Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Palçıq vulkanlarının o üzündə: Minerallar, qədim canlılar və Kinqin sirli hekayəsi

Palçıq vulkanlarının o üzündə: Minerallar, qədim canlılar və Kinqin sirli hekayəsi

30.09.2026 [08:38]

Dörd tərəfi səhranı xatırladan, boz-qəhvəyi rənglərin hakim olduğu uzun bir yol... Şəhərin səs-küyü arxada qaldıqca mənzərə də dəyişir. Qarşımızda isə getdikcə daha çox yadplanetli filmlərindən tanış olan mənzərəyə bənzəyən ərazi açılır.

Uzun yol gedirik. İstər-istəməz bir sual yaranır: bu qədər yol getməyə dəyərmi?

Cavabını hələ bilmirəm. Bəlkə də geri qayıdanda deyəcəyəm...

Sentyabrın 28-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub.

Kompleks 2024-cü il iyunun 13-də istifadəyə verilib. Burada palçıq vulkanlarını müşahidə etməklə yanaşı, Azərbaycanın geoloji və təbiət irsi ilə tanış olmaq, müxtəlif mineralları görmək, dulusçuluq və neftlə rəsm çəkilməsi üzrə master-klaslarda iştirak etmək mümkündür. Kompleksin yaradılması ilə palçıq vulkanlarının ətrafında turizm üçün müasir infrastruktur da formalaşdırılıb.

Mediatur zamanı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli kompleksin fəaliyyəti və ziyarətçi statistikası barədə məlumat verib.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-avqust aylarında Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri 432 296 nəfər bilet alaraq ziyarət edib. Onların 303 426-sı xarici, 128 870-i isə yerli turist olub. Bundan başqa, 95 260 nəfər həmin məkanlara ödənişsiz baş çəkib.

Qeyd olunur ki, bura ilin ilk səkkiz ayında 28 979 nəfər bilet alaraq gəlib. Onların 26 235-i xarici, 2 744-ü yerli turistlərdir. 798 nəfər isə kompleksə ödənişsiz daxil olub.

Maraqlıdır ki, xarici turistlər 150-dən çox ölkəni təmsil edib. Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları onların arasında üstünlük təşkil edib.

Bu rəqəmlərə baxanda aydın olur ki, bura sadəcə yerli turistlərin gəlib bir neçə foto çəkdirdiyi məkan deyil. Palçıq vulkanları artıq Azərbaycana gələn xarici qonaqlar üçün də ayrıca maraq obyektinə çevrilib.

Burada bir-birinin ardınca düzülən vulkan təpələri diqqəti cəlb edir. “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür.

Ərazidə turistlərin vulkanları daha rahat müşahidə etməsi üçün piyada yolları, müşahidə meydançaları və digər infrastruktur yaradılıb. Azərbaycanın palçıq vulkanları ilə bağlı maraqlı faktlardan biri də onların ölkəmizdə geniş yayılmasıdır. Dünyada məlum olan 2 mindən çox palçıq vulkanının 350-dən artığı Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Amma bizim mediatur yalnız vulkanlarla bitmir.

Üz tuturuq sərgi zallarına.

İçəri daxil olan kimi diqqətimi ilk çəkən işıqlı vitrinlərdə nümayiş etdirilən müxtəlif minerallar olur.

Ametist, maqnetit, obsidian, konqlomerat və digər nümunələr...

Hər daşın öz adı, öz quruluşu, öz hekayəsi var.

Palçıq Vulkanları Turizm Kompleksinin bələdçisi Sevinc Hacıyeva bu daşların haradan gətirildiyini, necə yarandığını və hansı xüsusiyyətlərə malik olduğunu elə maraqlı danışır ki, sanki qarşımızdakı sadəcə daş deyil, milyon illik bir tarixdir.

Kompleksdə Azərbaycanın müxtəlif ərazilərindən toplanmış nadir mineral nümunələri nümayiş etdirilir. Sərgidə mineralların adı, kimyəvi tərkibi və götürüldüyü yataq barədə məlumatlar da təqdim olunur.

Divarlarda neftlə çəkilmiş əsərlər, müxtəlif suvenirlər də sərginin ümumi atmosferini tamamlayır.

Təbiət tarixi sərgi zalına daxil olanda sanki başqa bir dünyaya keçirik.

Burada heyvan skeletləri, həşəratlar, sürünənlər, suda-quruda yaşayan canlılar və paleontoloji eksponatlar nümayiş olunur.

Sərgidə Azərbaycan və dünya faunasına aid orijinal heyvan skeletləri var. Rəsmi məlumatda 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat və xüsusi məhlulda nümayiş etdirilən 57 canlı barədə məlumat verilir. Eksponatların bioloji ölümdən sonra toplanaraq mütəxəssislər tərəfindən hazırlandığı bildirilir.

Binəqədidə tapılmış kərgədan skeleti də diqqətçəkən eksponatlardandır.

Amazon meşələrindən gətirilmiş müxtəlif ilan və əqrəblər, müxtəlif heyvan və quş skeletləri də burada nümayiş olunur.

Amma mənim diqqətimi ən çox başqa bir eksponat çəkir.

Şir skeleti..

Bu, sadəcə hər hansı bir heyvanın skeleti deyil. Skeletin arxasında Azərbaycanın kino tarixində və Bakı sakinlərinin yaddaşında iz qoymuş qeyri-adi bir ailənin hekayəsi dayanır.

1970-ci illərdə Bakıda Berberovlar ailəsinin evində şir saxlaması bütün Sovet İttifaqında böyük maraq doğurmuşdu.

Ailə xəstə vəziyyətdə olan şir balasını evlərinə gətirmiş, ona Kinq adını vermişdi. Kinq qısa müddətdə ailənin bir üzvünə çevrilmiş, uşaqlar Yeva və Romanın yanında böyümüşdü.

Sonradan bu qeyri-adi hekayə kinonun da diqqətini çəkdi. Kinq “Oğlan, qız və şir” və məşhur “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” filmlərində iştirak etdi.

Beləcə, Bakıda yaşayan bir şir sovet kinosunun tanınan simalarından birinə çevrildi.

Kinq II də kinoda göründü. Berberovlar ailəsinin həyatından bəhs edən “Şir evdən getdi” filmi ilə yanaşı, “Dədə Qorqud” kimi ekran əsərində də şirin iştirakı ilə bağlı məlumatlar var.

Amma bu dəfə də hekayənin sonu faciəli oldu.

1980-ci il noyabrın 24-də Kinq II Berberovlar ailəsinə hücum edib. Hadisə nəticəsində 14 yaşlı Roman həlak olub, Nina Berberova isə ağır xəsarət alıb. Hadisədən sonra şir öldürülüb.

Bu gün isə Kinq II-nin skeleti həmin muzeydə nümayiş etdirilir.

Bir neçə dəqiqə əvvəl vulkanların arasında təbiətin gücünü seyr edirdik. İndi isə qarşımızda insanla vəhşi təbiətin münasibətinin nə qədər mürəkkəb olduğunu göstərən bir hekayə dayanır.

Səhraya bənzəyən uzun yoldan keçib buraya gələndə özümə bir sual vermişdim:

“Bu yol getməyə dəyərdimi?”

İndi geri qayıdırıq.

Cavabım artıq hazırdır.

Bura yalnız palçıq vulkanın seyr edildiyi yer deyil.

Burada Yer kürəsinin geoloji tarixindən heyvanlar aləminə, minerallardan paleontologiyaya, hətta Azərbaycan kino tarixində iz qoymuş Kinqin hekayəsinə qədər bir-birindən fərqli dünyalarla qarşılaşmaq mümkündür.

Yəni yol uzun olsa da, qarşılığında gördüklərin sadəcə bir neçə vulkan təpəsindən ibarət deyil.

Bəzən uzağa getmək lazımdır ki, ölkənin elə bir üzünü görəsən, şəhərin içində onu təsəvvür belə edə bilməzsən.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30