Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Avtomobil icarəsinin icazəsi

Avtomobil icarəsinin icazəsi

07.09.2022 [10:26]

Hansı şərtlər var?

Nicat PAŞA

Sürücülər müxtəlif səbəblərdən avtomobil icarəyə götürmək üçün yerli şirkətlərə müraciət edirlər. Əgər şəxsi avtomobiliniz xarab olubsa və ya hansısa nasazlıq səbəbindən bir neçə günlük ustaya verilibsə, köməyinizə avtomobil icarəsi şirkətləri çata bilər. Yaxud da digər tamam fərqli səbəblərdən, məsələn, səyahət və ya iş görüşməsi kimi ən müxtəlif planlarınızı həyata keçirmək üçün bu şirkətlərə müraciət edə bilərsiniz. Səbəblərin və şirkətlərin müxtəlif olmasına baxmayaraq, ölkəmizdə “rent-a-car”ların, yəni avtomobil icarəsi xidmətləri təqdim edən şirkətlərin müştəri kontingenti demək olar ki, bütün hallarda toy mərasimi keçirən və ya şadlıq mərasimlərinin təşkili ilə məşğul olan şəxslərlə məhdudlaşır. Etiraf etməliyik ki, hansısa digər səbəblər üçün sözügedən xidmətdən istifadə edənlərin sayı, necə deyərlər, barmaqla sayıla biləcək qədərdir.

“Rent-a-car” şirkətləri - toy biznesinin bir hissəsi

Əlbəttə, əhalinin böyük bir hissəsi toylarında bütün xidmətlərin ən yaxşısından və keyfiyyətlisindən istifadə etməyə çalışır. El adətimizin təşkilində diqqət yetirilən məqamlardan biri də bahalı avtomobillərin yer aldığı bəy-gəlin kortecinin (karvanının) olmasıdır. Təbii ki, heç də hər kəsin qohum-əqrəbasında bahalı, lüks avtomobillər olmur. Belə olduğu halda isə, köməyə “rent-a-car” şirkətləri çatır. Müştərilər üçün təklif olunan xidmətlər zərfində toy mərasimlərində korteclərin təşkili üçün xüsusi xidmətlərin də olduğu bu şirkətlərdə saatlıq icarə paketləri də mövcuddur. Bununla da arzuladığınız avtomobili əldə etməklə xəyalınızı   gerçəkləşdirə bilərsiniz. Sırf toy mərasimləri üçün nəzərdə tutulan paketlərdə müəyyən hədiyyələr də olunur. Buraya bəy-gəlin avtomobilinin bəzədilməsi, sürücü xidməti kimi bir çox əlavələr daxildir. Təbii ki, bütün bu proseslərin yüksək səviyyədə icra olunması təqdirəlayiqdir, lakin unutmaq olmaz ki, bu şirkətlərin təyinatı yalnız və yalnız toy mərasimləri üçün fəaliyyət göstərmək deyil. Çünki “rent-a-car”lar sizin rahatlığınıza xidmət etmək üçün yaradılıb. Xarici təcrübədə adıçəkilən şirkətlərin istifadəsi bir qədər fə?qlidir. Kiçik bir araşdırma etdikdə məlum olur ki, vətəndaşlar bu xidmətlərdən həm də başqa məqsədlər üçün istifadə edirlər.

Şəxsi avtomobiliniz ustada və ya servisdədirsə...

Yarana biləcək problemdən heç kim sığortalanmayıb. Hətta sığortanız varsa belə, bir qədər gözləməli olduğunuz məqamlar var. Etiraf etmək lazımdır ki, əhalinin böyük bir hissəsi işlərini avtomobil olmadan yerinə yetirə bilmir. Deməli, bir neçə günlük avtomobilsiz qalmaq həmin şəxslər üçün böyük məbləğdə vəsait itkisi anlamına gəlir. Elə ona görə də istər işgüzar səfərlər, konfranslar, istərsə də başqa səbəblərdən “rent-a-car”a müraciət zərurəti yaranır. Şirkətlər də bunu düşünərək iş adamları üçün xüsusi paketlər təqdim edirlər. Digər məqsədlər üçün icarəyə götürülən avtomobillərdən fərqli olaraq, biznes fəaliyyəti ilə məşğul olan şəxslər üçün fərqlənən, daha təcrübəli, hətta bəzən bir neçə xarici dil biliyinə malik olan sürücülər də xidmətə daxil olur.

Səyahət dostunuz

“Rent-a-car” xidmətlərindən turizm sektorunda da geniş istifadə olunur. Səbəblər isə, həmişə olduğu kimi, fərqlidir. Komfort, maksimum rahatlıq və gediləcək məkanın yol imkanlarına uyğun olan nəqliyyat vasitəsinin düzgün seçilməsi səyahətləri bir qədər də maraqlı və əyləncəli edir. Digər tərəfdən, qrup şəklində səyahəti sevənlərin bir arada, deyə-gülə gəzməsi üçün bu tələblərə cavab verən, daha çox sərnişin tutumuna sahib olan avtomobillər əvəzolunmazdır.

Turizm həvəskarlarının digər bir qismi isə getdikləri ölkədə daha rahat hərəkət etmək üçün hansısa tur avtobuslarından yox, elə “rent-a-car”ların balansında olan avtomobillərdən istifadə etməyi üstün tutur. Bu isə komfortla yanaşı, həm də daha az xərclər deməkdir. Elə buna görə də bir çox hallarda turizm şirkətləri göstərdikləri xidmətin səviyyəsini daha da artırmaq məqsədilə avtomobil icarəsi ilə məşğul olan şirkətlər ilə əməkdaşlıq edir. Bu isə nəticə etibarı ilə həm turistlər, həm də turizm şirkətləri üçün əlverişli imkanlar yaradır.

Səbəblər çoxdur, amma...

“Rent-a-car”lardan istifadə məqsədləri heç də yuxarıda sadalananlarla məhdudlaşmır. Siyahını bir qədər də uzatmaq olar. Amma məsələnin digər bir tərəfi bu şirkətlərin əlçatanlığıdır.

Kimlər avtomobil kirayələyə bilərlər? Şərtlər necədir? Nəyi bilməliyik?

İstər ölkəmizdə, istərsə də xaricdə avtomobillərin icarəyə götürülməsi üçün icarədarlar tərəfindən konkret tələblər irəli sürülür. Belə ki, 24 yaşına çatmış (bəzi nadir hallarda 19) şəxslər bu xidmətlərdən yararlana bilərlər. Depozit məbləği ilə yanaşı, bəzi hallarda sürücülərdən tibbi arayış da tələb olunur. Daha sonra rəsmi şəkildə müqavilə bağlanılır.

Sürücülər yalnız və yalnız müqavilədə göstərilən müddəalarla razılaşdıqdan sonra sükan arxasına keçə bilərlər. Özü də bu razılıq rəsmi, notarial qaydada olmalıdır. Çünki heç kim baş verə biləcək qəzadan sığortalanmayıb. Məhz bu səbəbdən də “rent-a-car”ların daxili müqavilələrində əldə etmək istədiyiniz avtomobil üçün depozit qoymağınız tələb olunur. Bu, avtomobilin qiymətindən, eləcə də müddətdən asılı olaraq dəyişir. Ölkəmizdəki şirkətlərdən avtomobil əldə etmək üçün tələb olunan depozitin minimal məbləği təxminən 300 manatdır. Avtomobilin markasından, məsafədən və icarə müddətindən asılı olaraq bu qiymət 1500-2000, hətta 10 min manata qədər yüksələ bilər. Azərbaycanlı sürücüləri narahat edən, düşündürən əsas məqamlardan biri də elə budur. Depozit tələbi səbəbindən bir çox sürücülər avtomobil kirayə verən şirkətlərdən bir qədər uzaq gəzməyə çalışırlar. Bu isə heç də səbəbsiz deyildir. Çünki bir neçə il bundan öncə sürücülər avtomobili istifadə etdikdən sonra geri qaytardıqda “rent-a-car”a depozit olaraq qoyduqları məbləği bütöv şəkildə geri almaqda çətinliklə üzləşirdilər. Çünki xidmətdən ilk dəfə yararlanan sürücülər avtomobili əldə etdikdə bir o qədər də ciddi şəkildə baxış keçirmirdilər. Təhvil-təslim prosesində isə bəzi işbazlar bundan böyük “məharət”lə istifadə edirdilər. Məsələn, icarəyə götürülməzdən əvvəl avtomobildə hansısa problem var idisə və sürücü də təcrübəsiz olduğundan avtomobilə diqqətlə baxış keçirməyibsə, vay o xidmətdən istifadə edənin halına. Hər şey rəsmi müqavilə əsasında olduğundan və həm də depozit qoyulduğundan sürücü heç bir halda özünün günahsız olduğunu sübut edə bilmirdi.

Sevindirici haldır ki, indi texnologiyanın inkişafı və geniş istifadəsi ilə bu problemlərin böyük hissəsi aradan qalxıb, dələduzluq halları minimuma endirilib. Buna baxmayaraq, hələ də bəzi sürücülər icarəyə avtomobil götürməkdən ehtiyat edirlər.

Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31