Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir

05.01.2019 [10:14]

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ölkəmizdə şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan növbəti əhəmiyyətli addım kimi qiymətləndirilir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələrin inkişafı, həmçinin əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır. Daha dəqiq desək, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən sayılan sosial təminat və vətəndaşların rifah halının daha da yüksəldilməsi daim dövlətin diqqətindədir. Xüsusilə, ölkəmizdə son 15 ildə əldə olunan inkişaf nəticəsində sözügedən istiqamətdə Fərman və sərəncamlar imzalanıb, müvafiq layihələr həyata keçirilib. Bu isə öz növbəsində aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və əlilliyi olan şəxslərin sosial təminatında əsaslı rol oynayıb. Məhz həyata keçirilən siyasətin nəticəsidir ki, Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilir, onların sosial rifah halının yüksəldilməsi üçün davamlı tədbirlər görülür.
Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi üçün çoxşaxəli işlər görülür
Yuxarıda da vurğulandığı kimi, ölkəmizdə sosial qayğıya ehtiyacı olan insanlar daim dövlətin diqqət mərkəzindədir. Eyni zamanda, son illərdə qaçqın və məcburi köçkünlər, şəhid ailələri, eləcə də digər aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin, maddi vəziyyətinin yaxşılaşdırılması üçün çoxşaxəli işlər görülür. Məsələn, ölkəmizdə 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Ötən il 20 min məcburi köçkünə (5800 ailə), 2017-ci ildə isə 12 min məcburi köçkünə yeni mənzillər verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər 2017-ci ildə mənzil və fərdi evlə təmin olunub. Ölkə başçısının 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına imkan yaradıb. Ötən il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və bu il ən azı 800 mənzil veriləcək.
Bundan başqa, Qarabağ müharibəsi əlilləri dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. 2018-ci ilin noyabrına qədər ümumilikdə müharibə əlillərinə 6144, o cümlədən 265 avtomobil verilib. 2017-ci ildə əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib. İl ərzində dövlət vəsaiti hesabına 1800-2000 nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilib.
Bununla yanaşı, ölkəmizdə şəhid ailələrinə 242 manat məbləğində aylıq Prezident təqaüdü verilir. Eyni zamanda, Milli Qəhrəmanlara və ya həlak olanların ailələrinə aylıq 1500 manat Prezident təqaüdü ödənilir. Milli Qəhrəman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir. Müvafiq kateqoriyadan olan insanların əmək pensiyasına hər ay müəyyən həcmdə vəsait əlavə olunur. Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Bundan başqa, şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət ödənilir. Eləcə də şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təcəssümüdür
Qeyd olunduğu kimi, dövlətin sosial siyasətində şəhid ailələrinə diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının şəhid ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar hər zaman yüksək dəyərləndirilir. Bu məqamda qeyd edək ki, Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da dövlətimizin bu qəbildən olan insanlara, ailələrə diqqət və qayğısının bariz nümunəsidir. Xatırladaq ki, Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, müvafiq sənədlər əsasında hazırlanan siyahılar üzrə vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 10 minə yaxındır. Yuxarıda qeyd olunan kateqoriyadan olan hərbi qulluqçuların vərəsələrinə ödənilməkdən ötrü ötən il üçün 58 milyon, 2019-cu il üçün isə 50 milyon manat maliyyə vəsaiti ayrılıb. Ötən il dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimindəki çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, builki prezident seçkilərindən dərhal sonra imzalanan birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub: “Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.
Öz növbəsində, şəhid ailələri, şəhid hərbi qulluqçuların vərəsələri dövlətin diqqət və qayğısını yüksək qiymətləndirirlər. Belə ki, bizimlə söhbətində şəhid hərbi qulluqçuların vərəsələri onlara dövlət başçısının müvafiq Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsindən razılıqlarını bildirir, prosesin şəffaflığının təmin olunduğunu deyirlər. Məsələn şəhid hərbi qulluqçu Elbəyi Orucovun həyat yoldaşı Dilşad Orucova deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı çox yüksək qiymətə layiqdir: “Həyat yoldaşım Elbəyi Orucov Azərbaycanın çətin dövrlərində vətən torpağı uğrunda döyüşlərdə, 1992-ci ildə Ağdərə uğrunda gedən hərbi əməliyyatlarda şəhid olub. Onun Vətən qarşısında xidmətlərinə görə ailəsinə, vərəsələrinə diqqət göstərilməsi bizi qürurlandırır. Ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
D.Orucova şəhid hərbi qulluqçuların vərəsələri üçün nəzərdə tutulan on bir min manat məbləğindəki birdəfəlik ödəməni heç bir çətinlik çəkmədən aldığını bildirib: “Birdəfəlik ödəmə alan vərəsələr siyahısında olduğumuzu dəqiqləşdirdikdən sonra sənədləri hazırladım və müvafiq olaraq təqdim etdim. Qısa zamanda heç bir maneə ilə üzləşmədən həmin yardımı aldım”.
Birdəfəlik ödəmə alan digər bir şəhid vərəsəsi - Bayram Mərdanlı da Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətini yüksək qiymətləndirərək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğıdan razılığını ifadə edib. Oğlu şəhid Alay Mərdanlının vərəsəsi kimi tanınan B.Mərdanlı bildirib ki, oğlu 1970-ci ildə Sumqayıt şəhərində anadan olub və müharibə başlayanda cəbhəyə yollanıb. Ağdam rayonunda gedən döyüşlərdə iştirak edən və Sumqayıt batalyonunun bölük komandiri olan A.Mərdanlı 1994-cü ildə Ağdamda Şelli-Qaraqaşlı kəndləri uğrundakı döyüşlərdə şəhid olub. B.Mərdanlı deyib ki, dövlətin və Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi bu qayğı və diqqətdən razıdırlar. O qeyd edib ki, birdəfəlik ödəmənin alınması üçün müvafiq sənədləri təqdim edərək həmin ödənişi almaq hüququ qazanıb. Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı addımları yüksək qiymətləndirən B.Mərdanlı diqqət və qayğıya, həyata keçirilən humanist siyasətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Azərbaycan ictimaiyyəti müvafiq Fərmanı dövlət başçısının humanist siyasətinin daha bir ifadəsi kimi dəyərləndirir
Vurğulanmalıdır ki, ölkə başçısının imzaladığı Fərman növbəti humanist addım olaraq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Daha doğrusu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının ailə üzvlərinin rifahının yaxşılaşdırılması, sosial ədalətin təmin olunması istiqamətində əhəmiyyətli bir addım olaraq qiymətləndirilir. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, bu proses olduqca şəffaf bir şəkildə həyata keçirilir və şəhid ailələrinə pulu almaq üçün heç bir çətinlik törədilmir. Millət vəkili vurğulayıb ki, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi ölkəmizdə həyata keçirilən dövlət siyasətində əhəmiyyətli yer tutur. E.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının nümunəsidir: “Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs nəticəsində qaçqın və məcburi köçkünlər evlərlə təmin edilir, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına hər zaman diqqət göstərilir. Sözügedən müvafiq Fərman dövlət başçısının humanist bir addımıdır. Bu addım şahid ailələrinə mühüm bir dəstəkdir”.
Millət vəkili vurğulayıb ki, birdəfəlik ödəmələrin verilməsi prosesi şəffaf, elektronlaşdırılmış qaydada aparılır və şəhid ailələri prosesin gedişindən razılıq edirlər. Onun sözlərinə görə, 2019-cu ildə də bu proses davam edəcək və bununla bağlı artıq vəsait də ayrılıb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31