Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Qlobal süni intellekt çağırışlarına birgə cavab

Qlobal süni intellekt çağırışlarına birgə cavab

23.07.2026 [10:15]

Dördüncü sənaye inqilabı dövründə dünya sürətlə dəyişir və burada əsas məqamlardan biri süni intellektin rolunun sürətlə artmasıdır. Deyə bilərik ki, artıq süni intellekt həyatın ayrılmaz hissəsinə çevrilib. Süni intellekt sayəsində mürəkkəb məsələlərin asan həlli tapılır, zaman sərfi ölçüyəgəlməz dərəcədə azalır, daha az işçi qüvvəsi ilə daha böyük həcmlərdə işlər yerinə yetirilir...

Bütün bunlar həyatın asanlaşması anlamına gəlirmi? Suala birmənalı şəkildə “hə  cavabı vermək çətindir. Hər halda beynəlxalq miqyasda izlənilən proseslər onu deməyə əsas verir ki, dünyada süni intellektin yaratdığı reallıqların qəbul edilməsinin özü də ciddi müzakirə predmetinə çevrilib. Burada da qlobal həmrəyliyə, kordinasiyalı fəaliyyətlərə ehtiyac duyulur. Bugünlərdə Çinin Şanxay şəhərində beynəlxalq Süni İntellekt Konfransı (WAIC) çərçivəsində Dünya Süni İntellekt Əməkdaşlığı Təşkilatının yaradılması da yaranan çağırışlara birlikdə cavab tapılması məqsədi daşıyır.

Qeyd edək ki, konfrans 2018-ci ildən bəri hər il təşkil olunur. Bu platforma süni intellekt sahəsində əsas sənaye liderlərini Şanxayda bir araya gətirir. Burada iri şirkətlərin rəhbərləri, dövlət rəsmiləri, alim və ekspertlər iştirak edirlər. Onlar əlaqə qurur və süni intellekt texnologiyalarının inkişafı və tətbiqinin gələcək yollarını müzakirə edirlər.

Süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq 

Yeni dünya qurumunun yaradıldığını konfransda Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib. Təşkilatın yaradılması barədə sazişi 29 ölkənin nümayəndəsi imzalayıb. İmzalanma mərasimində BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.

 Sazişə əsasən, Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl edən və geniş məsləhətləşmələr, birgə töhfələr və ortaq faydalar vizyonunu dəstəkləyən müstəqil hökumətlərarası beynəlxalq təşkilatdır.

Qurum süni intellektdə beynəlxalq əməkdaşlığı və qlobal idarəetməni təşviq etməyi, süni intellektin faydalı, təhlükəsiz və ədalətli şəkildə inkişaf etməsini təmin etməyi və bəşəriyyətin rifahına töhfə verməyi hədəfləyir. Onun qərargahı Çinin Şanxay şəhərində yerləşəcək.

Süni intellekt sahəsində lider ölkələr

Hazırda dünyada süni intellekt sahəsində ABŞ liderdir, Çin ikinci, Britaniya isə üçüncü yerdə gəlir. Bu barədə məlumat Çin Elmi və Texnoloji İnformasiya İnstitutunun, həmçinin Pekin Universitetinin birgə hazırladığı qlobal süni intellekt innovasiya indeksi üzrə hesabatda öz əksini tapıb.

Hesabatın müəllifləri 46 ölkəni beş meyar əsasında araşdırıblar. Ölkələr, həmçinin 39 göstərici üzrə təhlil edilib və onların hər biri üç pilləli sistem üzrə qiymətləndirilib.

Hesabata görə, ABŞ süni intellekt üzrə dünyaya böyük fərqlə liderlik edir. 100 ballıq sistem üzrə ABŞ 77,97 balla birinci, Çin 58,01 balla ikinci, Böyük Britaniya 36,60 balla üçüncüdür. 

İlk onluqda həmçinin Yaponiya (33,77 bal), Koreya Respublikası (33,48 bal), Almaniya (32,22 bal), Sinqapur (31,57 bal), Fransa (30,98 bal), Kanada (29,79 bal) və Hindistan (29,41) yer alıb.

Aparılan tədqiqatda əsas diqqət süni intellektin altı kateqoriyası üzrə 30 göstəriciyə yönəldilib: istedad, tədqiqat, işləmələr, tətbiq, məlumatlar və avadanlıq.

Məlum olub ki, ABŞ startaplara investisiyalar və tədqiqat və işləmələrin maliyyələşdirilməsi kimi əsas sahələrdə liderdir. Öz növbəsində Çin bir neçə sahədə uğur qazanıb və digər ölkələrlə müqayisədə məhsuldarlığa görə dünyanın 500 ən güclü superkompüteri sırasına daxil olan daha çox superkompüter sayına malikdir.

Dünyada süni intellekt sahəsində bu və ya digər ölkənin liderlik etməsi öz yerində. Məsələ burasındadır ki, süni intellekt yarışı hazırda eyni zamanda güc mərkəzləri arasında siyasi rəqabətin yeni formasına çevrilib. İndiyədək dövlətlər iqtisadi, hərbi gücləri, siyasi çəkiləri ilə dünyaya meydan oxumağa çalışırdılar. Belə görünür ki, indi prioritet süni intellekt sahəsində digər rəqibləri daha böyük fərqlə arxada qoymaqdır.

ABŞ-ın iddialı hədəfləri

Süni intellekt sahəsində də qlobal liderliyini təmin edən ABŞ-ın bu sahədə gələcək hədəfləri çox iddialıdır. Ötən il Prezident Donald Tramp ölkədə süni intellekt texnologiyasını inkişaf etdirmək və ona əsaslanan müxtəlif inkişafların ixracını artırmaq məqsədi daşıyan üç sərəncam imzalayıb. “Amerika süni intellekt sahəsində yarışa başlayan ölkədir. Mən ABŞ prezidenti kimi bu gün Amerikanın qalib gələcəyini elan edirəm”, - deyə Tramp Vaşinqtonda süni intellektin inkişafı ilə bağlı təşkil olunan konfransda bildirib. O, əmin edib ki, Birləşmiş Ştatlar hazırda süni intellekt sahəsində Çindən çox irəlidədir və bu üstünlüyünü möhkəmləndirmək niyyətindədir.

Amerika lideri qeyd edib ki, adıçəkilən konfransda imzaladığı icra sərəncamlarından biri ABŞ-ı süni intellektlə bağlı müxtəlif inkişafların “ixrac mühərrikinə” çevirmək məqsədi daşıyır. Ağ Evin dərc etdiyi sənəddən belə görünür ki, bu, xüsusən də Vaşinqtonun müttəfiqi olan ölkələrə ixtisaslaşmış kompüter avadanlığı və proqram təminatının satışına aiddir.

Trampın vurğuladığı kimi, Amerika administrasiyası tərəfindən görülən tədbirlər ABŞ-da süni intellekt infrastrukturu ilə bağlı bütün böyük layihələrin həyata keçirilməsini sürətləndirmək üçün mümkün olan hər şeyi etməyə yönəlib. Onun sözlərinə görə, bu, federal hakimiyyət orqanları tərəfindən bu sahədə bütün lazımi icazə və lisenziyaların verilməsini sürətləndirməyi tələb edir.

Amerika prezidenti həmçinin qeyd edib ki, Çinlə uğurla rəqabət aparmaq üçün Birləşmiş Ştatlar süni intellektin öyrədilməsi üçün istifadə oluna biləcək müxtəlif materiallar üçün əqli mülkiyyət hüquqlarına riayət olunması ilə bağlı tələbləri yumşaltmalıdır. “Hər məqalə, kitab və ya öyrəndiyiniz hər hansı bir şey üçün pul ödəməlisinizsə, süni intellekt proqramınızın uğurlu olacağını gözləmək olmaz”,- deyə D. Tramp vurğulayıb.

Çindən verilən mesajlar

Si Cinpin Şanxayı konfrans iştirakçıları tərəfindən təsis edilmiş süni intellekt sahəsində əməkdaşlıq üzrə beynəlxalq təşkilatın qərargahı elan edib. Çin süni intellektin inkişafı və idarə olunmasında beynəlxalq ictimaiyyəti birləşdirməyi planlaşdırır. Si Cinpin qeyd edib ki, dünya miqyasında süni intellektin innovasiyası həmişəkindən daha aktivdir və bu cür texnologiyalar həmişə insan nəzarəti altında olmalıdır. O həmçinin qeyd edib ki, “məsuliyyətli böyük bir ölkə olaraq, Çin həmişə süni intellektlə bağlı beynəlxalq ictimai mallar təqdim etməyə sadiqdir”. Çin lideri əlavə edib ki, süni intellektin inkişafı “bir ölkənin tək ifası deyil, beynəlxalq əməkdaşlığın simfoniyası” olmalıdır. Çin lideri vurğulayıb ki, Qlobal Cənubun çağırışına cavab olaraq Çin “beynəlxalq ictimaiyyəti süni intellektin inkişafını və idarə olunmasını fəal şəkildə təşviq etmək üçün birləşdirmək” üzərində işləyəcək.

Çin Şanxayda bəyan etdiyi süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq strategiyasına uyğun olaraq növbəti beş il ərzində inkişaf etməkdə olan ölkələr üçün 5000 təlim və seminar imkanı təqdim edəcək. Si Cinpinin sözlərinə görə, Çin ASEAN, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Latın Amerikası və Karib Dövlətləri Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS ilə süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq mərkəzlərinin yaradılmasını dəstəkləyəcək.

Həmçinin Si Cinpin bildirib ki, süni intellektlə işləyən MAZU meteoroloji erkən xəbərdarlıq sistemindən istifadə üçün 30 ölkəyə dəstək göstərəcək.

Azərbaycan üçün rəqəmsal idarəetmə dövrü

Hər zaman öz gündəliyində qlobal çağırışları nəzərə alan Azərbaycan üçün də rəqəmsal idarəetmə dövrü başlayıb. Müasir dövlət kimi inkişaf edən respublikamız rəqəmsal idarəçilik modelinə keçidi özünün prioritetlərindən biri kimi müəyyənləşdirib. Effektiv keçidi təmin etmək məqsədilə institusional və hüquqi bazanın yaradılması istiqamətində müəyyən yol keçilib və ilk nəticələr əldə olunub. Cari ilin yanvar ayında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib.  Fevral ayında dövlətimizin başçısının sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası çevik fəaliyyət göstərir. İyunun 29-da Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda önəmli müzakirələr aparılıb, Birinci vitse-prezident müvafiq qurumlara öz tapşırıqlarını verib.

Beləliklə, ölkədə rəqəmsal idarəçilik modelinə keçidlə bağlı dövlətin siyasi iradəsi ortadadır. Buna uyğun olaraq da ölkə miqyasında rəqəmsal idarəçilik modelinə keçidin, mərkəzi və yerli icra strukturlarında fəaliyyətlərin elektron platformalar üzərindən həyata keçirilməsinin əhatə dairəsi getdikcə genişlənir və bu, beynəlxalq səviyyədə də təqdir olunur.

Buna misal olaraq qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu  “Heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi” kateqoriyası üzrə “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

BMT-yə 63 ölkədən təqdim olunmuş 700 təşəbbüs arasından DSMF və digər ölkələrdən 7 müvafiq dövlət qurumu bu mükafatla təltif edilib. Gürcüstan paytaxtında keçirilən, 100-ə yaxın ölkədən 420 nümayəndənin iştirak etdiyi BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil olunan təltifetmə mərasimində mükafat DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim olunub.

Fond BMT-nin Dövlət Xidmətləri Mükafatına sosial təminat sahəsində son illər həyata keçirdiyi innovativ islahatlara, xüsusilə sosial ödənişlərin proaktiv qaydada təyin olunmasına, rəqəmsal texnologiyalar əsasında qurulmuş vətəndaşyönümlü xidmət modelinə, sosial xidmətlərin əlçatanlığının, operativliyinin, şəffaflığının və inklüzivliyinin artırılması istiqamətində əldə etdiyi mühüm uğurlara görə layiq görülüb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31