Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkəmizdə əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm addımlar atılır

Ölkəmizdə əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm addımlar atılır

11.10.2018 [08:27]

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda elektrik enerjisinin verilişini təmin edən infrastruktur yenilənir, hava ötürücüləri dəyişdirilir
Bütün sahələrdə mühüm inkişaf əldə etmiş Azərbaycan enerji sahəsində də əsaslı nailiyyətlərə imza atır. Vurğulanmalıdır ki, respublikamızda 2004-cü ildən bəri həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası ölkə boyu enerji sektorunda da müsbət reallıqların yaranmasına yol açıb. Bunu həm də müasir infrastruktur quruculuğunun timsalında aydın şəkildə müşahidə etmək mümkündür. Məhz ardıcıllıqla həyata keçirilən proqramlar, yeni layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib.
Məlumat üçün bildirək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 il ərzində isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində onlarla elektrik stansiyası tikməyə nail olub. Hazırda ölkənin elektroenergetika sistemində ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır.
Bu istiqamətdə atılan addımlardan danışarkən vurğulamaq yerinə düşər ki, energetika sahəsində müəyyən edilən uğurlu strategiyanın davamı olaraq yaradılmış “Azərişıq” tərəfindən “Paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması və inkişaf etdirilməsi məqsədilə 2016-2025-ci illər üzrə Master Plan” hazırlanaraq təsdiqlənib və hazırda uğurla davam etdirilir. Beləliklə, ötən illər ərzində ölkə üzrə 44 ədəd 110 kV-luq, 167 ədəd 35 kV-luq yarımstansiyalar və 5 mindən çox transformator məntəqəsi inşa olunub, 54 min kilometr hava və kabel xətti çəkilib, 1 milyon 600 mindən artıq müasir tipli elektron sayğaclar quraşdırılıb. Görülmüş tədbirlər nəticəsində regional şəbəkələrdə xroniki hal almış ifrat yüklənmələr, qəza açılmaları minimuma endirilib, şəbəkələrin güc qəbuletmə qabiliyyəti iki dəfədən çox artırılıb, istehlakçıların, xüsusən də meqalayihələrin və mötəbər beynəlxalq tədbirlərin stabil enerji təchizatı təmin olunub. Paylayıcı şəbəkənin dayanıqlılığının artırılması texniki itkilərin azalmasına səbəb olub.
Qeyd edilməlidir ki, 2006-cı ildə Cənub bölgəsində inşa edilən 87 MVt gücündə olan Astara, Şəki, Xaçmaz elektrik stansiyaları, eləcə də 5 MVt gücündə Naxçıvan Muxtar Respublikasında Vayxır su elektrik stansiyası, 64 MVt gücündə Naxçıvan qaz-turbin elektrik stansiyası, 87 MVt Naxçıvan elektrik stansiyası istifadəyə verilib. Bununla yanaşı, sonrakı illərdə 104 MVt gücündə Bakı elektrik stansiyasının, 300 MVt gücündə Səngəçal elektrik stansiyasının, 104 MVt gücündə “Şahdağ” elektrik stansiyasının, 525 MVt gücündə Sumqayıt elektrik stansiyasının, 20 MVt gücündə Biləv su elektrik stansiyasının, 5,6 MVt gücündə Qobustan Hibrid elektrik stansiyasının, 25 MVt gücündə “Şəmkirçay” su elektrik stansiyasının, 780 MVt gücündə “Cənub” elektrik stansiyasının, 25 MVt gücündə “Taxtakörpü” su elektrik stansiyasının və digərlərinin açılışı keçirilib. Ötən il “Pirallahı” günəş elektrik stansiyası, “Balakən-1” kiçik su elektrik stansiyası, “Çiçəkli” kiçik su elektrik stansiyası respublikanın elektroenergetika sisteminə daxil edilib. Bundan başqa, Yevlax rayonu ərazisində altmış il əvvəl inşa olunmuş Varvara Su Elektrik Stansiyasının yenidən qurulması işləri yekunlaşdırılıb. Yenidənqurma nəticəsində stansiya 18 MVt qoyuluş gücünə çatdırılıb.
İnfrastruktur yenilənməsi öz növbəsində ölkəmizdə enerji istehsalının da artımına yol açıb. Cari ilin 4 ayı ərzində əldə edilən nəticələr də deyilənləri təsdiqləyir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin dörd ayı ərzində ölkədə 7 milyard 850,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bu həcmin 7 milyard 23 milyon kilovat/saatı istilik elektrik stansiyalarında, 517,1 milyon kilovat/saatı su elektrik stansiyalarında, 11,3 milyon kilovat/saatı günəş elektrik stansiyalarında (GES), 5,4 milyon kilovat/saatı külək elektrik stansiyalarında (KES), 0,6 milyon kilovat/saatı isə şərti termik stansiyalarda istehsal edilib.
Ölkədə yeni generasiya güclərinin yaradılması ilə paralel şəkildə, paylayıcı şəbəkənin dayanıqlılığının artırılması da diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə işlər Azərbaycanın bütün regionlarını əhatə edir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) paylayıcı şəbəkədə tikinti, yenidənqurma və bərpa işlərinin miqyasını artırmaqdadır. Xüsusi olaraq vurğulayaq ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkəmizdə enerji istehsalında və istehlakındakı keyfiyyət ildən-ilə artmaqdadır.
Məsələn, son məlumata görə, ölkəmizin cənub regionunda elektrik enerjisi infrastrukturu yenidən qurulur. Belə ki, Səhmdar Cəmiyyət tərəfindən cənub regionunda aparılan yenidənqurma işləri davam etdirilir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, əhalinin, kənd təsərrüfatı, sənaye, turizm və iaşə obyektlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 9 ayı ərzində əsaslı işlər görülüb. Azərbaycanın turizm sektoruna daxil olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılır. Xüsusən də qış aylarında bu ərazidə kəskin hava şəraitini nəzərə alaraq, “Azərişıq” ASC çətin relyefdə ən etibarlı elektrik dayaqları ilə dayanıqlı enerji nəqlinə nail olub. Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzindən İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. “Cənub” Regional Elektrik Təchizatı və Satış İdarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kilovoltluq hava xəttində 136 ədəd yararsız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. Rayonun bir sıra kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər tamamilə aradan qaldırılıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün 12 min metr SİP kabelləşmə aparılıb, 400-dək yeni dəmir dayaqlar basdırılıb. Yeni güc mənbələrinin yaradılması üçün 9 ay ərzində 10-dan yuxarı komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Abonentlərin sayğacla təmin edilməsində də xeyli uğura nail olunub. Cari ildə Lerik rayonunda 1200-dən çox istehlakçı yeni sayğacla təmin edilib.
“Cənub” RETSİ-yə daxil olan Yardımlı rayonunda da bu ilin 9 ayı ərzində elektrik enerjisinin ötürülməsində əhəmiyyətli dəyişikliyə nail olunub. Abonentlərin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatı üçün “Azərişıq” ASC tərəfindən Yardımlı rayonu ərazisində 70 ədəd 10 kilovoltluq metal dayaq, 828 ədəd 0.4 kilovoltluq metal dayaq basdırılıb, 38 220 metr məsafədə kabelləşmə işi aparılıb. Yeni güc mənbəsi kimi 9 ədəd KTM quraşdırılaraq istifadəyə verilib. Rayonun bütün kəndlərində çətin relyef və məsafə uzaqlığına baxmayaraq, təmir-bərpa işləri aparılıb, abonentlər etibarlı elektrik enerjisi ilə təmin olunub.
Eləcə də ölkəmizin qərb bölgəsində enerji istehsalı ilə bağlı mühüm addımlar atılmaqdadır. Belə ki, Tovuz rayonunda elektrik enerjisinin verilişində keyfiyyət artırılmaqdadır. Bu ilin ilk yarısında görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) “Aqropark” hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilib, bəzi yerlərdə 10 kV-luq dayaqlar da quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb. Rayonun Qovlar qəsəbəsində yeni transformator quraşdırılıb. 810 abonentin mövcud olduğu Əlimərdanlı kəndində isə 9 ədəd KTM quraşdırılıb. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yenilənib, 35 min 765 metr məsafədə kabelləşmə işi aparılıb.
Qeyd edildiyi kimi, ölkə Prezidentinin tapşırıqları əsasında enerji istehsalı və istehlakının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan fəaliyyət regionlarımızın, hətta ucqar kəndlərin belə fasiləsiz elektrik enerjisi ilə təminatında əsaslı rol oynayıb. Bu ilin avqustunda İsmayıllı rayonunda yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışı olub. İsmayıllı Elektrik Şəbəkəsinin xidməti ərazisində son üç ildə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, inkişafda olan turizm, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, üç kəndin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bununla da İsmayıllı Elektrik Şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər ciddi şəkildə azalıb. Qeyd edək ki, yaxın perspektivdə 110/10 kilovoltluq “Qubaxəlilli” yarımstansiyasının yenidən qurularaq 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, 35/10 kilovoltluq “Ağçay” yarımstansiyasının tikilməsi nəzərdə tutulur.
Müasir üslubda yenidən qurulan “İsmayıllı” yarımstansiyası vasitəsilə İsmayıllı şəhərinin və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Ümumiyyətlə, 22 min 148 abonentin elektrik enerjisi ilə təmin edilməsi 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyası vasitəsilə yerinə yetirilir.
Eyni zamanda, ölkədə yeni generasiya güclərinin yaradılması və dayanıqlı, yüksəkkeyfiyyətli enerji təchizatı, istehsalı və istehlakı sisteminin qurulması ilə bağlı perspektiv planlar da kifayət qədər genişdir. Qeyd edilməlidir ki, icra olunan müvafiq Dövlət proqramları, həyata keçirilən tədbirlər ölkəmizin bütün regionlarının fasiləsiz elektrik enerjisi ilə təminatına yönəlib.
Pərviz SADAYOĞLU
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31