Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Demokratiyanın, yoxsa zorakılığın beşiyi?

Demokratiyanın, yoxsa zorakılığın beşiyi?

28.03.2023 [11:05]

Fransada insanlara qarşı polis zorakılığı davam edir

Nardar BAYRAMLI

Fransanın bir çox böyük şəhərlərində pensiya islahatına qarşı keçirilən nümayişlərdə 1 milyondan çox insan iştirak edib. Ən böyük etiraz aksiyaları Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda keçirilib. Qeyd edək ki, baş nazir Elizabet Bornun parlamentin aşağı palatası olan Milli Assambleyada  səsvermədən yan keçərək pensiya islahatı barədə qanun layihəsinin qəbul edilməsi üçün konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin işə salınmasına dair qərarından sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Nümayişçilərin tələblərinə məhəl qoymayan prezident Emmanuel Makronun çıxışından sonra Fransanı tətillər bürüyüb. Etiraz aksiyalarının iştirakçıları Fransa polisinin zorakılığı ilə üzləşib. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, eləcə də çoxlu sayda etirazçını həbs edib. Burada bütün nəqliyyatın hərəkəti iflic olub. Ölkədə tətillərə, bütün sahələri blokadaya almağa çağırışlar edilir.

Özünü demokratiyanın “beşiyi” hesab edən Fransada insan haqlarının kobud surətdə pozulması adi hala çevrilib. Etiraz aksiyasının iştirakçılarına görünməmiş dərəcədə polis zorakılığının törədilməsi də bunu təsdiqləyir. Artıq beynəlxalq təşkilatlar da bütün bunlara görə rəsmi Fransaya etiraz bildirməyə başlayıblar. Belə ki, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin bəyanatında bildirilir ki, Fransada ifadə və sərbəst toplaşma azadlıqlarının həyata keçirildiyi şərait narahatlıq doğurur. Onun sözlərinə görə, hakimiyyət ifadə və sərbəst toplaşma azadlığının həyata keçirilməsini, dinc nümayişçilərin və jurnalistlərin polis zorakılığından və zorakı fərdlərdən qorunmasını təmin etməlidir. Nümayişçilərə qarşı törədilmiş zorakılıq aktlarını diqqətə çatdıran komissar qeyd edib ki, hüquq-mühafizə orqanlarının hər hansı bəhanə ilə güc tətbiq etməsinə haqq qazandırıla bilməz. Bəzi bəhanələrlə dinc nümayişçiləri sərbəst toplaşmaq hüququndan mərhum etmək olmaz. Komissar, həmçinin bəzi nümayişçilərin və nümayişlərin yaxınlığında olan insanların polis tərəfindən müvəqqəti saxlanılması və dindirilməsi kimi azadlıq və təhlükəsizlik hüququna xələl gətirən tədbirlərə əl atmasından narahatlığını qeyd edib. “Zorakılığa son qoyulmalıdır. Bu, ifadə və sərbəst toplaşmaq azadlıqlarının səmərəli həyata keçirilməsi, eləcə də əhali ilə polis arasında etimadın təmin edilməsi üçün zəruri şərtdir”, - deyən Dunya Miyatoviç Fransa dövlətini hüquq müdafiəçiləri və İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyası tərəfindən “sarı jiletlilər” hərəkatı kontekstində nizam-intizam və sərbəst toplaşmaq azadlığına dair Memorandumda təsbit olunmuş tövsiyələri yerinə yetirməyə çağırış edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də Fransada baş verən hadisələrə münasibət bildirib. Belə ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli mətbuatın sualına cavabında deyib ki, Fransada prezident Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. “Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq. Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”, - deyə A.Hacızadə qeyd edib.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov bildirib ki, Fransada nümayişçilərə qarşı polis zorakılığı bütün hədləri aşmaqdadır. Fransa polisinin etirazçılara güc tətbiqinin bir sıra fəsadlara səbəb olduğunu deyən millət vəkilinin sözlərinə görə, Avropanın mərkəzində insanlara qarşı bu cür davranış qəbuledilməzdir.   O qeyd edib ki, özünü demokratiyanın beşiyi hesab edən bir  ölkədə belə bir xoşagəlməz hadisənin baş verməsi təəssüf doğurur. Beynəlxalq ictimaiyyət Fransada insan haqlarının pozulmasına reaksiya verməli, öz etiraz səsini ucaltmalıdır.

Həmsöhbətimizin fikrincə, bu hadisələr fonunda rəsmi Parisin başqa ölkələrə insan haqları dərsi keçməsinə mənəvi haqqı yoxdur: “Hər şey göz önündədir. Fransa hakimiyyəti insan hüquq və azadlıqlarını bəhanə edib başqa ölkələrin daxili işlərinə qarışmamalıdır. Bu ölkə ilk növbədə öz daxilində insan haqlarına, demokratik dəyərlərə hörmət etməyi öyrənməlidir. Azərbaycan haqlı olaraq bu məsələdə Fransa hökumətinə çağırış edib. Düşünürəm ki, digər ölkələr və beynəlxalq təşkilatlar da Fransada insanların polis zorakılığı ilə üzləşməsinə səssiz qalmamalı, insan hüquqlarının kobud surətdə pozulmasını pisləməlidirlər”.

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31