Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Yeni Azərbaycan” - 24!

“Yeni Azərbaycan” - 24!

11.04.2017 [10:03]

Aprelin 10-da “Yeni Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının 24 ili tamam oldu. “Yeni Azərbaycan” qəzeti 1993-cü ildə müstəqil Azərbaycan Respublikası üçün taleyüklü və mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir vaxtda nəşr olunmağa başlayıb. Belə mürəkkəb şəraitdə dövlətçiliyimizi xilas edən, Azərbaycanı inkişaf yoluna çıxaran Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının rəsmi mətbu orqanı kimi fəaliyyətə başlayan “Yeni Azərbaycan” qəzeti ötən 24 ildə böyük inkişaf yolu keçib.
“Yeni Azərbaycan” qəzeti fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyinə, xalqımızın müqəddəs amallarına əzm və fədakarlıqla xidmət edib, öz prinsipiallığı və mübarizliyi ilə seçilib.
“Yeni Azərbaycan” qəzeti iş prinsipini Yeni Azərbaycan Partiyasının Sədrinin, partiyanın İcra Katibliyinin və İdarə Heyətinin tövsiyə və tapşırıqları əsasında qurur. Qəzet fəaliyyətində Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasəti, onun hərtərəfli fəaliyyətini, partiyadaxili məsələləri, partiyanın beynəlxalq əlaqələrini, eləcə də digər partiyalarla əlaqələrini təbliğ edir. Bütövlükdə, “Yeni Azərbaycan” qəzeti geniş oxucu kütləsinə sahib olmaqla yanaşı, Cənubi Qafqazın ən güclü siyasi təşkilatı, 700 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının mətbu orqanı kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.
Mütərəqqi mətbuat ənənələrimizi uğurla davam etdirən və müasir dəyərlərlə zənginləşdirən “Yeni Azərbaycan” qəzeti hakim və ümumxalq partiyasının orqanı kimi intellektual əsaslarla fəaliyyət göstərərək, cəmiyyətin aktual məsələlərini həmişə diqqətində saxlayıb, mövzu rəngarəngliyi və fərqli üslubu ilə geniş oxucu auditoriyası toplayıb, ictimai fikirdə böyük hörmət qazanaraq aparıcı mətbuat orqanları arasında öz layiqli yerini tutub. Qəzet bu gün milli mətbuatımızın zənginləşməsində özünəməxsus rol oynayır.
Eyni zamanda, “Yeni Azərbaycan” ümumi kütləvi qəzetdir, Azərbaycan cəmiyyətinin bütün sosial zümrələrinin müraciət etdiyi bir mətbu orqandır və cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələri ilə bağlı daim yazıların dərc olunduğu mətbu orqandır. “Yeni Azərbaycan”, eyni zamanda, həm peşəkar səviyyədə iqtisadi prosesləri təhlil edən, proqnozlaşdıran, həm də cəmiyyətdaxili siyasi prosesləri diqqətlə izləyən, təhlil edən, obyektiv nəticələrə gələn qəzetdir. Bu mətbu orqan həmçinin ictimai-siyasi rəyin formalaşmasında özünəməxsus üsul və metodlarla iştirak edən və təsir göstərməyi bacaran bir qəzetdir.
Bununla bərabər, qəzetimiz Azərbaycan ədəbiyyatının, ədəbi nümunələrimizin, klassik ədəbiyyatımızın, incəsənət nümunələrimizin, musiqimizin təbliğ olunmasında, öyrənilməsində mühüm rol oynayır. Bir sözlə, ictimai-siyasi, mədəni humanitar sistemimizin bütün sahələrində “Yeni Azərbaycan” qəzetinin yeri və rolu aydın görünür. Bu sahələr haqqında respublika ictimaiyyətini, xalqımızın nümayəndələrini məlumatlandırır və maarifləndirir. Həmçinin onların vahid dövlət və milli maraqlar ətrafında səfərbər olunmasının təmin edilməsində mühüm rol oynayır.
Hazırda dünyada mürəkkəb proseslərin baş verməsinə baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. “Yeni Azərbaycan” qəzeti də zamanın yeni çağırışlarına və qarşıda duran vəzifələrə uyğun olaraq fəaliyyət göstərir, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrini təbliğ edir, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətini ölkə ictimaiyyətinə çatdırır, daim milli maraqlardan çıxış edir.
“Yeni Azərbaycan” bundan sonra da üzərinə düşən missiyanı şərəflə yerinə yetirməyə çalışacaqdır.
P.S. Əziz oxucular, düz 24 ildir Sizlərləyik. Bu illər ərzində ölkəmizin çoxsaylı uğurlarını diqqətinizə çatdırdıq. Ən böyük arzumuz da Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızın işğaldan azad edildiyi xəbərini sizlərə çatdırmaqdır. İnanırıq ki, “Aprel döyüşləri”ndən sonra o böyük günə daha çox yaxınlaşmışıq.

Paylaş:
Baxılıb: 951 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31