Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanda yeni siyasi gərginlik

Ermənistanda yeni siyasi gərginlik

08.07.2026 [09:56]

Revanşistlər Tsarukyanın həbsindən narahatdırlar - növbə kimə çatacaq?

İyunun 7-də baş tutan parlament seçkisindən sonra Ermənistandakı siyasi gərginlik müəyyən mənada azalsa da, ölkənin Konstitusiya Məhkəməsinin seçkinin nəticələri ilə bağlı qərarının ardından vəziyyət yenidən dəyişib. Hakimiyyətin revanşist müxalifətin fəaliyyətinin araşdırılması ilə bağlı mövqeyi nəticə etibarı ilə Ermənistanda siyasi qarşıdurma yaratmaq istəyən qüvvələrin narahatlığına səbəb olub. Qeyd edək ki, iyulun 6-da Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan həbs olunub.

21.072.827 dollar dəyərində əmlak mənimsənilib...

Ermənistan İstintaq Komitəsi Tsarukyanın həbsi ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Ermənistan Respublikası İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İdarəsi tərəfindən araşdırılan cinayət işlərindən birinin hissəsi olaraq, Q.Tsarukyanın planı və təşkilatçılığı ilə bir qrup şəxsin 2022-2024-cü illər arasında xüsusilə böyük miqyasda - külli miqdarda fırıldaqçılıq və çirkli pulların yuyulması ilə məşğul olduqlarını göstərən faktiki sübutlar əldə edilib. Tsarukyanın rəhbərliyi və təşkilatçılığı altında fəaliyyət göstərən cinayətkar qrupun üzvləri İran vətəndaşları ilə Ermənistan-İran ticarət əlaqələrini inkişaf etdirmək üçün razılığa gəliblər və birgə hüquqi şəxslər yaradıblar. İran və Ermənistan arasında logistika yük daşınmasını təşkil etmək adı altında saxtakarlıq və etibardan sui-istifadə yolu ilə İran sahibkarlarına məxsus şirkətlərdən 52 nəqliyyat vasitəsi, ixtisaslaşdırılmış avadanlıq, yanacaq və müxtəlif mallar əldə ediblər, həmin malları Ermənistana idxal ediblər. Daha sonra, biznes fəaliyyəti kimi təqdim edərək, gömrük bəyannamələrini və digər rəsmi sənədləri saxtalaşdırıblar və daha sonra təxminən 8.126.946.460 dram (21.072.827 dollar) dəyərində əmlakı mənimsəyiblər.

İstintaq Komitəsi bildirib ki, qrup üzvləri sonradan cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq məqsədilə idxal sənədlərini saxtalaşdırmaqla onun mənşəyini gizlədiblər və əmlakın bir hissəsini özgəninkiləşdiriblər.

Çirkli pulların yuyulması və külli miqdarda vergidən yayınma...

İstintaq materiallarına görə, Tsarukyan yanacaq  idxalı və satışı ilə məşğul olan şəxslərlə cinayətkar əlaqədə də olub. Onlar yanacaq idxalı sövdələşməsinin bir hissəsi olaraq İran vətəndaşından 934.465 dolları dələduzluq yolu ilə mənimsəyiblər və bu vəsaitlər cinayət mənşəyini gizlətmək üçün şirkətin qanuni dövriyyəsinə daxil edilib.

Nəticə etibarı ilə, toplanan sübutlara əsasən, İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İdarə Qaqik Tsarukyana qarşı xüsusilə külli miqdarda fırıldaqçılıq təşkil etmək (iki maddə) və çirkli pulların yuyulmasını təşkil etmək ittihamları ilə dövlət ittihamının qaldırılması üçün vəsatətlər təqdim edib. Cinayətkar qrupun digər iki üzvünə qarşı da oxşar ittihamlar irəli sürülüb. Vəsatətlər təmin edilib.

İstintaq Komitəsinin əməkdaşları fırıldaqçılıq, çirkli pulların yuyulması və külli miqdarda vergidən yayınma ilə bağlı ondan çox cinayət işinin istintaqı çərçivəsində Milli Təhlükəsizlik Xidmətinin, Dövlət Gəlirləri Komitəsinin və Daxili İşlər Nazirliyinin polis nümayəndələri ilə birlikdə 70-dən çox yerdə eyni vaxtda axtarış aparıblar. Komitənin məlumatına görə, istintaq zamanı cinayət işi ilə bağlı sənədlər və əşyalar, o cümlədən oğurlandığı güman edilən nəqliyyat vasitələri aşkar edilib.

Tsarukyanın qeyri-qanuni ovları...

Tsarkyanın evində aparılan axtarış zamanı başqa bir maraqlı detal da üzə çıxıb. Belə ki, yeni ittiham qanunsuz ov və vəhşi heyvanların saxlanılması ilə bağlıdır. Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Qaqik Tsarukyanın malikanəsində aparılan axtarışlardan sonra vəhşi heyvan və quşların qanunsuz ovlanması faktı üzrə yeni cinayət işi açılıb. İstintaq çərçivəsində malikanədən əvvəlcədən sakitləşdirici vurulmuş üç şir və bir pələng çıxarılıb. Bundan başqa, mənşəyi açıqlanmayan 190 heyvan və quş müqəvvası da aşkarlanaraq götürülüb. İstintaqın versiyasına görə, qanunsuz ov nəticəsində ətraf mühitə 81 min dollardan çox ziyan dəyib. Müsadirə olunan heyvanlar cinayət işi üzrə maddi sübut kimi tanınıb və İrəvan Zooparkına aparılıb.

Revanşist qrup həbsin üzərinə “siyasi pərdə” çəkmək istəyir

Tsarukyanın həbsi isə revanşist müxalifətin işini çətinə salıb. Bəlli olduğu kimi, Tsarukyanın rəhbərlik etdiyi siyasi partiya seçkilərdə baryeri aşacaq səviyyədə səs toplamamışdı və parlamentdən kənarda qalmışdı. Qeyd edlək ki, Samvel Karapetyanın ifşası və həbsinin ardından Tsarukyan revanşist qrupun maliyyə “xaç atası” sayılırdı. Bu baxımdan da, hazırda revanşist müxalifət maliyyə fırıldaqları və bu kimi əməllərə görə saxlanılan Tsarukyanın işini siyasi müstəviyə yönəltməyə çalışırlar. Məsələn, revanşist düşərgənin tanınan simalarından olan Tiqran Abramyan Qaqik Tsarukyana və onun əmlakına qarşı aparılan hərəkətləri qisas adlandırıb. O, bu cinayət işini parlament seçkiləri ilə əlaqələndirməyə çalışıb.

Paralel olaraq Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” Bloku da Tsarukyanın saxlanılmasını eyni tezis üzrə “dəyərləndirib” - onlar da həbsi “siyasi qisas” adlandırıblar. Onlar Tsarukyanın saxlanılmasını hakimiyyətin legitimlik böhranını gizlətməyə və dövlət əleyhinə məqsədlərə çatmaq üçün bütün mümkün müqavimət mənbələrini aradan qaldırmağa çalışmaq kimi qələmə veriblər.

Küçə döyüşlərinə çağırışlar edilir

Tsarukyanın başqa bir “müdafiəçisi” “Güclü Ermənistan” partiyası da həbs edilən partiya sədrinə qarşı irəli sürülən fırıldaqçılıq və dələduzluq maddələrini ikinci plana keçirmək üçün “hərəkətə keçib”. Partiyanın rəhbərlərindən olan Narek Karapetyanın sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistandakı hazırkı hökumət ölkə vətəndaşlarının əksəriyyətinin dəstəyini almayıb. Karapetyan Tsarukyanın  həbsindən istifadə edərək revanşist bloku birləşməyə çağırıb, başqa sözlə hakimiyyətə qarşı qeyri-qanuni fəaliyyətə başlanılmasının vaxtının çatdığını təbliğ edib.

Kilsə fürsəti əldən vermək istəmir

Yaranan siyasi gərginlikdən istifadə etməyə çalışan kilsə də Nikol Paşinyana qarşı yenidən cəbhə açmaq qərarındadır. Bir müddət öncə küçə aksiyaları həyata keçirən arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı iddia qaldıraraq, iddiaçının böhtan xarakterli hesab etdiyi səslərin satın alınması iddialarının geri götürülməsini tələb edib. Bundan əlavə, arxiyepiskop baş nazirdən mənəvi ziyana görə 49,7 dram təzminat tələb edir. İddia ərizəsi 6 iyul 2026-cı ildə verilib və hakim Marine Taşçyan tərəfindən imzalanıb.

İddia ərizəsində arxiyepiskop Nikol Paşinyanın məhkəmə qərarından sonra beş iş günü ərzində şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirən yalan məlumatları ictimaiyyət qarşısında təkzib etməyə məcbur edilməsini xahiş edir. Təkzib Ermənistan hökumətinin rəsmi saytında, baş nazirin rəsmi saytında və ən azı 5000 nüsxə tirajla çap olunmuş mətbuat orqanında dərc olunmalıdır.

Samvel Karapetyanın “deputatlarından” biri siyahıdan çıxdı...

Bütün bunlarla yanaşı revanşist müxalifətin siyahısı ilə parlamentə düşən bəzi şəxslər artıq öz partiyalarından istefa verirlər. Vəkil Vahan Ovannisyan özünü “Güclü Ermənistan” bloku siyahısından çıxarmaq üçün Ermənistan Mərkəzi Seçki Komissiyasına ərizə təqdim etdiyini açıqlayıb: “Mərkəzi Seçki Komissiyasına “Güclü Ermənistan” partiya alyansının seçki siyahısından çıxarılmağım üçün ərizə təqdim etdim. Bundan sonra Ermənistanda təcili ehtiyac duyulan insan haqları ilə məşğul olmağa davam edəcəyəm”, - deyə vəkil Facebook səhifəsində bildirib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31