Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / TÜRK DÜNYASI: BİRLİK, SÜLH VƏ SABİTLİK YOLUNDA

TÜRK DÜNYASI: BİRLİK, SÜLH VƏ SABİTLİK YOLUNDA

22.09.2026 [10:31]

​Türk xalqları əsrlər boyu onları birləşdirən ortaq tarix, dil, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlər əsasında böyük bir ailə təşkil edib. Bu tarixi bağlılıq bu gün müstəqil türk dövlətlərinin qarşılıqlı münasibətlərində yeni məzmun qazanaraq siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

​Türk dünyasının birliyi ideyasının müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlığının və bütövlükdə türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verirdi. Onun məşhur “Bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə etməklə yanaşı, türk xalqları arasında mənəvi bağlılığın da rəmzinə çevrilib. Heydər Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyət sonrakı illərdə bu istiqamətdə həyata keçirilən siyasətin mühüm ideoloji əsaslarından biri oldu.

​Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyev müxtəlif çıxışlarında türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

​Bu gün türk dövlətlərinin yerləşdiyi geniş coğrafiyada sülh, sabitlik və təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir dövlətin iqtisadi və sosial inkişafı, insanların rifahının yüksəldilməsi və gələcəyə inamın möhkəmləndirilməsi üçün ilk növbədə təhlükəsiz və sabit mühit lazımdır. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Toplantısının iştirakçılarına müraciətində Prezident İlham Əliyev türk dünyasında hökm sürən sülh, əmin-amanlıq və sabitliyin xalqlar və dövlətlər üçün böyük nailiyyət olduğunu vurğulayıb. Dövlət başçısı həmçinin müasir çağırışlar fonunda türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığının əhəmiyyətini qeyd edib. Bu fikirlər bir daha göstərir ki, türk dövlətlərinin əməkdaşlığı yalnız tarixi və mədəni bağlarla məhdudlaşmır; bu əməkdaşlıq artıq siyasi, iqtisadi, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və təhlükəsizlik kimi mühüm sahələri də əhatə edir.

​Azərbaycanın türk dövlətləri ilə münasibətləri son illərdə daha da genişlənib. Ölkəmiz Türk Dövlətləri Təşkilatının fəaliyyətində fəal iştirak etməklə türk dünyasının birliyinin gücləndirilməsinə öz töhfəsini verir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə görüşü xüsusi tarixi əhəmiyyət daşıdı. Qəbul edilən Qarabağ Bəyannaməsində türk dünyasının ortaq dəyərlər, sülh, təhlükəsizlik, sabitlik və inkişaf prinsipləri ətrafında birləşdiyi vurğulandı. Şuşanın türk dünyasının liderlərini bir araya gətirməsi həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda yeni əməkdaşlıq imkanlarının yarandığını göstərən mühüm hadisə kimi yadda qaldı.

​Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının daha da güclənməsini və beynəlxalq müstəvidə rolunun artmasını vacib istiqamətlərdən biri kimi təqdim edir. Keçirilən Zirvə görüşlərində Prezident İlham Əliyev sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas şərtlərdən olduğunu bildirib, türk dövlətlərinin müasir çağırışlar qarşısında birlikdə hərəkət etməsinin əhəmiyyətini vurğulayıb. Bu gün Azərbaycan-Türkiyə münasibətləri də türk dünyasının həmrəyliyinin mühüm nümunəsidir. Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi bu qardaşlığın dövlətlərarası münasibətlər sistemində mühüm mərhələyə çatdığını göstərir.

​Türk dövlətlərini birləşdirən ortaq dəyərlər böyük bir potensial yaradır. Bu potensialdan düzgün və sülh naminə istifadə edilməsi türk dünyasının qarşısında yeni imkanlar açır. Nəqliyyat dəhlizlərinin inkişafı, qarşılıqlı ticarətin genişləndirilməsi, enerji layihələri, təhsil və elm sahəsində əməkdaşlıq, mədəni əlaqələrin gücləndirilməsi türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır. Bu prosesdə ən mühüm amillərdən biri isə qarşılıqlı etimad və həmrəylikdir. Dövlətlər arasında münasibətlər nə qədər möhkəm olarsa, xalqlar arasında dostluq və əməkdaşlıq da bir o qədər davamlı olar.

​Türk dünyasının gələcəyi birlikdə, əməkdaşlıqda və sülhdədir. Ümummilli Lider Heydər Əliyevin illər əvvəl böyük uzaqgörənliklə irəli sürdüyü türk dünyasının həmrəyliyi ideyası bu gün yeni reallıqlar şəraitində daha geniş məna kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu ideyanın həyata keçirilməsinə, türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir. Bu gün türk dövlətlərinin qarşısında böyük imkanlar dayanır. Ortaq tarix bizi keçmişimizə bağlayır, ortaq dəyərlər bizi bu gün birləşdirir, sülh və əməkdaşlıq isə bizi gələcəyə aparır. Türk dünyasının gücü onun zəngin tarixində olduğu qədər, birliyində, həmrəyliyində və sülhə əsaslanan gələcəyə inamındadır.

Zaur Kərimov

YAP Şahbuz rayon Kükü kənd ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30