Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Satqınlığı, xəyanəti həyat tərzinə çevirmiş reneqatlar dəstəsi

Satqınlığı, xəyanəti həyat tərzinə çevirmiş reneqatlar dəstəsi

16.12.2017 [00:55]

Yaxud anti-Azərbaycan şəbəkəsinin idarə etdiyi antimilli ünsürlər ölkəmizin və xalqımızın milli maraqlarını satmağı özlərinin peşəsi hesab edirlər
Məlumdur ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin təşəkkül tapdığı Azərbaycanda minlərlə QHT, ictimai birlik, ənənəvi və onlayn media qurumları müvafiq qanunlar əsasında sərbəst fəaliyyət göstərir. Onların fəaliyyəti vətəndaş cəmiyyətinin daha da təkmilləşməsinə, yetkinləşməsinə töhfə verir. Lakin özünü vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi təqdim edən, onun yaratdığı əlverişli imkanlardan, hüquq və azadlıqlardan qidalanaraq əvəzində sistemə dağıdıcı təsir göstərən bir qrup da mövcuddur. Azərbaycanda və ondan kənarda fəaliyyət göstərən bu insanlar və qurumlar mahiyyət etibarilə özlərini demokratik sistem daxilində parazit, virus kimi aparırlar.
Ölkənin milli mənafelərinə xəyanət qarşılığında müxtəlif xarici təşkilatlardan qrant almağı özlərinə həyat yolu seçən bu ünsürlər “jurnalist”, “blogger”, “hüquq müdafiəçisi”, “siyasi fəal”, “QHT rəhbəri” və s. rolları öz aralarında bölüşdürüblər. Cilddən-cildə girən bu insanları Azərbaycan cəmiyyəti yaxşı tanısa da, öz antimilli və ermənipərəst əməllərindən əl çəkmədikcə onların əsl üzünün mediada ifşası da davamlı olacaqdır.
Ailəsinin imtina etdiyi Orduxan Teymurxan
Onlardan biri olan Hollandiyada yaşayan və özünü blogger kimi qələmə verən Orduxan Teymurxan (Bəbirov) Azərbaycanın, xalqımızın əleyhinə danışmaqla Avropada ölkəmizin imicinə zərbə vurmağa çalışır. Azərbaycanda Orduxanın fərari olduğunu yaxşı bilirlər. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə dinc əhali düşmənlə üz-üzə qalanda Orduxan Niderlanda qaçıb özünə ermənilərin köməyilə firavan həyat qurmaqla məşğul idi. Müxalifətçiliyi ölkəyə xəyanətlə, düşmənə xidmətlə səhv salan Orduxanı heç anadan olduğu Cəbrayıl rayonunun bir kəndi olan Cocuq Mərcanlının işğaldan azad olunması belə sevindirmir. Orduxan Teymurxanın ölkəsinə nifrəti o həddə çatıb ki, Avropa Şurası Parlament Assambleyasının 2017-ci ilin qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair müraciət yaymış satqınlar arasında yer almaqdan da çəkinməyib.
Təsadüfi deyil ki, Orduxanın ölkəmizə qarşı iyrənc qarayaxma kampaniyası öz ailə üzvlərini belə bezdirib. Xatırladaq ki, bu ilin aprel ayında Orduxan Teymurxanın ailə üzvləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Orduxanın qardaşı Bəbir Bəbirov, bacıları Rübabə Zeynalova, Sədaqət Ağayeva, Südabə Əliyeva, həmçinin yaxın qohumları Səbuhi Zeynalov, Vüsal Əliyev, Vasif Əliyev, Tural Əliyev, Xəyalə Bəbirli, Turan Bəbirli, Xumar Nəzərova və Vəli Əliyevin imzaladığı müraciətdə deyilir: “Ölkəmizdə yaşamayan və Azərbaycan vətəndaşlığı belə olmayan bir şəxsin respublikamız və onu tərəqqiyə və inkişafa doğru aparan hörmətli Prezidentimizin ünvanına heç bir həqiqətə uyğun olmayan ifadələr işlətməsini pisləyir və şiddətlə qınayırıq. Onun Azərbaycandan kənarda hansısa xarici qüvvələrin təsiri altında həyata keçirdiyi anti-Azərbaycan fəaliyyətini dövlətimizə və xalqımıza qarşı xəyanət kimi qiymətləndiririk. Hesab edirik ki, bu günə kimi həyatda heç bir nailiyyət əldə etməmiş, savadsız bir adamın Azərbaycan hakimiyyətinə iradlar bildirməsi yolverilməzdir”.
Müraciət müəllifləri qeyd edirlər ki, onlar Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və daim dəstəkləməkdə davam edəcəklər: “Prezidentimizin yeritdiyi siyasətə və dövlətimizin qanunlarına qarşı çıxan bu şəxsə öz etirazımızı bildiririk”.
Ailə üzvlərinin belə imtina etdiyi şəxsin hansı üzlə Azərbaycan cəmiyyətinə müraciətlər etməsi, insanları öz yalanlarına inanmağa çağırması anlaşılan deyil.
Ermənilərin hər əmrinə müntəzir - Həbib Müntəzir
Hazırda Almaniyada yaşayan, Azərbaycan dövlətinə qarşı daim düşmənçilik mövqeyi ilə seçilən Həbib Müntəzir də ermənipərəst dairələrin sevimlilərindəndir. “Meydan TV”nin rəhbərlərindən biri olan, sifarişlə çalışan “blogger” Həbib Müntəzir dəfələrlə yalanları ilə özünü ifşa edib. Məsələn, ilin əvvəlində o, Azərbaycan Ordusunda guya təmas xəttində atışma zamanı bir əsgərin öldüyünü, lakin xəbərin gizlədildiyini iddia etmiş, “NİDA”çılar, “cəbhəçilər” və digər bu tipli antimilli ünsürlər də bu yalanı yaymışdılar. Çox keçmədən Müdafiə Nazirliyi Müntəzirin cavabını vermişdi: “Hazırda Almaniyada məskunlaşan, silahlı qüvvələrimizə, əsgər və zabit heyətinə qarşı düşmənçiliyi, ermənipərəst mövqeyi ilə tanınan və yalan məlumatlar yayaraq ictimaiyyəti, sosial şəbəkə istifadəçilərini aldadan Həbib Müntəzir adlı birisinin növbəti yalanı ortaya çıxıb. 24 yanvar 2017-ci il tarixdə sosial şəbəkədə H.Müntəzir Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yayıb, onun fotosunu paylaşıb və Müdafiə Nazirliyinin bu haqda susması iddiasını irəli sürüb. Məlumat veririk ki, əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamatdır və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Bildiririk ki, bu cür və buna bənzər yalan xəbərlərin sosial şəbəkələrdə yayılaraq tirajlanması ailələr üçün böyük narahatlıq doğurur, ictimaiyyət arasında çaşqınlıq yaradır və ordumuzun uğurlarına kölgə salaraq, nüfuzuna xələl gətirmək məqsədi güdür. Eyni zamanda, belə xəbərlərin erməni tərəfi üçün təxribatlar törətməyə əlverişli zəmin yaratdığını nəzərə alaraq ictimaiyyətə, o cümlədən kütləvi informasiya vasitələrinə diqqətli olmalarını tövsiyə edir və informasiyanın dəqiqləşdirmədən yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırırıq”.
Ümumiyyətlə, Həbib Müntəzirin işi Almaniya və Qərb ölkələrinə sığınmaqla Azərbaycana və hakimiyyətə qarşı qara piar aparmaqla bitmir. Bu xəyanətkar sosial şəbəkələrdəki qərəzli və qeyri-dəqiq “post”ları (“status”) ilə düşmən mediasına yem hazırlayır. Bunun nəticəsində Ermənistanın “vaskanapat.info” saytı Azərbaycan haqqında reallığa sığmayan və heç bir fakta əsaslanmayan böhtanları dərc edir və istinad kimi məhz Həbib Müntəzir göstərilir. Bu, bir daha onu sübut edir ki, Müntəzirin “statusları” birbaşa olaraq ermənipərəst çevrələrin və Ermənistanın maraqlarına xidmət edir.
Lakin ermənipərəst Müntəzir təkcə “status” yazmaqla da kifayətlənməyərək ermənilərin aksiyalarında iştirak edir. Belə ki, 2016-cı ildə Prezident İlham Əliyevin Almaniyanın federal Kansleri Angela Merkellə görüşü ərəfəsində bir qrup erməni separatçısının qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları ilə Kanslerin iqamətgahı qarşısındakı piketində Həbib Müntəzir də iştirak edib. Bununla da Həbib Müntəzir erməni separatçıları ilə eyni cəbhədə Azərbaycanın maraqlarına qarşı mübarizə apardığını təsdiqləyib. Bu hərəkətin “Milli şura” deyilən antimilli qurum və Əli Kərimlinin “facebook” qrupu tərəfindən qızğın müdafiəsi isə bu antimilli ünsürlərin eyni ağılda, düşüncədə olduğunu göstərir.
Həbib Müntəzir Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da qərəzli, düşmən mövqeyi ilə seçilir. O, Türkiyədəki son çevriliş cəhdində AKP hökumətini günahlandıraraq “FETÖ” terror təşkilatını dəstəklədiyini nümayiş etdirmiş, bununla əsl simasını bir daha ifşa etmişdi.
“Qrant müharibələri” veteranı Emin Hüseynov
Antimilli qrantyeyənlər dəstəsinin başında dayananlardan biri olan “jurnalist” Emin Hüseynov gəlirlərinə şərik çıxanlara qarşı “amansız mübarizəsi” ilə məşhurdur. O, bir vaxtlar “haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevlə də gərginlik yaşamışdı. Buna səbəb E.Fətullayevin öz yazısında Emin Hüseynovun qrant yeməsindən, onun layihəsi olan “Obyektiv” TV-nin peşəkar olmamasından bəhs etməsi idi.
E.Hüseynov hələ RATİ-nin rəhbəri olan zaman onun işçiləri ilə qul kimi rəftar etməsi, qrant layihələrində nəzərdə tutulan bəzi ştatları boş saxlayaraq həmin vəzifələrə ayrılan pulları mənimsəməsi kimi faktlarla bağlı onu yaxından tanıyan şəxslər tərəfindən dəfələrlə mediada çıxışlar edilmişdi. Məsələn, mərhum jurnalist Ceyhun Nağı “Eminlə niyə işləmək olmur? Və yaxud “qrant-amyotşiklərə” dost məsləhəti” adlı məqaləsində bildirirdi: “Bu layihədə (“Azad dalğalar” - red.) mən də iştirak etmişəm və seçim mərhələsində olan hər iki etapı müvəffəqiyyətlə keçmişəm. Bunu kimsə dana bilməz, çünki layihə rəhbərlərinin göndərdikləri trener Yeqor Tulpinov bu məqamı yazılı şəkildə təsdiqləyib. Layihəyə görə, imtahanda ən güclü nəticə göstərən monitor baş monitor olmalı idi, ümumilikdə isə monitorların sayı 10 nəfər olmalı idi. Məhz mənə görə Emin baş monitor ştatını ləğv etdi. Bu dəqiqə 10 nəfər əvəzinə 8 monitor çalışır. Onlardan 4-ü Tulpinovun imtahanından yaxşı keçib, 4-nü isə, ümumiyyətlə, ora buraxmaq olmaz. Amma bu adamların Eminlə “razılaşmaları” var, ona görə də işləyirlər. Baş monitor ayda, səhv etmirəmsə, 700 avro almalı idi. Olmayan iki monitorun isə aylıq maaşı 400 avrodur. 24 ayda baş monitorun maaşı 16 800 avro, boş qalan iki monitorun maaşı isə 19 200 avro edir. Üst-üstə bu, 36 min avro pul edir. Demək, müxtəlif hibrid adlar altında şərh yazan dostlarımız bilməlidirlər ki, RATİ-nin “əzabkeş” rəhbəri Emin Hüseynov bəri başdan 36 min avronu cibinə qoyub. Sonra da deyirlər ki, Emin sizi müdafiə edir...
Hələ mən dərinə gedib monitorinq üçün kirayə tutulan ofisin aylıq pulunu, kompüterlərin qiymətini və daha nələri bura əlavə etmirəm. Güman edirəm ki, bizi qərəzli olmaqda ittiham edənlər bu rəqəmlərdən sonra, əgər qismən vicdanları varsa, susarlar.
Hüquqdan dəm vuran adam 10 saat iş tələb edir. İlin bu vaxtı internetə girmək olmaz. Layihəyə görə həftədə 22-24 saat monitorinq aparılmalıdır, o, 60 saat tələb edir. Haqqını tələb edənə isə hazır cavabı var: get hüququnu başqa yerdə tələb elə. Axı sən kimsən, ay Emin Hüseynov? Sən kimsən ki, mənim hüququmu pozursan? Bax bu suallara cavab tapa bilmədiyimə görə orada işləmədim”.
Emin Hüseynovla jurnalist Xədicə İsmayıl arasında da “qrant savaşı” baş verib. Hər ikisinin sosial şəbəkələrdə qarşılıqlı ittihamlarından məlumdur ki, Xədicə İsmayıl həbsdə olan zaman Emin Hüseynov əlverişli fürsətdən istifadə edərək X.İsmayılın qrant mənbələrindən gələn axını öz cibinə yönəldib.
Erməni təbliğatının ruporu Qənimət Zahid
Erməni lobbisinin maddi və mənəvi dəstəyi ilə yayımlanan, Fransadakı erməni təbliğatının əsas ruporlarından birinə çevrilən “Turan TV” adlı şər maşını Əli Kərimlinin “sağ əli” olan Qənimət Zahidin ermənilərə daha effektiv şəkildə xidmət göstərməsi üçün yaradılıb. Vaxtilə “Azərbaycan saatı” verilişi vasitəsilə Əli Kərimlinin pul qazanmasını təmin edən Q.Zahid hazırda “Turan TV”ni ölkəmizin milli suverenliyinə təhdid təşkil edən, milli maraqlarımıza əks mövqe tutan, ermənilərlə eyni zindana çəkic vuranların tribunasına çevirib. “Ermənidən daha artıq erməni” olanlar “Turan TV” vasitəsilə ölkəmizə qarşı olan nifrətlərini püskürür, qəzəblərini ifadə edirlər. Q.Zahid məhz bu yolla ölkəmizlə bağlı dünya ictimaiyyətində yalan rəy yaratmaq, yüksək inkişaf yolunda olan Azərbaycan dövlətinə qarşı qısqanclığını ortaya qoymaq istəyir.
“Turan TV”nin efirindən publikaya xitab edənlərin kimliyinə nəzər salmaq deyilənləri təsdiq edir. Məsələn, ABŞ-dakı erməni lobbisinin “əsas adamı” sayılan Beydulla Manafovun “Turan TV”nin ən əsas ekspertlərindən biri olması dediklərimizi təsdiq edir. Kimdir Beydulla Manafov? Özünü “siyasi mühacir” kimi qələmə verən, əslində isə mühacirətinin əsas səbəbi “qohumlarına” daha rahat xidmət göstərmək olan B.Manafovun həyat yoldaşı Raisa Qaykova və kürəkəni ermənidir. Azərbaycana qarşı həyata keçirilən erməni oyununun bir “pazl”ı sayılan B.Manafovun söylədiklərinin ermənilərin diktəsi əsasında hazırlandığına isə heç bir şübhə yoxdur.
Göründüyü kimi, ermənilərin məhz “milli xəyanətkarlar”ın əli ilə ölkəmizə qarşı çirkin planlar həyata keçirməyə çalışmaları göz önündədir.
Jurnalistikamızın “qara üzü” - Xədicə İsmayıl
Mətbuatda gedən məlumatlara əsasən, əslən Sabirabaddan olan Xədicə İsmayıl AXCP-də Əli Kərimlinin qohumu kimi tanınıb və traybolist hisslərə qapılaraq daim onu müdafiə edib. Günlərin birində mətbuat konfransında AXCP sədri Əbülfəz Elçibəyi regionçuluqda ittiham etməsi də Xədicənin Ə.Kərimliyə sədaqətindən irəli gələn məsələ idi. Xədicə Ə.Elçibəyə demişdi ki, “Fazil Qəzənfəroğlunu müdafiə etməyiniz sizin regionçuluğunuza dəlalət etmirmi?” Bəzi jurnalistlər bildirirlər ki, vaxtilə Svetlana imzası ilə Ə.Kərimlinin nəzarətində olan qəzetlərin birində Ə.Elçibəyin bəzi xəstəliklərə yoluxması haqqında dərc olunmuş materialın əsl müəllifi məhz X.İsmayıl olub.
Əslində, bəzi mənbələrə görə, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Xədicə İsmayılın atası Rövşən İsmayılov Xüsusi Maşınqayırma və Konversiya Komitəsində məsul vəzifə tutmuş və müxtəlif maxinasiyalar vasitəsilə əməlli-başlı sərvət sahibinə çevrilmişdi. İstisna deyil ki, Xədicənin korrupsiya mövzusuna “sevgi”si məhz atası Rövşən müəllimin əməli fəaliyyətindən qidalanır. R.İsmayılovun qızına kifayət qədər mal-mülk saxladığı deyilir. Hətta 2009-cu ildə Xədicə Bakı kəndlərindən birində qiyməti bir neçə yüz min dollar olan torpaq sahəsini və mülkünü satmaq istədiyini, lakin münasib alıcı tapa bilmədiyini deyib.
O, 2008-ci ildə “Azadlıq” radiosunun Bakı bürosuna rəhbər təyin olunub və bu vəzifədə 2010-cu ilin sentyabrına qədər çalışıb. Radionun keçmiş əməkdaşı Aygün Muradxanlı “Kaspi” qəzetinə açıqlamasında bu təyinatdan sonra “Azadlıq”da baş verən dəyişikliklər barədə belə deyib: “Mən radioda işə başlayanda Bakı ofisinin rəhbəri Natiq Zeynalov idi. O zaman bizim müsahib problemimiz yox idi. Rəsmilər, hakim partiyanın üzvləri, hakimiyyətə yaxın siyasətçilər, ekspertlər radioya müsahibə də verirdilər, canlı verilişlərə də qatılırdılar. Natiq Zeynalov Praqa ofisinə gedəndən sonra radioya Xədicə İsmayılova rəhbərlik etdi. Bununla da efirdən fərqlilik yox olmağa başladı. Yalnız hakimiyyətə yaxın insanlar deyil, QHT sektorundan, müxalifət düşərgəsindən də xeyli insan radio ilə münasibətini kəsdi. “Azadlıq” radiosu media qurumuna deyil, hakimiyyətə alternativ siyasi partiyaya bənzəməyə başladı. Mən bu durumla bağlı radio rəhbərliyinə məktub yazıb etirazımı bildirmişdim. Ola bilsin ki, mənə qarşı edilən haqsızlıqların səbəbi budur”.
Həmçinin radionun əməkdaşları deyirdilər ki, axşam saat 7-də iş qurtarmamış Xədicənin dostları kütləvi şəkildə “Azadlıq” radiosunun “Caspian Plaza”nın 2-ci mərtəbəsində yerləşən böyük ofisinə toplaşır və səhərə kimi orada qalırdılar. Səhər işçilər ofisə daxil olarkən mətbəxdə çoxlu sayda spirtli içki butulkaları, açılmış konservlər, pivələr görürdülər. Ofisdən səhərlər elə dözülməz iy gəlirdi ki, hətta planlaşdırma vaxtı pəncərələr bir neçə saat açıq saxlanılırdı. “Kaspian Plaza”nın əməkdaşları gecə saatlarında başlayan bu eyş-işrətlə bağlı dəfələrlə ofisin adiministrasiyasına etirazlarını bildirmişdilər. Deyilənə görə, hətta bir dəfə “Kaspian Plaza”nın mühafizə xidmətinin əməkdaşları “Azadlıq” radiosunun pəncərəsindən bayıra qusan və aşağı yıxılmaq təhlükəsi ilə üzləşmiş içkili bir qadını çətinliklə aşağı sala biliblər. Radionun əməkdaşlarının belə hallara etirazı isə heç bir fayda vermirdi.
Xədicə İsmayılın xarici kəşfiyyat orqanları ilə əlaqəsi də təsdiqini tapmış faktdır. Hətta 2015-ci ildə “Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin “The Boston Globe” qəzetində radionun müxtəlif ölkələrdəki bölmələrində çalışan jurnalistlərlə bağlı sensasiya xarakterli bir məqalə ilə çıxış etmişdi. Qodminin məqaləsindən aydın olur ki, vaxtilə radionun Bakı bürosuna rəhbərlik etmiş Xədicə İsmayılın da sıralarına daxil olduğu bu media nümayəndələri əslində jurnalist yox, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri kimi fəaliyyət göstərirlər.
Maraqlıdır ki, X.İsmayılova heç vaxt valideynləri haqqında danışmır. Hətta “Xalq cəbhəsi” qəzetində onun nənəsinin erməni olması barədə iddialara da heç bir reaksiya verməyib. Çünki qəzetə yaxın bəzi adamlarda onun haqqında geniş məlumatlar olduğunu bilir və iç üzünün ifşa olunacağından çəkinir. Ermənilərlə bir cəbhədə olduğunu dəfələrlə isbatlayan Xədicənin 2014-cü ilin 24 sentyabr tarixində ATƏT-in Varşava bürosunun təşkil etdiyi konfransda Dağlıq Qarabağ mövzusunda azərbaycanlı QHT təmsilçisinin çıxışı zamanı ermənilərlə birlikdə ayağa qalxaraq arxasını çevirməsi yaddaşlardan silinməyib.
Fəal jurnalist kimi fəaliyyətini donduran X.İsmayıl gəlir mənbələrini gizlədərək vergidən yayınmaqla da məşğuldur. Bununla da o, xarici donorların “5-ci kolon”u funksiyasını yerinə yetirdiyini ört-basdır etməyə çalışır.
Azərbaycan dövlətinə və xalqına xəyanət simvolları - Leyla və Arif Yunusovlar
Antimilli şəbəkənin fəaliyyətində Leyla və Arif Yunusovların özünəməxsus yeri vardır. Bu cütlüyün Azərbaycanda olduqları zaman xaricdən aldıqları külli miqdarda qrantlar qarşılığında açıq-aşkar anti-Azərbaycan fəaliyyət göstərdiyi, hətta ermənilərlə birgə layihələr həyata keçirdiyi məlumdur. 2013-cü ilin əvvəlində L.Yunusun rəhbərlik etdiyi “Sülh və Demokratiya İnstitutu” və Ermənistandakı “Region” araşdırma mərkəzi tərəfindən birgə sayt yaradılıb. Hətta həmin ilin yanvarında Yerevanda bu saytın təqdimatı keçirilib. L.Yunusun şərik olduğu bu layihə elə ilk gündəcə anti-Azərbaycan mahiyyəti daşıyıb və Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsinə yönəlib. Layihənin ilk qonağı olan Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannisyan öz ölkəsinin işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıb və separatçı rejimi, işğal altında olan torpaqlarımızı “Dağlıq Qarabağ Respublikası” adlandırıb.
Bu, L.Yunusun Azərbaycan xalqına birinci xəyanəti deyil. Onun dövlətimizə qarşı yönəlmiş fəaliyyəti ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hələ AXC-”Müsavat” hakimiyyəti dövründə L.Yunus Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və videomaterialları erməni tərəfinə ötürüb. Bunun müqabilində də külli miqdarda pul əldə edib. Daha sonra nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesabına köçürüb. Həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunusov və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunusov da Azərbaycan haqqında məxfi materialları erməni tərəfinə ötürüblər.
L.Yunusun erməni xüsusi xidmət orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olduğu yönündə mətbuatda məlumatlar işıq üzü görüb. Həmçinin L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. Bundan başqa, Yunusovlar ailəsinin erməni qohumlarının bəziləri Rusiyada yaşayırlar. Hətta şər duetinin bu qohumları ilə biznes ortaqlıqları olması barədə məlumatlar da mətbuat səhifələrində özünə yer tapıb. Bundan əlavə, Yunusovlar ermənilərə “ayı xidmətləri”nə görə dəfələrlə mükafatlandırılıblar. Bu mükafatlar hesabına L.Yunus xaricdə mal-mülk sahibinə də çevrilib.
Təsadüfi deyil ki, özünü “hüquq müdafiəçisi” adlandıran, Ermənistan və müxtəlif ölkələrdəki erməni diasporları ilə sıx əlaqələri olan Leyla Yunus bir dəfə də olsun, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən azərbaycanlıların hüquqlarının bərpası haqqında nəinki iş görməyib, heç bir fikir də səsləndirməyib.
Leyla Yunusun əsl simasını ifşa edən daha bir tutarlı sübut isə bu yaxınlarda təqdimatı keçirilən vəkil Elçin Qəmbərovun “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabdır. Kitabın bir yerində qeyd olunub ki, Leyla Yunus qızına “azərilərə inanma”, - deyir. Bu sözü, adətən, ermənilər deyirlər. Zaman da onun kim olduğunu üzə çıxardı. Kitabda Leyla Yunusun Azərbaycanda yaşadığı dövrdə, “Sülh və Demokratiya İnstitutu” adı altında dəfələrlə Ermənistana səfər edərək, orada Azərbaycan əleyhinə müxtəlif görüşlər keçirməsinin mahiyyəti öz əksini tapıb. “Hər şey tamah, mənfəət naminə prinsipi ilə işləyən” Leyla Yunusun törətdiyi çirkin əməllər təkzibedilməz faktlarla, konkret sənədlər və əyani sübutlarla ictimaiyyətə təqdim edilir. Leyla Yunusun hakimiyyətin onu həbsdən azad etməyəcəyi təqdirdə ATƏT-in Minsk Qrupunu Ermənistanı dəstəkləməyə çağırışı, onun siyasi mənfəət naminə düşmənə dəstək verməsi təsadüfi deyil. Hələ 1991-ci ildə Dağlıq Qarabağda qanunsuz silahlı erməni birləşmələrinə qarşı keçirilən “Çaykənd əməliyyatı” zamanı AXC İdarə Heyətinin üzvlərinin, o cümlədən Leyla Yunusun beynəlxalq ictimaiyyətə ünvanlanmış Azərbaycanın Dağlıq Qarabağda erməniləri etnik təmizləmə istiqamətində fəaliyyətini dayandırmağa çağırışları, eləcə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya dinc erməni əhalisinə qarşı vəhşiliklər törədildiyi barədə ittihamlar səsləndirməsi onun şəxsi maraqları, ambisiyaları naminə hər şeyi qurban verməyə hazır olduğunu göstərir. Kitabda Leyla Yunusun hüquq müdafiəçisi adı altında rəhbərlik etdiyi təşkilatın bank hesabına bir sıra QHT-lər, o cümlədən Demokratiyaya Yardım Milli Fondu, Marşal Fondu və digər donor təşkilatlardan köçürülmüş 1 milyondan artıq vəsaitin böyük hissəsini qanunsuz yollarla mənimsəyərək dövlət əleyhinə istifadə etməsi əksini tapır.
Sadalananlar Azərbaycan əleyhinə fəaliyyət göstərən “sapı özümüzdən olan baltalar”ın əməllərinin yalnız bir qismidir. Bütün canfəşanlıqlarına baxmayaraq, bu insanlar Azərbaycan həqiqətlərinə kölgə salmaq, ictimai rəyi çaşdırmaq niyyətlərinə nail olmayıblar. Pul qarşılığında şərəf və ləyaqətini, vətənini və xalqını satan bu insanların bu dünyada əsl qazancı əbədi rüsvayçılıqdan başqa bir şey deyil.
“YAP SM” Araşdırma Qrupu

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31