ABŞ-İran danışıqlarının “Cenevrə mərhələsi”
19.02.2026 [09:10]
Qarşılıqlı razılaşmaya dair sənədin mətni üzərində işə başlanacaq
Cenevrədə ABŞ və İranın uzun müddətdir davam edən nüvə mübahisəsinin həllinə dair növbəti danışıqları baş tutub. Omanın Cenevrədəki diplomatik nümayəndəliyində keçirilən görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. İranı isə xarici işlər naziri Abbas Əraqçi, siyasi işlər üzrə nazir müavini Məcid Təxt-Rəvançi, hüquqi və beynəlxalq işlər üzrə nazir müavini Kazem Qəribabadi, iqtisadi diplomatiya üzrə nazir müavini Həmid Qənbəri, eləcə də texniki, hüquqi və iqtisadi məsələlər üzrə mütəxəssislər təmsil edib.
Hörmüz boğazında təlimlər İranın ABŞ-a cavabıdır?
Görüşdən əvvəl ABŞ Prezidenti Donald Tramp Cenevrə danışıqlarında “dolayı yolla” iştirak edəcəyini və Tehranın razılaşma istədiyinə inandığını bildirib. Tramp bazar ertəsi günü jurnalistlərə demişdi: “Düşünmürəm ki, onlar bunu etməməyin nəticələrinə qatlana bilsinlər”. “Reuters” agentliyi isə Vaşinqton rəsmilərinə istinadla yazıb ki, ABŞ ordusu İrana qarşı həftələrlə davam edəcək əməliyyatlara hazırlaşır.
Belə bir şəraitdə fevralın 16-da İran Hörmüz boğazında hərbi təlim keçirib. Bu, mühüm beynəlxalq su yolu münaqişənin diplomatik həllinə çağıran Körfəzin ərəb dövlətləri üçün neft ixracı marşrutudur. Bu şəraitdə Asiya ticarətində “Brent” markalı neftin qiyməti düşüb, çünki investorlar ABŞ ilə nüvə danışıqlarından əvvəl İranın dəniz təlimlərindən sonra təchizatda fasilələr riskini qiymətləndiriblər. İranın yüksəkrütbəli dəniz komandanı Əlirza Təngsiri bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazı üzərində “tam 24 saatlıq kəşfiyyat dominantlığını” qoruyub saxlayır. İranın dövlət mediası Təngsiriyə istinadla məlumat yaymışdı ki, İİKK Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazındakı nəzarəti yerüstü, hava və hətta yeraltı səviyyələrdə həyata keçirilir. Onun sözlərinə görə, bu kəşfiyyat məlumatları boğazdan gəmilərin təhlükəsiz keçidini təmin edir. Kontr-admiral əlavə edib ki, dəniz ticarətinin əhəmiyyətli bir hissəsini təşkil edən bu boğazdan hər gün 80-dən çox neft tankeri və konteyner gəmisi keçir. Bu təlim ABŞ-ın Yaxın Şərqə ikinci hərbi gəmi göndərməsi fonunda baş tutub.
ABŞ-la danışıqlardan əvvəl isə İranın xarici işlər naziri Abbas Araqçi Cenevrədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi ilə görüşüb. Görüşdən sonra “X” sosial media platformasında yazan Qrossi bildirib ki, İranın yüksəkvəzifəli diplomatı ilə dərin texniki müzakirələr aparıb. İran tərəfi isə bəyan edib ki, danışıqlar İran-BAEA əməkdaşlığının davam etdirilməsi, zənginləşdirmə proqramı və 400 kq zənginləşdirilmiş uranın taleyi üzərində qurulub. “Tasnim” agentliyinin məlumatına görə, Araqçi ilə Qrossi arasında keçirilən görüşlə nüvə danışıqları prosesi rəsmi olaraq bərpa edilib. Bundan başqa, Cenevrə danışıqlarında İran nümayəndə heyətinə iqtisadi, hüquqi və texniki mütəxəssislər cəlb olunub ki, bu da İranın yanaşmasının müsbət nəticəyə yönəldiyini göstərir.
Cenevrə görüşü daha konstruktiv atmosferdə keçirilib
Vaşinqton danışıqlara ballistik raket məsələlərinin daxil edilməsini istəsə də, Tehran sanksiyaların aradan qaldırılması müqabilində yalnız nüvə proqramına qoyulan məhdudiyyətləri müzakirə etməyə hazır olduğunu, uranın zənginləşdirilməsindən tamamilə imtina etməyəcəyini və ya raket proqramının müzakirə mövzusu olmadığını bəyan edib.
İran dövlət televiziyası da Cenevrədə keçirilən İran-ABŞ danışıqlarında diqqətin Tehranın nüvə proqramına yönəldiyi barədə məlumat yayıb. Bildirilib ki, danışıqlarda İrana qarşı sanksiyaların aradan qaldırılması məsələsi də müzakirə olunub. Məlumata görə, İran diplomatları Vaşinqtonun məhdudlaşdırılmasını tələb etdiyi uran zənginləşdirmə proqramını saxlamaqda israr ediblər.
İranın Xarici İşlər Nazirliyinın “X” hesabında isə yazılıb ki, əvvəlki mərhələ ilə müqayisədə bu görüş tamamilə ciddi müzakirələri əhatə edib və daha konstruktiv atmosferdə keçirilib. Bildirilib ki, İranın XİN rəhbəri Abbas Əraqçi müxtəlif ideyaların irəli sürüldüyünü və hərtərəfli araşdırma aparıldığını deyib. Əraqçi qeyd edib ki, potensial razılaşmanın mətninin hazırlanmasına başlamaq üçün rəhbər prinsiplər üzrə ümumi razılıq əldə olunub. “Bu, o demək deyil ki, razılaşma tez bağlanacaq, lakin ən azından proses başlayıb. Mətnin hazırlanması işi daha mürəkkəb olur” , - deyə Əraqçi vurğulayıb. Onun sözlərinə görə, konkret vaxt cədvəli müəyyən edilməyib: “Tərəflər potensial razılaşmanın layihə mətnləri üzərində işləyib, onları mübadilə edəcəklər. Sonra üçüncü raund üçün tarix müəyyənləşdiriləcək”.
ABŞ Prezidentinin masasında bütün variantlar var
ABŞ Dövlət katibi Marko Rubio İranla razılığa gəlməyin asan olmayacağını, lakin Vaşinqtonun buna nail olmaq üçün səylərini əsirgəməyəcəyini bildirib. ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens isə “Fox News”a verdiyi müsahibədə deyib ki, Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almağı prioritet hesab edir, çünki İranın nüvə silahı əldə etməsi regionda nəzarətsiz silahlanma yarışına səbəb olacaq. Vitse-prezident qeyd edib: “Amerika Birləşmiş Ştatlarının müəyyən qırmızı xətləri var. Burada əsas marağımız İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Biz nüvə silahının yayılmasını istəmirik. Əgər İran nüvə silahı əldə edərsə, onlardan sonra nüvə silahı əldə etmək istəyən çoxsaylı digər rejimlər - bəziləri dost, bəziləri isə o qədər də dost olmayan rejimlər - olacaq. Bu, Amerika xalqı üçün fəlakət olardı”.
“İndi Prezidentin dediyi kimi, bunu söhbət və diplomatik danışıqlar yolu ilə həll etməyi çox istərdik. Amma Prezidentin masasında bütün variantlar var”, - deyən Vens Cenevrə danışıqlarının yaxşı keçdiyini, tərəflərin növbəti görüşə razılıq verdiyini bildirib.
Cenevrə danışıqlarından sonra İran Prezidenti Məsud Pezeşkian isə bəyan edib ki, danışıqların məqsədi problemləri həll etməkdir. Onun sözlərinə görə, hökumətin interaktiv yanaşması sayəsində qarşıdurma əvəzinə, əməkdaşlıq və qarşılıqlı anlaşma yolu seçilib. Rəsmi Tehran tibb, kənd təsərrüfatı və sənayedə dinc məqsədlərlə həyata keçirilən nüvə proqramından imtina etməyəcək. “Daha hansı dildə deyək ki, məqsədimiz nüvə silahına sahib olmaq deyil?! Çünki nüvə silahının qadağası ilə bağlı ali rəhbərin (Əli Xamenei - red.) də fətvası var”, - deyə Pezeşkian qeyd edib. O, nüvə silahı ilə bağlı istənilən yoxlamaya hazır olduqlarını vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

