Oğlunun başı kəsilən qadın dəli olmuşdu, bütün günü qol götürüb oynayırdı
25.02.2022 [22:50]
Unudulmayan acılar, keçməyən ağrılar, 30 il görülən kabus dolu yuxular
İlhamə HƏKİMOĞLU
Bir şəhər var. Ölənləri şəhiddir, qalanları dəli. Bir şəhər var. Əsir şəhər, ruhlar şəhəri...
İnsan, əslində nə qədər güclü olduğunu, nələrə dözə biləcəyini başına əziyyətlər, müsibətlər gəlmədən anlaya bilməz. Dərdə dözümün abidəsidir Məhəmməd. O, qiyamət gününü bu dünyada yaşamış adamdır. İblislərin, şeytanların, vampirlərin əlindən çıxmış adamdır. Yaşadıqlarını eşitsəniz, bənzətməmin təşbeh olmadığını anlayar, haqq verərsiniz.
Xocalı şahididir Məhəmməd Ağayev. 30 il keçsə də, hələ də yaşananları sindirə bilməyən, ağlına sığdırmayan adamdır. Ağlı qəbul e?mədi Xocalı boyda dərdi, ölmədi, yaşadı. Amma yaşadısa da, ömrü ömür olmadı. Bir insanlıq dramının bir insanın taleyinə vurduğu ən acı zərbəni onun timsalında görmək olar. O məşum gündən sonra Xocalıda riyaziyyatdan dərs deyən Məhəmməd müəllim, dönüb oldu “dəli Məhəmməd”. Xatırladıqca havalandı, coşdu, titrədi, özünə gələ bilmədi, bayıldı, düşmən bilib xəyallarla savaşdı. Ömürlük əlil arabasına məhkum oldu. O, Xocalının ölən yox, sağ qalan qurbanlarındandır. Dəli sözündən utanmır, deyir Xocalı gecəsini görən, sağ qalan hər kəs dəlidir.
Xocalı faciəsi Məhəmmədin həm bədəninə, həm ruhuna sağalmaz yaralar vurub. Hər şeyi anbaan xatırlayır. Unuda bilmir, hər gecə göylərə alov dili kimi uzanan fəryadları eşidir, hər gecə tanklar o gecəki kimi uşaqları, qocaları əzir keçir, qan çilənir yuxularına. “25 yaşım var idi onda, indi 55-ə çatmışam. Amma bu 30 il elə bilirəm ki, içimdəki zindanda yaşamışam. Evlənmədim sonralar. Kimə lazımdır mənim kimi adam. Kiməsə öz dərdlərimlə yük olmaq istəmərəm. Mənim qismətim Xocalı ilə birlikdə yandı, kül oldu”,- deyir dərdlərin dəli elədiyi insan.
“Fevralın 25-də axşama doğru ermənilər Xocalıya hücuma keçdilər. 80-90 nəfərlik dəstəni kənddən çıxarmağa çalışırdıq. Dəstəmizdə 20 kişi idi, qalanı qadınlar, uşaqlar.12 tüfəngimiz var idi, qorunmaq üçün. Xocalı ilə Ağdamın arasında yerləşən Qarakənd kəndinə tərəf üz tutmuşduq. Güman edirdik ordan qadınları, uşaqları yola salıb, özümüz döyüşmək üçün geri dönərik. Qar yağması azmış kimi, sərt də şaxta düşmüşdü. Buza dönmüş qar adamı bıçaq kimi kəsirdi. Yalın ayaqla evdən qaçıb çıxmış uşaqların ayaq izləri qarda qanlı iz buraxırdı. Qanlı izlər bir-birinə qarışmışdı. Çoxumuz əynimizə palto, ayaqqabı geyməyə macal tapmamışdıq. Mən ayaqqabılarımı yaşlı anama vermişdim. Anamla atamı mən kənddən çıxara bilmişdim. Amma bacımla iki qardaşımı o qarışıqlıqda itirmişdik. Gedirdimsə də, ağlım fikrim onlarda idi. Yalın ayaqlarım soyuqdan bənövşəyi rəngə düşmüşdü. Yerimək, qaçmaq məcburiyyətindəydik. Acanlar, susayanların tək pənahı o qarlı qan idi. 2 sutka sonra Qarakəndə çatanda ermənilər qarşımızı kəsdilər. Gülləmiz bitənə qədər atəş aça bildik. Sonrası faciəvi oldu. Əlində tüfəng olan 12 kişinin hamısını güllələməklə qalmayıb, meyitlərinin başını kəsdilər, parçaladılar. Hamısı cavan oğlanlar idilər. Qadınlar, uşaqlar dəhşət içindəydi. Dillə demək olmur yaşananları. Ermənilərin elə bil gözləri dönmüşdü. Düşmən olmaq olar, amma bu düşmənçilik deyildi. Ermənilər sanki İblis olub, Allahla savaşır. Onun məsum qullarına Allaha acıq vermək üçün ən acı şəkildə əzab verirdilər. Kişilərin hamısını yaralamışdılar. Əlimizdən ayağımızdan, çiynimizdən. Müqavimət göstərməyək deyə. Qadınları, uşaqları döymədilər, əllərini, ayaqlarını bağladılar. Qarın içində səhər açılana qədər gözlədik. Özləri tonqal yandırıb ətrafında dayanmış, bizlər onlardan 15-20 metr aralıda qarın içində oturmuşduq. Yaralıların halı pis idi. Hərçənd o birilər də elə biz?m günümüzdəydilər. O gün gözümüzün önündə həmin dəstədən olan 2 gənc qızı bir neçə erməni zorladı. Qəsdən bağırdır, qışqırdır, gülürdülər, biz kişiləri alçaldırdılar. Ölsəydik ondan yaxşıydı, biz qımıldanıb onlara kömək e?mək istəsək də, hərəmizin üstündə iki erməni ayı kimi ayaqlarını basıb oturdu. Yanımdakı Əhməd kişi gözlərini yumub bağıra-bağıra ağlayırdı, söyürdü deyə bıçaqla basıb gözlərini deşdilər. Həmin gecə kişi keçindi. Səhər açılanda gördüyümüz mənzərə qan dondururdu. Təcavüz edilmiş qızları öldürüb, çılpaq halda ağacdan asmışdılar. Bizləri yük maşınına yığıb saxlanacağımız yerə aparanda, dəstəmizin 4 üzvünü qar üstündə ölmüş gördk. Biri gənc bir qız idi. Qonşum. Ya ürəkləri partlayıb ölmüşdü, ya da donmuşdular, bilmədim. 52 gün əsirlikdə qaldım. 3 kişi ilə birlikdə tövlə kimi bir yerdə ayağımızdan zəncirləmişdilər. Ölməyək deyə hərdən bir su və bir dilim quru çörək verirdilər. Halımız qalmamışdı. Demək olar ki, hər gün döyülürdük. Ən dəhşətlisi isə onların bizə gəlib söylədikləri xəbərlər idi. “Azərbaycan uduzdu, Yevlağa qədər getmişik, bütün Gəncəni bombalaşmışıq” deyirdilər. Amma öldürməyib, sağ saxladıqlarına görə bir azca ümidimiz qalmışdı. 52 gün sonra bizi erməni əsirlərlə dəyişdirdilər, Qazağa göndərdilər. Qazaxda qonşum Zəminə xalanı gördüm. Deyirdi onların dəstəsi Ağdamın Şelli kəndinə doğru qaçıb.
Sağ qalan xocalılıların hansı istiqamətdən gələ biləcəklərini təxmini bildikləri üçün Ağdam camaatı bura toplaşıb, bütün yaralıları öz maşınlarına mindirib Ağdam mərkəzi xəstəxanasına çatdırıblar. Zəminə xalanın oğlu və ərinin yaralı halda yerləşdiyi xəstəxanaya elə həmin günün səhəri bomba düşdüyündən, ikisi də həlak olmuşdu. Qaçaqaçda gənc qızını itirdiyinə görə, onun axtarışına çıxmışdı. Kimsə qızını gördüyünü demiş, o da Qazağa balasını dəyişdirilən əsirlər içində tapmaq ümidi ilə gəlmişdi. Onun gözəl qızı, 19 yaşlı Yasəmən isə bizim dəstə ilə qaçmışdı. Bizimlə birlikdə əsir düşmüşdü. Qar üstündə gecəylə ürəyi dözməyib ölən o qız Yasəmən idi. Yasəmənin öldüyünü dedim Zəminə xalaya. Gözləyirdim ki, ah-nalə edəcək, etmədi. Başının yaylığını açıb atdı yerə, dizi üstə düşdü. Əlini göyə qaldırıb şükr elədi. “Şükür sənə ilahi, ölməyi onların əlində zülüm görməyindən yaxşıdı” dedi. Heykəl kimi donub qalmışdı. Nə qədər danışdırdımsa, dinmədi, səsi çıxmadı, elə bil ruhu bədənindən çıxıb getmişdi.
Əslində duyğularını itirir insan. Heç bilmirsən, nə hiss edirsən. Mən azad edilmişdim, amma anamdan, atamdan, bacı qardaşlarımdan xəbər yox idi. O gecə ayaqlarımı don vurmuşdu. Əsirlikdə olanda da ermənilər işgəncə vermişdilər deyə yeriyə bilmirdim. Bakıya gələndən sonra dedilər kəsmək lazım gələcək. Qoymadım kəsməyə. Amma elə o gündən qurumuş ağac kimidir. Üstümdə gəzdirirəm, heç nə hiss etmirəm ayaqlarımdan. Bakıya gətirdilər bizi. Ailəmi axtarırdım. Çox soraq elədim. Ayaqlarım tutmurdu ki, yeriyəm, kimim kimsəm də yox idi. Elə günlər idi ki, hər kəsin başı özünə qarışmışdı, torpaqlarımız da bir-bir işğal altına düşürdü. Sonralar öyrəndim ki, anamla atam donub ölüblər. Anamın 55, atamın 63 yaşı var idi onda. İkisi də şəkər xəstəsiydilər. Onların sağ qala biləcəklərinə ümidim yox idi. Amma 20-23 yaşlı iki qardaşım Faiq və Teymurdan, 19 yaşlı bacım Gülöyşədən ümidliydim. “Bəlkə hardasa sağdırlar” deyirdim.
Axır ki, əsirlikdən çıxmış qohumum, Həsrət Ağayev dedi ki, Gülöyşəni 20-yə yaxın qızla birlikdə onların dəstəsindən ayırıb Əsgərana aparıblar, həmin gün Faiq də ordaymış, bacımdan ötrü dava edib deyə, güllələyiblər. Amma Teymuru görməyib.
Bir Xocalı faciəsi ilə mənə 5 yara, 5 dağ çəkildi. O gündən nə Teymurdan, nə Gülöyşədən xəbər ala bilmədim. Çox yerlərə yazdım, beynəlxalq təşkilatlara məktublar göndərdim. Hər gün öldüm, dirildim, əcəl canımı almadı ki, almadı”.
Bir nəfəsə danışır bunları dəli Məhəmməd. O dəlidirmi, dünyamı bilmək olmur. O qədər dərdin içindən çıxıb ağıllı qalmaq olardımı.
“Həsrət danışırdı ki, bir sutka ayaqyalın meşədə qaldıqdan sonra atası, anası və 16 yaşlı bacısı şaxtaya tab gətirməyib donub ölüblər. Həsrət uşaqlıqdan xəstəydi deyə normal hərəkət edə bilmirdi. Şikəst idi. O halına baxmayaraq ermənilər onu möhkəm döymüşdülər, yavaş yeridiyinə görə, iki topuğuna da güllə sıxmışdılar. İndi də yeriyə bilmir, mənim kimi əlil arabasına məhkumdur o da.
Xocalının Qarabağlı kəndində yaşayan və girov düşmüş Minayə xalam sonralar mənə danışdı ki, ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürüblər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini Bəylik bağı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqlayıblar. Ən dəhşətlisi də, basdırılan adamların içində hələ ölməmiş yaralılar da varmış. Həmin gecə 200-ə qədər Qaradağlı kənd sakini əsir düşübmüş. Kim qaçmağa cəhd edibsə, başqalarına kömək eləməyə çalışıbsa, onları dərhal yerindəcə güllələyiblər.
Bu gün də əlaqə saxladığım kəndçim Xanhüseyin deyir ki, onları əsir tutduqdan sonra Xankəndinə aparıblar. Xanhüseyinin sözlərinə görə, tanımadığı bir qadın əsirlikdə gözünün önündə oğlunun başını kəsmişdilər deyə dəli olmuşdu. Dayanmadan ağzında “nanay-nanay” çalıb oynayırdı. Döyürdülər, itələyirdilər, ac susuz qalırdı, heç nə hiss etmirdi. Eləcə qol götürüb oynayırdı. Xanhüseyin martın 17-də Milli qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə əsirlikdən azad edilib. Əsgəranda girovluqdan qaytarılmış qoca bir qohumum isə deyirdi ki, ermənilər gənc oğlan və qızların orqanlarını xarici vətəndaşlara satırdılar. Cavanların çoxusunu bu məqsədlə xaricə aparacaqlarmış. Qocalar işə yaramırmış deyə, onları əsirlərlə dəyişdirirdilər. Geri qaytarılan əsirlərin əksəriyyətinin bədəninə silinməz izlər vurulur, damarlarına bilmədiyimiz dərmanlar yeridirdilər”.
30 il keçib o məşum gecədən. Qan quruyub. Zahiri yaralar sağalsa da, yarım qalan insan taleləri var. Dəli olan qadınlarımız, xaricə satılan uşaqlarımız, qarda, soyuqda donan, uçurumlara düşüb itən naməlum soydaşlarımız, hələ də əsirlikdə qul həyatı yaşayan qarabağlılarımız var bizim. Qarabağ bizim üçün ana torpaqdır, amma həm də bir qara dağdır. Xocalı isə... Xocalının rəngi qan qırmızısıdır mənim gözümdə. Alov dilləri içində yanan məsumlarımızın qanı rəngindədir Xocalı. Min illər keçsə də, tarixdə adı elə Xocalı soyqırımı ilə yaşayacaq özü kiçik, dərdi dünya boyda olan şəhər.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

