/ / “Təsəllim budur ki, sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim”
“Təsəllim budur ki, sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim”
30.08.2018 [09:07]
Əməkdar jurnalist Flora Xəlilzadənin 65 yaşı tamam olur
Onun şəxsiyyətinə və imzasına böyük hörmət var. Publisistik yazıları, şeirləri sonsuz həvəslə oxunur, radio və televiziyada, ədəbi məclislərdə, yubiley yığıncaqlarında ürəkdən xəbər verən çıxışları maraqla dinlənilir. Oxucuları onun yazılarında təbiətin özü kimi rəngli, təravətli boyalar axtarır, yazılarını zamansız yazılar adlandırırlar. Saysız-hesabsız məqalələri, kitabları, ssenariləri ilə ədəbi ictimaiyyət arasında özünəməxsus yer tutur. Onu biz həm də yorulmaz tədqiqatçı kimi tanıyırıq. Şuşanın tarixi, bu günü, eləcə də Azərbaycanın hökmdar qadınları haqqında tapıntıları var. Haqqında bəhs etdiyimiz səbəbkar - Əməkdar jurnalist Flora Xəlilzadə bu günlərdə 65 yaşını qeyd edir.
“İlk nəfəsim, son sözüm də Uruddu”
Məlumat üçün bildirək ki, tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Flora Xəlilzadə 1953-cü ildə Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində dünyaya göz açıb. İndi o kənd ancaq xatirələrində və qələmə aldığı əsərlərində yaşayır. “İlk nəfəsim, son sözüm də Uruddu” deyib Vətən həsrəti ilə içi od püskürür, qələmi alov saçır. Hər bir misrasında da bu yanğını görməmək mümkün deyil.
Vətən hey!
Anamın uzalı əli
Yanağımdan süzülən inci seli
Alışan, quruyan dilim-Vətən hey!
Könlüm ağlar ötənə,
Ümid bağlar yetənə.
Ovul, ürəyim, ovul,
Əlim çatmaz Vətənə.
Quş damından vəfalı,
Daş da məndən vəfalı.
İldə bir yol Vətəndə
Qış da məndən vəfalı.
Vağədi kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olub. Gözdən uzaq, qəlbə yaxın ellərdə - Urudda yaraşıqlı, ürəyiyuxa, analar anası Gözəl xanım qızını Bakıya göndərəndə ona tövsiyəsi, öyüd-nəsihəti bircə notda köklənmişdi - elimizə, nəslimizə, valideynlərinin adına ucalıq gətir, şərəflə yaşa, çalış, ümidlərimiz sən sarıdan həmişə çiçəklənsin, gül açsın. İllər keçdi. Gözəl ananın qəlbindən keçənlərin hamısı pöhrələndi, al-əlvan çiçəklər kimi boy göstərdi gənc Floranın həyatında. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə, öz çörəyini özü qazanmağa başladı. Belə ki, 1977-ci ildə ali təhsilini başa vuraraq bir müddət “Azərbaycan təbiəti” jurnalında işləyib. Özünün də dediyi kimi, təbiətə vurğunluğunu daha da artıran amillərdən biri də məhz görkəmli alim, akademik Həsən Əliyevin kuratorluğu və rəhbərliyi ilə çıxan nəşrdə çalışması olub.
Şəhər günlərinin havası ağır,
Şəhər küləyindən qorun, amandır.
Könlümə kəndçilik havası yağır,
Kənddən aralıyam xeyli zamandır.
Üz tutub getməyə yerim yox indi,
Vətəndə vətənsiz olan çox indi,
Dəli könlüm, şimşək kimi çax indi,
Sənin dağlarının başı dumandır.
Bundan başqa “Azərbaycan müəllimi” və “Azərbaycan” qəzetlərində fəaliyyət göstərib, “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub.
“Yadigarlar”...
Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Yadigarlar” verilişinin yaradıcısı, layihə rəhbəri, oğlu Bəhruz Niftəliyevlə birgə aparıcısıdır. Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində, elm və mədəniyyətində, sosial-iqtisadi inkişafında böyük xidmətləri olan, iz qoyan insanların bioqrafiyasına, xidmətlərinə əsl publisist və vətəndaş baxışı, sevgisi sərgilənən bu proqramda neçə-neçə unudulmaqda olan vətən oğulları, el ağbirçəkləri barədə foto və video görüntülər, bu şəxslərin müasirlərinin və mənəvi övladlarının xatirə-söhbətləri təqdim olunur. Əslində, onları yada salmaqla müəllif Azərbaycan xalqının necə böyük mənəvi sərvət sahibi olduğunu bir daha seyrçilərin nəzərinə çatdırır. Tamaşaçıların təbirincə desək, Flora Xəlilzadə hansı sənət adamından söz açırsa, onun tərcümeyi-halında elə cizgilər, elə məlum olmayan məqamlar tapır ki, o sənət adamını bir daha özün üçün kəşf etmiş olursan. Sadə, aydın, səlis və duru bir dillə o, sənətkarların bir növ ədəbi portretini yaratmağa çalışır.
“Mənim ruhumda böyük Məmməd Araz var”
Flora xanımın Məmməd Araz sevgisi isə ölçüyə gəlməz. Onun istedadlı bir qələm sahibi və şair kimi parlamasında hər zaman həyatda özünün ustadı və arxası sandığı Məmməd Arazın qayğısı böyük rol oynayıb. Məmməd Arazla Flora xanımın qohumluğu isə bu sevginin özülüdür. Müsahibələrindən birində “Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Arazın anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə də, sinədəftər xanım idi. Bizim nəsildə hər kəsin bir şeir dəftəri var. Amma Məmməd Araz nəslimizin Xan Çinarıdır”, - söyləyən Əməkdar jurnalist Flora Xəlilzadə bu gün Azərbaycan publisistikasında öz sözünü demiş qələm sahiblərindəndir. Flora xanım özü hazırladığı, 7 cildlik nəzərdə tutulan “Yazdıqlarım” adlı külliyyatının I cildinin müqəddiməsində bu sevginin səbəbini daha gözəl izah edir: “Sözün dərgahında, sözün hüzurunda həmişə başı uca dayanmaq üçün ürəyimin diktəsindən uzağa getməməyə çalışdım. Bu çarpışmaların, ziddiyyət dolu həyatın içində istəyimə nə dərəcədə nail oldum deyə bilmərəm. Tanrı bilir ki, söz mənim üçün dünyanın bütün var-dövlətindən yuxarıda dayanır. Söz mənim üçün diri bir xilqətdir, müqəddəs varlıqdır. Baxır bu xilqəti, varlığı necə duyursan, onu oxucuya, ya da səni eşidənə necə çatdıra bilirsən? Sözün məlhəmi də əvəzsizdir, yarası da dərindir... Təsəllim budur ki, sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim, oxucu diqqəti qazandım, məhz sözün sayəsində dünyanı dolaşdım!”
“Flora xanım qəhrəmanlarının sözlə portretini çəkir, onların daxili dünyasını min bir rənglə və incəliklə qələmə alır”
Flora Xəlilzadənin jurnalist məharəti, publisist kimi özunəməxsusluğu, bədii (şeir və nəsr) yazılarındakı orijinal, fərdi çalarlar haqda onun qələm dostları da hər zaman öz ürək sözlərini söyləməkdən çəkinmirlər.
“Flora xanım böyük məhəbbətlə həssas qəhrəmanlarının sözlə portretini çəkir, onların daxili dünyasını, yaşantılarını, arzularını min bir rənglə və incəliklə qələmə alır. Nəticədə oxucu ədəbiyyatımızda iz salan böyük insanları çox yaxından tanımaq imkanı qazanır. Ürəkdən gələn sözün özünəməxsus cazibəsi var. Qəlbdə elə ovqat yaradır ki, sözün ovsunu səni əməlli-başlı tərk-silah edir, imkan vermir ki, ondan ayrılasan. Söz həmişə sahibinin kimliyini bəyan edir. İmzasına hörmətlə yanaşdığım, yazılarını bəyəndiyim AYB-nin üzvü, tanınmış yazıçı-publisist, həm də şairə Flora Xəlilzadənin “Ön söz” yazmaq üçün mənə verdiyi “Yazdıqlarım” kitabının maketini vərəqləyəndə bu hissləri yaşadım”. Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yubilyarın “Yazdıqlarım” kitabındakı “Söz sözü çəkər...” adlı “Ön söz”ündə qeyd edib.
“Yollar açılsa, bağımızdan bir ovuc torpaq gətirib, qəbrim üstünə tökərsiniz”
Qırx ildən çoxdur peşəkar jurnalist kimi mətbuatda çalışan Flora Xəlilzadənin “Bənövşə ətirli səs”, “Analar”, “Bu, mənim tale yolum”, “Taleyimdən keçən adamlar”, “Məmməd Araza məktub”, “İgidliyin son zirvəsi”, “Ruhumuzun ünvanı Şuşa” və digər publisistik kitabları ilə yanaşı, ədəbi yaradıcılığının məhsulu olan “Ruhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxular” adlı şeir kitabları da çap olunub. “Mənim qəhrəmanlarım mənəviyyat adamları, sözlə sənət mülkü ucaldanlar və əsl ləyaqət sahibləridir”, - deyən Flora xanımın şeirlərində peşəkarlıqla yanaşı, incə lirizm, həzin kədər, yurd nisgili, torpaq həsrəti oxucunu düşünməyə sövq edir. Təsadüfi deyil ki, Flora Xəlilzadə şeirlərində bəzən doğma Uruduna pərvazlanır, elinin, obasının, ocaq yerinin, anasının bişirdiyi çörəyin, ata yurdunun ətrini alır. Müsahibələrin birində qeyd edir: “Tez-tez anamı ziyarətə gedirəm. Onun qəbri üstündə toxtaqlıq tapıram. Amma çox qəribədir ki, hava pis olan günlərin gecəsi mütləq anam yuxuma gəlir və qəti şəkildə onu ziyarətə getməyimi istəmir. Sanki havanı, narahatlığımı, qayğılarımı duyub, hiss edir. Artıq özüm müəyyən yaşa gəlmişəm, amma bu möcüzəni hələ də anlaya bilmirəm. Anama mən şəhid deyirəm. 1988-ci ilin payızında ermənilər Zəngəzurun Urud kəndində bütün dinc əhalini ev-eşiyindən etdilər. O biçarələri gətirib Şahbuz yaxınlığında olan dərəyə, qarın içinə atdılar. Anam da onların içində idi. Əmim oğlu gedib onu qolları üstündə Naxçıvana gətirdi. Oradan da Bakıya. Amma anam o yatan yatdı. Elə o sarsılan sarsıldı. Son sözü də “yollar açılsa, bağımızdan bir ovuc torpaq gətirib, qəbrim üstünə tökərsiniz” oldu. Hələ də tökə bilməmişəm, açılmayıb hələ də o yollar...”
Dözmədi bu dərdə,
dözmədi anam,
Gözlərin nəm tutdu,
ürəyin qubar.
Ölüncə ümidin üzmədi anam;
Açılsa o yollar, gəl, məni apar!..
Bu gün öz işini uğurla davam etdirir Flora Xəlilzadə. Yeni yaradıcılıq axtarışları və tükənməz sevgi ilə xalqın dəyərli ziyalılarını, ədiblərini geniş kütləyə tanıdır, ömürlərə işıq salır, unudulanları xatırlayır. Ən maraqlısı da odur ki, Flora Xəlilzadə bu gün təkcə özü mətbuatda külüng vurmur, həm də övladları Elnur və Bəhruz onun yolunu sevə-sevə davam etdirirlər.
Flora Xəlilzadənin çəkdiyi zəhmət hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü kimi bir çox mükafatlara layiq görülüb. Hər zaman yaradıcı adamlara diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin sərəncamları ilə aldığı “Tərəqqi” medalını və “Əməkdar jurnalist” fəxri adını isə həyatının ən böyük uğuru hesab edir.
P.S. “Yeni Azərbaycan” qəzeti olaraq uzun illər ərzində oxucuların və tamaşaçıların qəlbinə yol tapmış Flora Xəlilzadəni təbrik edir, ona möhkəm can sağlığı, bundan sonra da məhsuldar yaradıcılıq arzulayırıq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53

