Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hər kəs COVID-19-a qarşı fəal mübarizəyə qoşulmalıdır

Hər kəs COVID-19-a qarşı fəal mübarizəyə qoşulmalıdır

16.10.2020 [09:07]

Ekspertlərin qeyd etdikləri kimi, insanlar yüksək məsuliyyət nümayiş etdirərək xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməlidirlər
Məlum olduğu kimi, sentyabr ayı başlayandan dünyanın bir çox ölkəsində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma sayında kəskin artım qeydə alınıb. Ötən iki ay ərzində ölkəmizdə vəziyyət stabil olsa da, son günlər Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Belə ki, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemioloji vəziyyət getdikcə pisləşir. Ölkədə sanitar-epidemioloji vəziyyətin dəyişməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetini 13 oktyabr 2020-ci il tarixli qərarı ilə Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışa qadağa qoyulub.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin dəyişməsinin bir neçə səbəbi var. Əvvəla, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə edilməməsi halları kütləviləşib. Digər tərəfdən, Ermənistanın növbəti təxribatı nəticəsində başlamış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını arxa plana keçirib. Ekspertlər bildirirlər ki, bu gün Azərbaycan Ordusuna dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməlidir.
Məsələyə münasibət bildirən TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib ki, ön cəbhədən gələn xoş xəbərlər, eyni zamanda, cəbhə bölgəsində baş verən hadisələr vətəndaşlara COVID-19 pandemiyasının bitmədiyini, demək olar ki, unutdurub: “Belə ki, vətəndaşlar yay aylarında mütəxəssislərin tövsiyələrinə riayət edirdilərsə, indi qaydalara əməl olunması bir növ arxa plana keçib. Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaması, sıx toplaşma hallarının artımı nəzərə çarpır. Bunun da mənfi nəticəsi son zaman artan rəqəmlərdə özünü açıq-aydın göstərir”.
“Havaların soyuması ilə əlaqədar vətəndaşların, xüsusilə qapalı yerlərdə sıx toplaşması, ictimai nəqliyyatda qaydalara riayət etməməsi müşahidə olunur. Orta təhsil müəsssisələrinin açılması təmasların sayını artırıb ki, bu da koronavirusa yoluxma riskini artırır. Vətəndaşlar qaydalara etinasız yanaşmağa davam edərlərsə, yenidən yüksək yoluxma hallarının qeydə alınması və gərgin dövrlərin müşahidə olunması qaçılmazdır. Ona görə də, bir daha vətəndaşları əvvəlki kimi məsuliyyətli davranış sərgiləməyə çağırıram”, - deyə həkim-infeksionist bildirib.
N.Mustafayevanın sözlərinə görə, qaydalara əməl etməyən şəxslərin əsgərlərlə təmasda olması hərbi qulluqçularımızın sağlamlığı, ümumilikdə isə ordumuz üçün təhlükə törədir: “Məlum olduğu kimi, sıravi vətəndaşlar tez-tez cəbhə zonasına yollanır, hərbçilərimizə dəstək göstərirlər. Hazırkı çətin dövrdə ön cəbhədə Qarabağ uğrunda gedən döyüşlər naminə birləşən xalqımızı koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməyə səsləyirəm”.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva isə Vətən müharibəsi getsə də, koronavirus təhlükəsini unutmamağın vacibliyini qeyd edir: “Vətən də, can da şirindir. Lakin bu bir həqiqətdir ki, çox sevdiyimiz Vətəni qorumaq üçün sağlam cana sahib olmaq lazımdır. Bu gün haqq savaşında uzun illərdən bəri işğal altında olan ərazilərin geri qaytarılması, xalqımızın öz tarixi torpaqlarına qovuşması bizi nə qədər sevindirirsə, COVID-19-la mübarizənin səngiməsi o qədər narahatlıq doğurur”.
Z.Nəbiyeva deyib ki, indiki durum ölkəmizin hər bir sakinini bəşəri təhlükə ilə mübarizəyə daha çox səfərbər etməlidir: “Məsələ burasındadır ki, yoluxmanın artması həkim qıtlığına, xəstəxanalarda çarpayı çatışmazlığına səbəb ola bilər. Döyüş meydanlarında yaralanan əsgərlərə tibbi yardım göstərilməsinin vacib olduğu bu günlərdə koronavirus cəbhəsində belə yüksək yoluxma hallarına yol verilməməlidir”.
“Koronavirusla mübarizə nəinki bitməyib, bəlkə də, indi əvvəlkindən daha çox diqqət və məsuliyyət tələb edir. Gigiyena qaydalarına əməl edilməsi, kütləvi toplanma yerlərində maska taxılması, antiseptik və dezinfeksiyaedici vasitələrdən istifadə olunması və sosial məsafənin saxlanılması başlıca və zəruri tələb olaraq qalır. Həmin qaydalara ciddi şəkildə riayət olunması ümumi qələbəmizə ən böyük töhfə ola bilər”, - deyə Z.Nəbiyeva bildirib.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31