Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bal tutan barmaq yalar

Bal tutan barmaq yalar

18.10.2019 [15:15]

Yaxud ənənəvi olaraq keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkaları Azərbaycanda arıçılığın inkişafına güclü təkan verir

Ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının bütün sahələrində müsbət nəticələrin əldə edilməsini təmin edib ki, bu sırada arıçılıq xüsusilə fərqlənir. Qəbul olunmuş müvafiq dövlət proqramları, arı ailələrinə görə arıçılara verilən subsidiyalar, həmçinin bu sahənin inkişafı üçün atılan digər addımlar isə arıçılığa dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha təsdiqləyir. Elə ölkəmizdə ənənəvi olaraq keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkaları da bu sahənin inkişafına xidmət edir.
Bu məqamda qeyd edək ki, arıçılıq məhsullarının növbəti, sayca 20-ci sərgi-satış yarmarkası 28 sentyabr -18 oktyabr tarixlərini əhatə edib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC-nin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Tofiq Bəhramov adına respublika stadionunun ərazisində keçirilən budəfəki yarmarka yüksək təşkilatçılıq, həmçinin bir sıra yeniliklərinə görə əvvəlkilərindən fərqlənib. Bu barədə bir qədər sonra.

 

Respublikamızın bal məhsullarının ixrac coğrafiyası genişlənir

Hələlik isə onu bildirək ki, ənənəvi olaraq keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkaları Azərbaycanda arıçılığın inkişafına təkan verir. Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun bəhs olunan son sərgi-satış yarmarkasının açılış mərasimində bildirdiyi kimi, aqrar sektorun inkişafında xüsusi yer tutan arıçılığa dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, son 2 ildə arıçılıq sahəsində bütövlükdə arı ailələrinin sayı təqribən iki dəfə artıb. Əvvəlki illərdə ölkəmizdə arı ailələrinin sayı təqribən 270 min ədəd təşkil edirdisə, ötən il dövlət dəstəyi tədbirləri nəticəsində bu göstərici 503 minə çatıb ki, bu da çox ciddi artımdır.
Eyni zamanda, artıq respublikamızın bal məhsullarının ixrac coğrafiyası genişlənib. Belə ki, respublikamızın bal məhsulları təkcə yaxın qonşu ölkələrə və Yaponiyaya deyil, eyni zamanda, Körfəz ölkələrinə də ixrac olunur.

 

Son yarmarkada 37 bölgədən 321 arıçı öz məhsullarını alıcılara təklif edib

Yarmarkaya gətirilən məhsulların keyfiyyətli olması və standartlara cavab verməsi üçün bütün lazımi addımlar atılıb. Bu barədə qəzetimizə "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev məlumat verib. Onun sözlərinə görə, yarmarkada ümumilikdə 37 bölgədən 321 arıçı öz məhsullarını alıcılara təklif edib. Belə ki, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını "Aqrar Tədarük və Təchizat" ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarına təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq, yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 ton olub. Fikirlərinə davam edən ASC rəsmisi bildirib: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, 3241 nümunə götürülüb ki, onların da 562-si, yəni 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayıb və yarmarkanın sonuna qədər "Aqrar Tədarük və Təchizat" ASC-nin anbarında karantin şəraitində saxlanılıb".

 

Builki yarmarka innovativ yenilikləri ilə ötən əvvəlkilərdən fərqlənib

Mayis Musayevin sözlərinə görə, builki yarmarka innovativ yenilikləri ilə əvvəlkilərdən fərqlənib. Belə ki, ilk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçiriblər:"Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə verilən hər bir məhsulun qabının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə bilirlər. Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə verilib. Vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq iştirakçılar üçün yaradılmış profillərdən istifadə etməklə məhsul sifariş edə biliblər. Bundan başqa, vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər olub, yarmarkanın keçirildiyi müddətdə arıçılıq məhsullarının dequstasiyası da təşkil edilib, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, həmçinin məktəblilər və azyaşlı uşaqlar üçün infotur təşkil olunub. Arıçılar 5 oktyabr – Müəllimlər Günü münasibətilə endirim kampaniyası təşkil ediblər", - deyə ASC rəsmisi bildirib.

 

Şahin Cəfərli: Yarmarkada arıçılar üçün gözəl şərait yaradılıb

Elə yarmarkada söhbət etdiyimiz alıcılar və satıcılar da yaradılan şəraitdən razılıqlarını bildirdilər. Məsələn, 7 ildir arıçılıqla məşğul olan, əvvəllər Qaxda yaşasa da, artıq Şəkiyə köçən Şahin Cəfərli dedi ki, yarmarkada arıçılar üçün gözəl şərait yaradılıb: "Ümumiyyətlə, 15 ildir bu sərgilər, satış yarmarkaları haqqında məlumatlıyam və 6 ildir yarmarkada şəxsən iştirak edirəm. Bu 20-ci yarmarka bu günə kimi keçirilənlər içərisində təşkilatçılıq baxımından ən yaxşısıdır. Təşkilatçılar biz arıçılar üçün hər şeyi ediblər. Hər cür hava şərtlərinə uyğun, içərisində bütün imkanların olduğu çadırlarda bal satışı üçün stollar belə yüksək keyfiyyətinə görə ötən illərdəkindən fərqlənir. Ayağımızın altı soyuq olmasın deyə yerə qalın taxta vurulub. Təşkilatçılar hətta ağır bal bidonlarını daşıyan zaman üzləşdiyimiz çətinlikləri də nəzərə alıblar".
Hazırda 50 arı ailəsinin olduğunu deyən Şahin Cəfərli dövlətin, şəxsən Prezident İlham Əliyevin arıçılara göstərdiyi xüsusi diqqət və qayğıya görə də minnətdarlıq etdi: "Dövlət bizə hər arı ailəsinə görə subsidiya verir. Arıçılara göstərilən bu diqqətdən mənə də pay düşüb. Keçən il 18 arı ailəsinə görə subsidiya almışam. Bu il artıq 50 arı ailəm var. Bu diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq edirəm".

 

Kamal Laçınlı: Atalarımız deyib ki, istəyirsən bal-çörək, al əlinə bel, kürək

Əslən Laçın rayonundan olan Kamal Laçınlı hazırda Şəkidə məskunlaşıb. Deyir ki, onun üçün arıçılıq dədə-baba sənətidir: "Mənim hazırda 68 arı ailəm var. Hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya ayrılması biz arıçılara əlavə stimul verib. Amma gərək biz də bu diqqət və qayğıya uyğun olaraq daha çox çalışaq. Atalarımız deyib ki, istəyirsən bal-çörək, al əlinə bel, kürək".
Kamal Laçınlı da təşkilatçılıqla bağlı razılığını ifadə etdi: "2006-cı ildən bu yarmarkalarda iştirak edirəm. Builki yarmarka tam fərqlidir. Sayca 20-ci yarmarka olsa da, deyərdim ki, hazırlıq səviyyəsinə görə birinci yarmarkadı. Buna görə bütün təşkilatçılara minnətdarlıq edirəm ".

 

 

 

Telman Musayev: Balı təkcə dərman kimi deyil, gündəlik qida kimi qəbul etməliyik

Füzuli rayonundan olan, yarmarkaya bal və bütün arı məhsulları gətirən Telman Musayev də arıçılığın onun üçün dədə-baba sənəti olduğunu bildirdi: "Mənim atam da arıçı olub. Demək olar ki, gözümü bunun içində açmışam. Bu gün də atamın sənətini davam etdirirəm".
Onu da deyək ki, özü də Qarabağ əlili olan Telman Musayev yarmarkada əlillər üçün 25 faiz qiymət endirimi tətbiq edib: "Mən təşkilatçılıq işindən çox razıyam. Bizim üçün lazım olan hər cür şərait yaradılıb. Amma onu da deməliyəm ki, biz azərbaycanlılar bala ancaq dərman kimi baxırıq. Dünyada elə ölkələr var ki, adambaşına il ərzində 1 kq, 2 kq, hətta 4 kq bal istehlak olunur. Amma bizdə adambaşına 200 qram bal düşür. Yəni deməyim odur ki, bizdə balı ancaq dərman kimi istifadə edirlər. Amma balı təkcə dərman kimi deyil, gündəlik qida kimi qəbul etməliyik".

 

 

 

 

Elvin Bayramlı: Dövlətin diqqət və qayğısı arıçılara əlavə stimul verir

Yarmarkada arıçılıq məhsullarının xüsusi qablaşdırılması ilə fərqlənən, ağstafalı Elvin Bayramlı da bu sənətin onların nəslində atadan oğula keçdiyini bildirdi: "Gözümü açandan bizim arımız olub. Mən düşündüm ki, arıçılıqla bağlı, məhsulun təqdimatı ilə bağlı yenilik etmək yaxşı olar. Beləliklə, qablaşdırma etdim və bu, öz müsbət nəticəsini verdi. Hazırda "Balçı" markası ilə Bakı şəhərində onlayn ticarət satışla məşğuluq. Həm də Aqrar Tədarük və Təchizatla müqavilə imzalamışıq. Bu isə bizim qazancımızı daha da artıracaq. Necə deyərlər, bal tutan barmaq yalar".
"Dövlətin diqqət və qayğısı arıçılara əlavə stimul verir", - deyən Elvin Bayramlı onu da əlavə etdi ki, məhz bunun sayəsində son illər ölkəmizdə arıçılıq təsərrüfatlarının sayı artıb.

Nadir AZƏRİ
"Aqrar Tədarük və Təchizat ASC-nin elan etdiyi "Bal yarmarkası" müsabiqəsinə təqdim etmək üçün hazırlanıb"

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31