Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Türkiyənin yanlış mövqeyi: Azərbaycanın İsrailə görə hədəfə alınması əsassızdır

Türkiyənin yanlış mövqeyi: Azərbaycanın İsrailə görə hədəfə alınması əsassızdır

18.10.2026 [16:22]

Son zamanlar Türkiyənin sosial mediasında Azərbaycan hədəfə alınır. Bunun əsas səbəblərindən biri ölkəmizin İsraillə münasibətləridir. BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı azərbaycanlı diplomatın zalı tərk etməməsindən sonra ölkəmiz açıq hədəfə çevrilib. Əslində, beynəlxalq hüquqda diplomatik etiket qaydaları var və ölkəmiz buna əməl edib. Digər tərəfdən, Azərbaycan müstəqil siyasət həyata keçirir və heç kimin diqtəsi ilə hərəkət etmir.   

Azərbaycanın mövqeyi ədalətlidir

Fələstin probleminə gəlincə, Azərbaycan bu məsələdə də beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın Fələstin probleminin BMT-nin və İƏT-in qətnamələri əsasında həllinin tərəfdarı olduğu hər kəsə məlumdur. Azərbaycan dövləti Fələstin xalqına dəfələrlə humanitar yardımlar göndərib. Bakı Fələstinlə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi edərək regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verib. Azərbaycanın Fələstində diplomatik nümayəndəlik açması məsələsi də olduqca mühüm bir amildir. Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır.
Lakin Qəzza probleminə görə, İsraili “gur səslə” qınayan Türkiyənin bu ölkə ilə iqtisadi-ticari əlaqələri davam etməkdədir. Hər nə qədər Türkiyə rəsmi olaraq 2024-cü ilin mayında İsraillə ticarət əlaqələrini dayandırdığını iddia etsə də, faktlar tam əksini göstərir. Türkiyə ilə İsrail arasında uzun illər ərzində böyük ticarət əlaqələri formalaşıb. Türkiyə Ticarət Nazirliyinin rəsmi məlumatına görə, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi təxminən 9,5 milyard dollar, 2023-cü ildə isə 7 milyard dollar olub. 2024-cü ildə Türkiyə tərəfi İsraillə ticarətə qadağa qoyduğunu elan etsə də, iqtisadi əlaqələr davam edib. Belə ki, ötən il dünyaca nüfuzlu “Əl-Cəzirə” nəşrində 2024-cü il üzrə İsrailin xarici ticarət əlaqələrinə dair araşdırma məqaləsi dərc olunub. Sözügedən məqalədə İsrailin ən çox məhsul ixrac və idxal etdiyi ölkələrin siyahısı yer alıb. Həmin siyahıya əsasən, Türkiyə İsrailə ən çox məhsul ixrac edən ölkələr siyahısında 5-ci pillədə qərarlaşıb. Statistikaya görə, 2024-cü ildə Türkiyədən İsrailə 2,868 milyard dollarlıq məhsul ixrac olunub. Müqayisə üçün bildirək ki, Azərbaycan həmin siyahıda ilk 15-likdə belə yoxdur.

İsraildə Türkiyə məhsulları...

Göründüyü kimi, Ankara rəsmi səviyyədə İsraillə ticarət əlaqələrini tamamilə dondurduğunu və ticarətin "sıfır" səviyyəsində olduğunu bəyan etsə də, dəniz nəqliyyatı məlumatları və rəsmi beynəlxalq ticarət statistikaları tamamilə fərqli reallığı ortaya qoyur. Türkiyə hökuməti öz bayrağı altında üzən gəmilərin İsrail limanlarına getməsini qadağan etsə də, Türkiyəyə məxsus və ya Türkiyə limanlarından idarə olunan nəhəng gəmi donanması Marşal adaları, Panama, Malta, Liberiya kimi ölkələrin bayraqları altında İsrailə yük daşımağa problemsiz davam edir.  

Digər tərəfdən, İsraildə uzun illərdir fəaliyyət göstərən Türkiyə şirkətləri mövcuddur. Həmin şirkətlərdən biri də “Yılmazlar Construction Group”dur. Adıçəkilən Türkiyə şirkəti İsraildə təxminən 40 ildir fəaliyyət göstərir. Şirkətin İsraildə həyata keçirdiyi layihələr arasında Hayfa limanı, Bloomfield stadionu, “Azrieli Town”, “Electra Landmark”, İsrail Milli Kitabxanası və çoxsaylı yaşayış, biznes kompleksləri var. Üstəlik, şirkətin öz açıqlamasında bildirilir ki, 2026-cı ildə də Türkiyədən İsraildəki layihələrinə işçi qrupları göndərib. Yəni şirkət İsraildə fəaliyyətinə əvvəlki qaydada davam edir.

Bundan əlavə, hazırda İsrail mağazalarında Türkiyə məhsullarının açıq şəkildə satışı davam edir. İsrailə məhsul ixrac edən Türkiyə şirkətlərindən biri “Paşabahçe”dir. 1935-ci ildə yaradılmış “Paşabahçe” dünyada şüşə qablar və ev əşyaları istehsalı üzrə aparıcı brendlərdən biridir. İstehsalat fəaliyyətinə Türkiyənin ilk şüşə fabriki kimi başlayan şirkət, hazırda “Şişecam Group”un tərkibində fəaliyyət göstərir. Şirkətin İsraildə satılan məhsullarının üzərində həm ivrit, həm də türk dillərində məlumatların qeyd olunduğu görünür. Bu isə məhsulların İsrail bazarında satış üçün nəzərdə tutulduğunu göstərir.

Azərbaycanı hədəf alanlar həqiqətlər qarşısında susur

Göründüyü kimi, Türkiyənin İsraillə ticarət əlaqələri ilə bağlı faktlar yetərincədir. Amma Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən, bunu bəhanə gətirib, Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar sözügedən faktlara səslərini belə çıxarmırlar. Bəli, Azərbaycanın İsraillə ticarət əlaqələri var və rəsmi Bakı bunu gizlətmir. Amma rəsmi Ankara üzdə ticarət əlaqələrini dayandırdığını elan etsə də, əslində Türkiyə şirkətləri İsraillə əməkdaşlığa davam edir.

Əgər bu gün Azərbaycanı hədəf alanlar həqiqətən də, Qəzza məsələsinə belə can yandırırlarsa, Türkiyə şirkətlərinin İsraildəki fəaliyyətini də işıqlandırmalı, tənqid etməlidirlər. Ancaq onlar susmağı seçirlər. Bütün bu faktların gözardı edilməsi fonunda Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında hansı niyyətlərin olduğunu və haradan maliyyələşməsini təxmin etmək çətin deyil.

Türkiyədə əhalinin sosial durumu çətinləşir

Belə bir şəraitdə, Türkiyənin iqtisadi vəziyyəti hakimiyyətin siyasətinə münasibətdə mühüm amilə çevrilib. Yüksək inflyasiya, ərzaq və mənzil xərclərinin artması, milli valyutanın dəyər itirməsinin uzunmüddətli təsirləri və əhalinin alıcılıq qabiliyyətinə təzyiq insanların gündəlik həyatını çətinləşdirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı — OECD 2026-cı ilin sentyabrında Türkiyə üzrə illik inflyasiya proqnozunu 31,5 faizə yüksəldib, iqtisadi artım proqnozunu isə 2,7 faizə endirib. Bu rəqəmlər iqtisadiyyatın tənəzzülə uğradığını deyil, yüksək inflyasiyanın və zəifləyən artım perspektivlərinin ciddi problem olaraq qaldığını göstərir.
Məsələnin mahiyyəti təkcə iqtisadi statistikadan ibarət deyil. Əhalinin gündəlik yaşayış imkanları zəiflədikcə sosial narazılıq artır, gələcək barədə qeyri-müəyyənlik dərinləşir. Belə şəraitdə hakimiyyətin qarşısında əsas vəzifə insanların real problemlərinə cavab vermək, iqtisadi sabitliyi təmin etmək və cəmiyyətdə etimadı qorumaqdır. Lakin siyasi mühitdə dini və ideoloji məsələlərin ön plana çıxarılması, cəmiyyətin müxtəlif düşərgələrə bölünməsi və gündəlik problemlərin siyasi mübarizənin kölgəsində qalması narahatlıq doğurur. Bununla belə, daxili iqtisadi problemlərlə Azərbaycana qarşı kampaniya arasında birbaşa səbəb-nəticə əlaqəsi olduğunu sübut edən faktlar olmadan belə nəticəyə gəlmək düzgün olmazdı. Belə faktlar isə hər kəsə məlumdur.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31