Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məktəbli formaları ucuzlaşdı...

Məktəbli formaları ucuzlaşdı...

15.08.2024 [10:25]

Keyfiyyətli məhsulu necə seçək?

Yeni tədris ilinin başlamasına tam bir ay qalıb. Tədris prosesi yaxınlaşdıqca valideynləri ən çox maraqlandıran məqamlardan biri məktəbli formaları ilə bağlıdır. Bəllidir ki, hər il formaların keyfiyyəti, qiyməti, bəzi hallarda isə tapılmaması ilə bağlı müəyyən müzakirələr yaranırdı. Xatırladaq ki, ötən il Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formaları dörd fərqli rəngdə şagirdlərin istifadəsinə verilib.

20 faiz endirim...

Hələlik məktəbli formalarını satın alanların sayı az olsa da, yeni tədris ili ərəfəsində formaların qiymətində ucuzlaşma yaranıb. Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb: “Bu il müəssisənin daxili imkanları hesabına şalvar və ətəklərin qiymətində 20 faiz endirim etmişik. Əvvəllər şalvarlar və ətəklər 26-dan 54 ölçüyə kimi 25 manat idisə, bu ilki qiymətləri 20 manat olacaq. Endirimə səbəb çox sayda saxta paltarların satışda olmasıdır”.

1 illik zəmanət verilir

E.Əzimov həmçinin bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb: “Carı ildə belə bir tapşırıq olmayıb. Məlumdur ki, ötən il sadəcə olaraq Nazirlər Kabineti tərəfindən yeni məktəbli formalarının modeli təsdiq olunmuşdu. Açıq bazar olduğu üçün hər kəs bu modeli istehsal edib satır. Hələlik böyük və kütləvi surətdə alıcılar yoxdur, adətən dərslərin başlamasına az qalmış forma almağa gəlirlər. O zaman burada növbələr çox olur.

Hazırda tikiş evində Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə uyğun olaraq üç müxtəlif rəngdə vahid məktəbli formaları satılır. BTE tərəfindən satılan bütün məhsullara 1 illik zəmanət verilir”.

Məktəb direktorları ilə forma tikənlərin sazişi...

Hər il məktəbli formalarının keyfiyyəti ilə bağlı valideynlərin əksəriyyəti narazılıq edirlər. Bəziləri isə qiymətlərin baha olmasından gileylənir. Məsələn, bir evdən iki, yaxud üç uşaq məktəbə gedirsə, bu zaman valideyn xeyli pul xərcləməli olur. Bu baxımdan valideynlər bəlli məbləğ ödədikləri halda heç olmasa, məhsulun keyfiyyətli olmasını arzulayırlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu mövzu ilə bağlı hər zaman problemlər ortaya çıxır: “Hər mövsüm başlayanda istehlakçılar qurumumuza müraciət edir, soruşurlar ki, “keyfiyyətli məktəbli formasını haradan alaq, necə seçək?”.

Artıq bu sahədə çox sayda xarici ölkələrdən də paltar tikənlər işə qoşulur. O cümlədən qardaş Türkiyədən gələnlər olur və nəticədə anarxiya yaranır. Məndə olan məlumata görə Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi formalar üzərindən seçim sərbəstdir. Hər zaman qeyd edirik ki, burada məktəb direktorları ilə formaları tikənlər arasında olan sazişi pozmaq lazımdır. Yəni, onlar müəyyən əlaqə yaradıb, keyfiyyətsiz formaları daha baha qiymətə sata bilərlər”.

Forma daha ucuz başa gəlsin deyə...

E. Hüseynov bildirib ki, məktəbli forması tikildikdən sonra müəyyən mütəxəssislər tərəfindən yoxlanılmalı, yalnız bundan sonra bazara buraxılması məqsədəuyğun olmalıdır: “Bəzən parçalarda da müəyyən problemlər olur. Mənə məktəbli forması tikişi ilə məşğul olan ixtisaslaşmış tikiş fabriklərinin birindən bildirilmişdi ki, forma müəyyən zonalara görə müxtəlif parçalardan tikilməlidir. Zona var ki, orada hava soyuqdur və yaxud istidir. Eyni parçadan hər iki zonaya forma tikmək düzgün deyil. Çox yaxşı olardı ki, belə bir diferensiallaşma olsun.

Qeyd edim ki, artıq ölkəmizdə professional tikişlə məşğul olan müəssisələr var, onlara üstünlük verilməsi lazımdır. Lakin azad bazar iqtisadiyyatıdır. Əslində, məntiqi cəhətdən bazara kim yaxşı mal çıxarırsa, həmin mal yoxlanılaraq, bazara çıxarılmalıdır. Yalnız bu zaman onu bazara buraxmaq olar.

Bəzi tikişçilər əsasən xammalın keyfiyyəti ilə bunu həll etməyə çalışırlar. Yəni, forma daha ucuz əmələ gəlsin deyə xammal təkcə pambıq parçadan deyil, böyük hissəsi süni materialdan olur”.

Bu məqamlara diqqət edin

Ekspert qeyd edib ki, belə məktəbli formaları seçən zaman istehlakçılar yaxşı olar ki, onun tikiliş formasına, tikən fabrikin loqosuna diqqət etsinlər: “Fabrikin əlaqə nömrəsi varsa, ona zəng edib, soruşsunlar. Əlbəttə ki, burada qiymətin də böyük rolu var. Bir daha qeyd edirəm, formanın üzərində təsdiq olunmuş loqo olmalıdır. Buna xüsusi diqqət edilməlidir. Adətən, ucuz parçadan, təsadüfi yerlərdə tikilmiş formaların sapları sallanır, tikişlərində qırışlar olur. Bu kimi hallara fikir verilməlidir”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31