Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çolpon – Atada Türk rüzgarı və Qalib Sərkərdəyə çox yaraşan “Manas”

Çolpon – Atada Türk rüzgarı və Qalib Sərkərdəyə çox yaraşan “Manas”

01.08.2026 [20:15]

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına yüksək səviyyəli növbəti səfəri dövlət başçımızın Milli Məclisin tribunasından söylədiyi həmin tarixi fikirləri xatırlatdı. Ölkə başçısı “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir... Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, söyləmişdi.

1785477262_e1716dbf56242c5188dd9efe5549b6fa.jpg (203 KB)

Qırğızıstana səfərin təyyarə trapından başlanan anlarından yolasalma mərasiminədək bütün məqamları qürurlandırıcı olmaqla yanaşı, Türk Dünyasının hər bir üzvünün qarşılıqlı olaraq səmimiyyətinin, doğmalığının nümayişi idi. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan azərbaycanılarla qırğızların dil və din eyniliyi də qardaşlığımızı və birliyimizi möhkəmləndirən amillərdən olub. Repressiya illərində Bişkek, Talas, Qara-Balta şəhərlərinə sürgün edilən azərbaycanlılara qucaq açan dərd ortaqları, qırğızlar tarixin amansız sınaqlarından üzüağ çıxıblar. Qanlı imperiya dağılandan sonra, ölkələrimiz arasında diplmatik münasibətlər yalnız 1993-cü ildə qurulub. Ancaq 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında isə Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Diplomatik əlaqələr nisbətən gec qurulsa da, eyni kökə malik qardaş ölkələr arasındakı tarixi əlaqələr və bağlılıqlar səbəbindən münasibətlərdə hər hansı narahatlıqlar yaşanmayıb. Ortada həm də ruh bağlılığı olub axı...

İyulun 31-də Qırğızıstanda dövlət səfərində olan Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində təşkil olunan rəsmi qarşılanma mərasimi, dövlət başçımızın və Birinci xanımın şərəfinə düzülən, qırğız xalqının keçmişinin və müasirliyinin rəmzi olan fəxri qarovul dəstəsi düzülüşü, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şəxsən hava limanına, qardaşını qarşılamaq üçün gəlməsi münasibətlərin yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi.

1785500796_c504d6013e2350a254bb87179dd249b0.jpg (182 KB)

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dost-qardaş ölkələrin liderlərin yüksək münasibəti də hər birimiz üçün qürurulandırıcı anlar idi. Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçılarının bir məkana toplaşmasından heç şübhəsiz ki, qıcıqlananlar da yox deyildi: onlar bu birliyin baş tutmaması üçün uzun illər əllərindən gələni edənlər, ayrılıqlar salmaq üçün planlar qurmuşdular. Amma, qara planlar iflasa uğradı, Türk rüzgarı Çolpon-Ata çöllərindən qardaşlıq, dostluq salamlarını yaydı bütün dünya türklərinə və dost ellərə!  

Həm Qırğızıstanda dövlət səfərində olan, həm də Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak etmək üçün qardaş ölkəyə dəvət olunan cənab Prezidentin Qırğızıstanın sosial-iqtisadi uğurları, İssık-Kul gölünün ətrafındakı ərazinin sürətli inkişafı, bölgənin kurort və beynəlxalq səviyyəli turizm istiqamətinə çevrilməsini xüsusilə vurğulaması qardaşın qardaş uğuruna ürəkdən sevinməsinin göstəricisi idi. Bu, həm də “cənnət görmək istəyən...” meajı idi hər kəsə.

6d6156b49432764496a1af07cbb326b4_5476624.jpg (224 KB)

Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əlaqələrin uğurlu inkişafını müəyyənləşdirəcək böyük sənədlər zərfinin imzalanması ikitərəfli əlaqələrin növbəti mərhələyə adladığını göstərir. Dövlətimizin başçısı imzalanan sənədlər arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusilə qeyd etdi. Bildirdi ki, bu, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir. “Onu da qeyd etmək istərdim ki, iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin uğurla inkişafı məni sevindirir. Bu gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə Fondun maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət göstərir, amma potensial da kifayət qədər böyükdür”. Prezidentin imzası qədər etibarlı olan bu sözləri ikitərəfli əməkdaşlığın yüksəliş dövrünün müjdəçisidir.

1785477254_55d4d799d51675c0b61fb9c31002b347.jpg (163 KB)

İssık-Kulun sahilində ilk beşulduzlu hotelin - “Bakı” hotelinin - Azərbaycan tərəfindən inşa edilməsinin həm də rəmzi mənası var. Bir müddət öncə Azərbaycana səfər edən Türkmənistan prezidentinə cənab Prezident “Dostluq” tankerini hədiyyə etmişdi...

e17d89b680cb9e8fa1d5e31c80978604_5567143.jpg (333 KB)

Ölkəmizin rəhbəri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu xüsusi vurğuladı. Bu mənada qarşılıqlı səfərlərin dinamikasından bəhs etdi: “Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”. Çox məmnunedici statistikadır: dost-qardaş ölkələr sevinsin, düşmənlərimiz çatlasın!

Dövlətimizin başçısı bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfə idi iştirak edirdi. Amma o qədər yüksək səviyyədə doğmalıq, səmimiyyət var idi ki...Sanki bu liderlər min illərdir bir yerdə imişlər...Gerçəkdən fəxr ediləsi müttəfiqlikdir... Yeri gəlmişkən, bu görüşə qədər Azərbaycan Lideri görüşə fəxri qonaq qismində qatılırdı, bu dəfə isə komandanın tamhüquqlu üzvü kimi ali tədbirdə iştirak edirdi. Elə sammitdəki çıxışında cənab Prezidentin Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığını ifadə etməsi də böyük diqqətə səmimi qarşılığın əlaməti idi.

Liderlərin görüşündə imzalanan Çolpon-Ata Bəyannaməsi də birlik və birgəliyimiz, inkişafımız, müttəfiqliyimizin növbəti təsdiqi oldu. Necə ki, 2021-ci ildə Şuşa Ucalığında qardaş Türkiyə ilə Şuşa Bəyannaməsi imzalanmışdı. Yeri gəlmişkən, Çolpon-Atadakı Zirvədə Türkiyə Liderinin də yeri görünürdü...

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimində səslənən fikirlərin də hər iki xalqın və dövlətin tarixində mühüm əhəmiyyəti var. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar ki, bu sənədlər çox mühüm əhəmiyyət kəsb edir. Hökumətlərarası sənədlər, həmçinin rabitə, təhlükəsizlik, energetika, bankçılıq və digər sahələrdə əlaqələrin inkişafını nəzərdə tutan sənədlər bütövlükdə regional əlaqələrə təkan verəcək. Çünki söhbət həm də perspektivdə Qırğızıstanın Orta Dəhlizə qoşulmasından və bu, qlobal əhəmiyyətli layihənin mühüm həlqələrindən birinə çevrilməkdən gedir. Orta Dəhlizin bir hissəsi olmaqla qardaş ölkə Azərbaycan üzərindən illik 20 milyon tonluq yükdaşımaları həyata keçirməyi hədəfləyir ki, bu da çox nəhəng göstəricidir.  

Bu arada, “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”n və “Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum”un, “Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”n da öz yeri var...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın liderinə və Qırğız xalqının əziz dostuna böyük hörmətini ifadə edərkən “Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır”, deyərək xitab etməsi səmimiyyətin ali nümayişi idi. Qırğız liderin Qırğızıstanla Azərbaycanı tarixi köklər və mənəvi yaxınlığın birləşdirməsini, bizim dəyərlərimizin iki xalqın zəngin mədəni irsində öz əksini tapmasını söyləməsi və dahi Azərbaycan şairi Nizami Gəncəvidən iqtibas gətirməsi çox ibrətamizdir: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Qırğız Prezidenti “Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”, deməklə atılan körpülərin sağlam, etibarlı təməllər üzərində qurulduğunu bir daha bəyan etmiş oldu. Vurğulandı ki, Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxış edərkən Qarabağın bərpasında köməyə görə Qırğızıstan Prezidentinə təşəkkür etməsi, Ağdam bölgəsində həmkarı ilə birlikdə açılışını etdiyi məktəbin Manasın adını daşımasını xatırlaması “Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”, deməsi iki qardaş xalqın şərəfli tarixinə əbədi həkk olunacaq.

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi də yaddaqalan oldu. Qırğızıstan Prezidenti Azərbaycan Prezidentinə xitabən “Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz”, söylədi. Bildirdi ki, ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Sitat: “Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim. Bu yüksək mükafat Sizin Qırğızıstan - Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir”. Böyük etimad, yüksək mükafat! Özü də Azad Qarabağda məktəb adı daşıyan, tarix boyunca, əbədi olaraq övladlarımızın təhsil alacağı məktəbə adı verilən böyük türkün şərəfinə qəbul olunmuş 1-ci dərəcəli “Manas” ordeni! Qırğız türklərinin ən böyük qəhrəmanlıq eposu olan, 400 mindən çox misralıq Manas dastanı türklərin ortaq tarixinin nəhəng bir parçası və ortaq mədəni irsinə aid olan xəzinədir. Azadlıq, birlik və xoş həyat uğrunda mübarizəni simvolizə edən Manasın adına olan ordeni ən çox haqq edən elə Türk-Müsəlman coğrafiyasının qiymətli bölgələrindən birini Qarabağı, Şərqi Zəngəzuru azad edən Sərkərdə, 500 illik məğlubiyyətlər seriyasından sonra torpaqlarımızın azadlığına nail olan Lider kimi məhz cənab İlham Əliyevdir! Odur ki, “Manas” Ordeni çox yaraşdı! Mübarəkdir, həm də xalqımız və dövlətimiz adına! Yeri gəlmişkən, bu, ali ordenlə təltif olunanların siyahısında böyük yazıçı Çingiz Aytmatovun, BMT-nin keçmiş baş katibi Kofi Annan, Türkiyənin sabiq prezidenti Sülyman Dəmirəl, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Çin lideri Si Sizinpin və... Rusiyanın dövlət başçısı Vladimir Putinin adı var...

24df31c9c7ca7f9e6f45521855c3fba1_9352594.jpg (144 KB)

Azərbaycan Prezidenti qırğız həmkarına xitabən “Sizinlə əməkdaşlıq illərimiz ərzində ölkələrimiz çox böyük və şərəfli yol qət edib, dövlətlərarası münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dünyada bundan yüksək səviyyə mövcud deyil. Qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində şəxsi iştirakınıza görə Sizə çox dərindən minnətdaram”, söylədi. Daha sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elan olundu və dövlətimizin başçısı yüksək mükafatı həmkarına təqdim etdi. Qırğız liderin “Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - “Heydər Əliyev” ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır”, sözləri tarixi keçmişə etimad, bu günə sayğı, gələcəyə aydın baxışın əlamətidir.

1785482209_480149d36d4d2f8d40a9c72c98142169.jpg (91 KB)

İki liderin apardığı danışıqların mühüm yekunu olaraq müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoymaqla yanaşı, digər dost-qardaş ölkələr üçün də əlavə imkanlar yaradır. Həmçinin bu münasibətlər Azərbaycan Prezidentinin böyük liderlik keyfiyyətlərinin növbəti dəfə nümayişi, həmçinin Azərbaycan dövlətinin Cənubi Qafqaz regionunun açar dövləti, eyni zamanda aparıcı mövqeyə sahib olan ölkə statusunun ona doğru addım atanlara yalnız və yalnız müsbət perspektivlər vəd etdiyinin nümayişidir. Hələ qarşıda nə qədər gözəl tarixi hadisələr, artan əlaqələr var. VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, “ŞƏT+” Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək “Bişkek+25” ikinci Qlobal Dağ Sammitində də iştiraka Azərbaycan Lideri dəvət olundu.

Bundan əvvəlki qarşılıqlı səfərlərdə Bakıda qırğız xalqının böyük yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılışında, həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını ölkələrimizin liderləri birgə etmişdilər. Görüləsi o qədər işlər, fəxr ediləsi o qədər əməllər olacaq ki...

Tanrı Azərbaycanı və onun dostlarını, qardaşlarını qorusun!

Elşad Paşasoy

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31