidi olduq”. Feyk məqalədə qeyd edilir ki, Fransanın müdafiə naziri həmin ərəfədə Yeni Kaledoniyaya səfər edib və jurnalistlər də məhz bunu işıqlandırmaq üçün oraya gediblər. Həmçinin məqalədə jurnalistlərin “casus” olduğu yazılır. Bununla da onlar özlərini təkzib etmiş olurlar - bir tərəfdən yazırlar ki, jurnalistlər ora hadisələri işıqlandırmağa gediblər, ardınca isə onları “casus” adlandırırlar”,-deyə açıqlamada vurğulanıb.

Qeyd etməliyik ki, AZƏRTAC-ın jurnalistlərinə redaksiya tapşırığı məhz dekabrın 5-də keçirilmiş müstəqillik mitinqinin işıqlandırılması olub. Bundan əlavə, AZƏRTAC-ın əməkdaşları yerli kanak xalqının həyat tərzi, sosial-iqtisadi vəziyyəti, mədəniyyəti haqqında reportajlar hazırlamalı idilər. Təəssüf ki, verilən redaksiya tapşırıqları bir əməkdaşın ölkəyə buraxılmaması səbəbindən tam olaraq yerinə yetirilməyib.

AZƏRTAC məqalədə qeyd olunan absurd və cəfəng iddiaları qəti şəkildə rədd edir və bunu təxribat xarakterli feyk informasiya sayır: “Fransa mediasının bu cür dezinformasiya yaymasını azad mətbuat göstəricisi yox, məhz beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq və həqiqətləri gizlətmək cəhdi kimi qətiyyətlə pisləyirik”.

Mətbuat Şurası: Etik qaydalara ziddir

Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası da bəyanat verib. Bəyanatda deyilir ki, Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası bütün etik qaydalara və dəyərlərə zidd miskin davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq istəyindən, cılızlıqdan başqa bir şey deyil. “Məlum olduğu kimi, AZƏRTAC-ın əməkdaşı Aygün Hüseynova bu il dekabrın 3-də yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq üçün fransız müstəmləkəsi Yeni Kaledoniyaya ezam edilmişdi. Lakin hava limanında onun əraziyə girişinə imkan verilməmiş, guya vizasının olmaması bəhanə gətirilmişdi. Jurnalist həbslə hədələnərək, üçüncü ölkəyə yola salınmışdı. Belə qanunsuzluq əməli Azərbaycan mediasında ciddi narazılıq doğurmuş və ölkəmizin media qurumları etiraz bəyanatları yaymışdılar. Görünür, bütün bunlar, həmçinin Yeni Kaledoniyadakı yolverilməz davranışın dünya mediasında geniş əks-səda doğurması Fransanın hakim dairələrini “arqument” axtarışına sövq edib. AZƏRTAC-ın əməkdaşlarına qarşı “qara piar” kampaniyasının aparılmasını, onlara “casus” damğasının vurulmasını yalnız bu cür qiymətləndirmək mümkündür”, - deyə bəyanatda qeyd olunub.

Vurğulanıb ki, ölkəmizin media nümayəndələrinin fəaliyyətində heç bir qanunsuzluq əməli olmayıb. Onların Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini işıqlandırmaq istəklərində əsaslandırılmış bəşəri və ictimai motiv var. Yeni Kaledoniya polisinin bunu nəzərə almaması, jurnalistlərimizin fəaliyyətlərinə süni əngəl yaratması fundamental insan hüquq və azadlıqlarının tərkib hissəsi sayılan söz azadlığına aşkar sayğısızlıqdır. Nəzərə alaq ki, jurnalistimizə qarşı haqsızlıq Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa tərəfindən də pislənilib, media təmsilçilərimizə dəstək ifadə olunub. Belə bir durumda Fransa mediasında azərbaycanlı jurnalistləri gözdən salmaq cəhdi bir daha təsdiq edir ki, ölkə hökuməti özünün despotik mahiyyətini ört-basdır etmək niyyətindədir. Məqsəd bəllidir: müstəmləkə boyundurğunda olan xalqlar, o cümlədən Yeni Kaledoniya xalqı ilə bağlı həqiqətlərin yayılmasının qarşısını almaq.

Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşlarına qarşı Fransa mediasında aparılan qarayaxma kampaniyasını, təxribat xarakterli bilgilərin yayılmasını qətiyyətlə pisləyir. Şura bunu anti-demokratik addım, azad sözə münasibətdə dözümsüzlük sayaraq bəyan edib ki, belə yanaşma həm etik dəyərlərə, həm də Fransa dövlətçiliyinin tarixi mütərəqqi mahiyyətinə ziddir: “Çox təəssüf ki, ölkənin hazırkı Prezidenti Emmanuel Makron və onun avtokratiyaya yuvarlanmış administrasiyası söz azadlığı müstəvisindəki primitiv siyasi oyunların ölkəyə vurduğu zərəri düşünməyəcək qədər iflic vəziyyətdədir. Şura dünyanın media ictimaiyyətini Fransa hakimiyyətinin yolverilməz əməllərinə münasibətdə həmkar təəssübkeşliyinə, etiraz səsini ucaltmağa çağırır”.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31