Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni geosiyasi reallıqlar fonunda Bakı-Berlin tərəfdaşlığı

Yeni geosiyasi reallıqlar fonunda Bakı-Berlin tərəfdaşlığı

23.07.2026 [11:46]

Azərbaycanın yüksələn beynəlxalq nüfuzu Avropa ilə tərəfdaşlığı dərinləşdirir

Qlobal mühitdə formalaşan yeni reallıqlar özlüyündə münasibətlər sisteminin də yeni mərhələyə keçidini zəruri edib. Belə ki, artıq proseslərin inkişafı yalnız böyük güc mərkəzlərinin, iqtisadi cəhətdən meqaimkanlara sahib dövlətlərin diqtəsi ilə deyil, həm də orta güclərin maraqları və strateji yol xəritələri üzərindən təmin olunur. Bu mənada, Azərbaycanın son illərdə milli maraqlara əsaslanan, qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən və beynəlxalq hüququn prinsiplərinə söykənən xarici siyasət kursu qlobal miqyasda diqqət çəkir - Bakının yürütdüyü praqmatik siyasi xətt müxtəlif siyasi və iqtisadi mərkəzlərlə, hətta qütblərlə münasibətlərin paralel şəkildə inkişaf etdirilməsinə, regional və beynəlxalq sabitliyə töhfə verilməsinə imkan yaradıb.

Artıq Azərbaycan kontingentlərarası münasibətlər sistemində orta güc statusu ilə stabilləşdirici rol oynamaqdadır. Hərtərəfli strateji əlaqələrə malik olduğumuz Çin, strateji xartiya imzaladığımız ABŞ ilə yanaşı, artıq Avropa İttifaqı da Bakının bölgədəki rolunu yüksək dəyərləndirir, təqdir edir. Azərbaycanın yürütdüyü siyasətin mühüm istiqamətlərindən biri Avropa İttifaqı və onun üzv dövlətləri ilə əməkdaşlığın genişləndirilməsidir. Son illərdə tərəflər arasında siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, “yaşıl enerji” sahəsində əməkdaşlıq və humanitar münasibətlər yeni məzmun qazanıb. Xüsusilə Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin artması fonunda Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Enerji resurslarının şaxələndirilməsi, alternativ enerji marşrutlarının yaradılması və dayanıqlı nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində ölkənin həyata keçirdiyi layihələr Avropa İttifaqının strateji maraqları ilə üst-üstə düşür. Yeni beynəlxalq iqtisadi nizamın formalaşdığı şəraitdə Azərbaycan Şərqlə Qərb arasında mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Ölkənin yerləşdiyi əlverişli geostrateji mövqe, müasir nəqliyyat infrastrukturu və həyata keçirilən regional layihələr Avrasiya məkanında ticarət və iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq nəqliyyat dəhlizləri yalnız iqtisadi səmərəlilik baxımından deyil, həm də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu reallıqlar ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da gücləndirir.

Berlin Bakının sülh və təhlükəsizlik təşəbbüslərini dəstəkləyir...

Avropa İttifaqının aparıcı dövlətlərindən olan Almaniya da regionda yaranmış yeni geosiyasi reallıqları nəzərə alaraq Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verir. Almaniya Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu, iqtisadi potensialını və regional sabitliyin təmin olunmasına verdiyi töhfələri yüksək qiymətləndirir. Eyni zamanda, Berlin Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın bərqərar olmasını dəstəkləyərək Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin beynəlxalq hüquq prinsipləri əsasında irəliləməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sırağagün Almaniyaya baş tutan rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında Almaniya Kansleri Fridrix Merts bəyanatında bildirib ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik Almaniya üçün də zəruridir: “Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bu səbəbdən, cənab Prezident, biz Sizi Almaniyada salamlamaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklər davam etmiş münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Alman və Avropa perspektivindən nəyi edə bilsək, bundan şad olarıq”.

Qeyd edilməlidir ki, Azərbaycan Vətən müharibəsində formalaşdırdığı yeni reallıqlarla həm də beynəlxalq hüququn tələblərinin icrasını təmin etdi. Başqa sözlə, Azərbaycan 30 ilə yaxın icra edilməmiş BMT TŞ-nın məlum 4 qətnaməsini icra etdi. Paralel olaraq Azərbaycan postmüharibə dövründə sülh təşəbbüsləri irəli sürməklə yeni nizamın inkişafına xüsusi stimul qazandırıb. Azərbaycan proseslərin inkişafını rasional şəkildə dəyərləndirərək məsələləri qisasçılıq prizmasından deyil, yeni gələcək, yeni münasibətlər sistemi və əməkdaşlıq mühiti çərçivəsindən qiymətləndirib. Nəticə etibarı ilə, Bakının sülh təşəbbüsləri ötən ilin avqustunda Vaşinqtonda reallaşan Sülh Sammiti çərçivəsində sülh sazişi layihəsinin paraflanmasına gətirib çıxardı. Bu isə sülhün bir addımlığı deməkdir. Artıq iki ölkə arasında müəyyən ixrac-idxal prosesləri reallaşır, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına icazə verilir. Bu, Azərbaycanın sülh prosesindəki davamlı qətiyyətinin göstəricisidir. Berlində keçirilən mətbuat konfransında bəyanatında Prezident İlham Əliyev Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə təşəkkür edərək bildirib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi: “Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib.

Yəni biz çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir”.

Müsbət siyasi dialoq mühiti

Azərbaycan ilə Almaniya arasında siyasi münasibətlər qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn prinsiplərinə əsaslanan konstruktiv dialoq çərçivəsində inkişaf edir. Hər iki ölkə ikitərəfli əlaqələrin genişləndirilməsinə, siyasi məsləhətləşmələrin intensivləşdirilməsinə və qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası görüşlər və parlamentlərarası əlaqələr siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir. Almaniya Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm tərəfdaşlarından biri kimi çıxış edir və ölkənin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, eləcə də regional əməkdaşlığın inkişafındakı rolunu yüksək qiymətləndirir. Öz növbəsində, Azərbaycan Almaniyanı Avropa İttifaqının aparıcı siyasi və iqtisadi güclərindən biri kimi dəyərləndirir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Tərəflər arasında mövcud olan açıq siyasi dialoq müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır və gələcəkdə strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Kansler Fridrix Merts mətbuata bəyanatında bildirib ki, bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Çox şadam ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. 2025-ci ilin yazında Prezident Ştaynmayer Azərbaycana səfər etmiş ilk alman dövlət başçısı oldu. Bu il, həmçinin parlamentlərimiz arasında intensiv mübadilələr oldu”.

Prezident İlham Əliyev də bəyanatında ikitərəfli gündəliyimizin kifayət qədər geniş olduğunu söyləyib: “Biz bu barədə Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”.

Azərbaycan Almaniyanın enerji təchizatında əsaslı rol oynayır

Azərbaycan Almaniyanın enerji təminatında mühüm rol oynayan ölkələrdən biridir. Ötən 20 ildə bu ölkəyə neft ixracı sayəsində Almaniyanın enerji-yanacaq kompleksi xeyli inkişaf edib. Bu reallıqları nəzərə alan Almaniya ölkəmizin yürütdüyü enerji siyasətini, o cümlədən Avropa İttifaqının neft və qazla təminatında oynadığı mühüm rolu yüksək dəyərləndirərək respublikamızı etibarlı və sadiq təchizatçı adlandırır. Azərbaycanın 2027-ci ilə qədər təbii qazın təchizat həcmini Aİ bölgəsində ən azı iki dəfə artırmaq planlarını, habelə Avropa coğrafiyasında yeni enerji kollektorlarının şaxələnməsində göstərdiyi iradəni alqışlayaraq region üçün nümunəvi siyasət hesab edir.

Qeyd edək ki, Azərbaycan bu ildən başlayaraq Almaniyaya təbii qaz satmağa başlayıb.  Ötən il Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr olub ki, bu həcmin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Almaniya şirkətləri ilə imzalanan 10 illik müqavilədə ilkin həcm 1,5 milyard kubmetrdir. Kansler Fridrix  Merts bildirib ki, Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırlar: “Hazırkı böhran şəraitində xam neftin və Cənub Qaz Dəhlizi ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident, biz bunları təfərrüatı ilə müzakirə etdik. Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik. Bu gün biz, həmçinin bərpaolunan enerji və hidrogendən istifadənin genişləndirilməsini müzakirə etdik”.

Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, enerji sahəsindəki əməkdaşlıq istiqamətində də müsbət nəticələr var: “Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır”.

Almaniya Azərbaycanın Şərq-Qərb tranzit bağlantısına böyük əhəmiyyət verir

Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu ölkəni Şərq-Qərb tranzit marşrutunun əsas iştirakçılarından birinə çevirib. Almaniya bu strateji üstünlüyü yüksək qiymətləndirərək Azərbaycanın Avrasiyada yükdaşımaların, ticarət əlaqələrinin və logistika zəncirinin dayanıqlığının təmin edilməsində oynadığı mühüm rolu xüsusi vurğulayır. Son illərdə qlobal tədarük zəncirlərində baş verən dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycan ilə Almaniya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradıb. İki ölkə arasında bu istiqamətdə əməkdaşlıq təkcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də Avropa ilə Asiya arasında təhlükəsiz, etibarlı və səmərəli yükdaşımaların təmin edilməsinə xidmət edir. Almaniya Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələrini regional inteqrasiyanın gücləndirilməsi baxımından mühüm amil kimi dəyərləndirir. Bu əməkdaşlıq qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və Avrasiya məkanında dayanıqlı nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verir. Kansler Fridrix Merts deyib ki, Almaniya Azərbaycanın sərmayə proqramına aid təklifi ilə bağlı konstruktiv müzakirələr aparır: “Bu proqram Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri üçün yeni imkanlar aça bilər. Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyəti də artır. Yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək istədiyimiz iqtisadi potensialı yaradır. Cənab Prezident, bildiyiniz kimi, kiçik və orta müəssisələr üçün uzun məsafədə sərmayə yatırmaq çox zaman asan olmur. Yerlərdə münasib çərçivə şərtləri hər zaman olduqca vacibdir”.

Bakı Orta Dəhliz vasitəsilə Şərq-Qərb kontentində təhlükəsiz, eyni zamanda etibarlı və sərfəli daşımaçılıq təklif edir. Bu xəttin ən mühüm stansiyalarından biri kimi, Azərbaycan həm də regional təhlükəsizliyin təmini istiqamətində öz töhfələrini verir, bu isə kompleks şəkildə Orta Dəhlizin cəlbediciliyini artırır. Prezident İlham Əliyev mətbuata açıqlamasında deyib ki, bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var: “Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur”.

Bakı-Brüssel əlaqələri yeni məcrada...

Qeyd olunmalıdır ki, Azərbaycan yeni mərhələdə Avropa İttifaqı ilə əlaqələrini də daha müsbət məcrada inkişaf etdirir. Təşkilatın rəhbərlərinin son 7 ayda Bakıya intensiv səfərləri, bu səfərlərdə səsləndirilən əməkdaşlıq bəyanatları və münasibətlərin dinamik inkişaf səviyyəsinə qədəm qoyması ilə bağlı iradə göstərir ki, Aİ Azərbaycanın orta güc statusunu qəbul edir. Vurğulanmalıdır ki, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti böyükdür - təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi prioritet hədəf olaraq müəyyənləşdirilib. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq: “Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31