Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan müstəqilliyini əsl mənasında qoruyan, inkişaf etdirən bir dövlətdir

Azərbaycan müstəqilliyini əsl mənasında qoruyan, inkişaf etdirən bir dövlətdir

18.10.2026 [10:27]

Bakı heç bir ölkənin "Neo-Osmanizm" xəyallarının Qafqazdakı forpostu ola bilməz

SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan postsovet ölkələri qarşısında mürəkkəb siyasi və iqtisadi vəzifələr dayanırdı. İqtisadi əlaqələrin qırılması, istehsalın zəifləməsi, maliyyə çatışmazlığı və yeni təhlükəsizlik sisteminin olmaması gənc dövlətləri çətin seçim qarşısında qoymuşdu. Belə şəraitdə bəzi ölkələr problemlərini həll etmək üçün böyük güclərin siyasi himayəsinə sığınmağa, onların maraqlarına uyğun xarici siyasət yürütməyə, bir sözlə "vassallığı" qəbul etməyə üstünlük verirdilər. Azərbaycan isə müstəqilliyin ilk illərində həm iqtisadi böhranla, həm siyasi qeyri-sabitliklə, həm də Ermənistanın hərbi təcavüzü və ərazilərimizin işğalı ilə üzləşmişdi. Beynəlxalq müstəvidə ölkəmizə qarşı təzyiqlərin mövcudluğu da vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Lakin Azərbaycanın fərqi ondan ibarət oldu ki, dövlətçilik strategiyasını ayrı-ayrı güc mərkəzlərinin iradəsinə tabe etdirmədi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizin milli maraqlarını əsas götürərək müstəqil qərarlar verməsinin, xarici tərəfdaşlarla münasibətləri qarşılıqlı fayda prinsipi əsasında qurmasının təməlini yaratdı. Bakı–Tbilisi–Ceyhan ixrac neft boru kəmərinin marşrutunun müəyyənləşdirilməsi bu baxımdan mühüm nümunədir. Xəzər enerji ehtiyatlarının dünya bazarlarına hansı istiqamətlə çatdırılması məsələsi yalnız iqtisadi layihə deyil, həm də geosiyasi seçim idi. Azərbaycan öz mövqeyini qoruyaraq enerji siyasətinin milli suverenliyə xidmət etməsinə nail oldu. Bu qərar göstərdi ki, ölkəmiz iqtisadi imkanlarını genişləndirməklə yanaşı, siyasi iradəsini də qorumaq əzmindədir. Sonrakı onilliklərdə məhz bu strateji yanaşma Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı.

Üç əsas dayağa söykənən müstəqillik strategiyası

Azərbaycanın müstəqillik tarixində keçdiyi yol göstərir ki, siyasi suverenliyin qorunması yalnız dövlət müstəqilliyinin elan edilməsi ilə bitmir. Onu real məzmuna çevirmək üçün iqtisadi güc, diplomatik iradə və etibarlı müdafiə sistemi formalaşdırılmalıdır. Təxminən ötən otuz il ərzində ölkəmiz məhz bu istiqamətlər üzrə ardıcıl strategiya həyata keçirib. Əvvəlcə iqtisadi tənəzzülün qarşısının alınması, maliyyə sabitliyinin təmin edilməsi və milli iqtisadiyyatın inkişafı üçün zəruri baza yaradıldı. Neft strategiyası, xarici investisiyaların cəlb edilməsi, enerji ixrac marşrutlarının şaxələndirilməsi Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, xarici siyasətdə manevr imkanlarını da artırdı.

İqtisadi müstəqilliyin möhkəmlənməsi diplomatik fəaliyyətin daha geniş miqyasda qurulmasına şərait yaratdı. Azərbaycan müxtəlif siyasi mərkəzlərlə münasibətlərini vahid geosiyasi istiqamətlə məhdudlaşdırmadı, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini seçdi. Bu yanaşma ölkəmizə həm regional, həm də beynəlxalq platformalarda fəal iştirak etmək, tərəfdaşlar ilə münasibətlərini milli maraqlar əsasında inkişaf etdirmək imkanı verdi. Paralel olaraq, müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Güclü iqtisadiyyat və ardıcıl diplomatik fəaliyyətlə yanaşı, müasir ordu quruculuğu da Azərbaycanın suverenliyinin təmin olunmasında həlledici amil oldu.

2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər, 2023-cü ildə suverenliyin ölkənin bütün ərazisində bərpa olunması bu strategiyanın nəticələrini nümayiş etdirdi. Azərbaycan sübut etdi ki, milli maraqlarına əsaslanan uzunmüddətli siyasət iqtisadi inkişafı, beynəlxalq nüfuzu və hərbi qüdrəti vahid məqsəd ətrafında birləşdirə bilər. Bu gün ölkəmizin müstəqil siyasi xətti məhz həmin üç dayağın qarşılıqlı tamamlanması üzərində dayanır.

Diplomatiyanın mərkəzində milli maraqlar və ədalət dayanır

Vurğulandığı kimi, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri beynəlxalq münasibətlərdə müstəqil mövqeyini qorumaqla müxtəlif tərəflərlə dialoq imkanlarını açıq saxlamasıdır. Müasir dünyada dövlətlərin siyasi və iqtisadi maraqları tez-tez toqquşur, beynəlxalq münasibətlər sistemi isə rəqabət və qarşıdurmaların təsiri altında dəyişir. Belə şəraitdə hər hansı bir güc mərkəzinin mövqeyini avtomatik şəkildə qəbul etmək dövlətin öz qərarvermə imkanlarını məhdudlaşdıra bilər. Azərbaycan isə əməkdaşlığı siyasi asılılıqla eyniləşdirməyən, tərəfdaşlıq münasibətlərini qarşılıqlı fayda və suverenliyə hörmət prinsipləri əsasında quran siyasət yürüdür.

Bu yanaşma ölkəmizin beynəlxalq təşkilatlardakı fəaliyyəti zamanı da özünü göstərib. Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə Azərbaycan dövlətlərin suveren bərabərliyi, daxili işlərinə qarışmamaq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi prinsipləri ön plana çıxarırdı. Pandemiya dövründə ölkəmizin müxtəlif dövlətlərə göstərdiyi dəstək, vaksinlərə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı beynəlxalq təşəbbüsləri və BMT platformasındakı fəaliyyəti bu siyasətin mühüm nümunələri idi. Azərbaycan yalnız yaxın tərəfdaşlarının deyil, qlobal miqyasda ehtiyacı olan ölkələrin problemlərinin də diqqətə çatdırılmasına çalışırdı. Bu, xarici siyasətin sırf ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş beynəlxalq məsuliyyət anlayışı əsasında qurulduğunu göstərirdi. Azərbaycanın müstəqil diplomatiyası heç bir dövlətlə münasibətləri qarşıdurma üzərində qurmaq məqsədi daşımır. Əksinə, ölkəmiz Qərb və Şərq, Avropa və Asiya istiqamətlərində əməkdaşlığını inkişaf etdirərək milli maraqlarının qorunmasına çalışır. Bu siyasətin başlıca meyarı tərəfdaşların kimliyi deyil, münasibətlərin Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə və inkişafına hansı töhfəni verməsidir.

Azərbaycanın yolu dönməz, iradəsi sarsılmazdır…

Azərbaycanın apardığı müstəqil siyasətin daha geniş nəticəsi ölkəmizin Cənubi Qafqazda və onun hüdudlarından kənarda mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzinə çevrilməsidir. Bu gün Bakı müxtəlif dövlətləri bir araya gətirən beynəlxalq tədbirlərə ev sahibliyi edir, regional kommunikasiyaların inkişafında iştirak edir, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları üzrə əməkdaşlığın genişlənməsinə töhfə verir. Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi onun hansısa güc mərkəzinin yanında dayanması ilə deyil, fərqli tərəfdaşlarla müstəqil münasibətlər qurmaq qabiliyyəti ilə bağlıdır. Bu imkanlardan səmərəli istifadə etmək üçün siyasi qərarların milli maraqlara uyğun verilməsi vacibdir.

Xüsusilə Türkiyə ilə münasibətlər bu kontekstdə düzgün qiymətləndirilməlidir. Azərbaycan və Türkiyəni tarixi, mədəni, dil və milli maraqlar baxımından sıx bağlar birləşdirir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi iki ölkə arasında siyasi və təhlükəsizlik əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıb. Bununla belə, müttəfiqlik dövlət suverenliyinin məhdudlaşdırılması demək deyil. Azərbaycanla Türkiyə arasındakı münasibətlərin möhkəmliyi də məhz qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanır. İki ölkənin yaxınlığı birinin digərinin qərarlarını əvəz etməsi deyil, hər birinin müstəqil dövlət kimi öz məsuliyyətini daşıması üzərində qurulub.

Buna görə də Azərbaycanı hər hansı xarici gücün regional planlarının icraçısı və ya forpostu kimi təqdim etmək ölkəmizin keçdiyi tarixi yolu və bugünkü siyasi reallıqları nəzərə almamaqdır. Azərbaycanın xarici siyasəti nə Türkiyənin, nə də başqa bir güc mərkəzinin geosiyasi layihəsinə avtomatik şəkildə bağlanıb. Bakı müxtəlif tərəfdaşlarla əməkdaşlıq edir, lakin yekun qərarlarını öz milli maraqları əsasında verir. Bu, müttəfiqlərə qarşı mövqe deyil, müstəqil dövlətçiliyin təbii prinsipidir. Bakı heç bir ölkənin "Neo-Osmanizm" xəyallarının Qafqazdakı forpostu ola bilməz.

Azərbaycanın əsas məqsədi gücünə, siyasi iradəsinə və beynəlxalq tərəfdaşlıq imkanlarına əsaslanaraq inkişafını davam etdirməkdir. Müstəqilliyin həqiqi məzmunu da məhz budur: dostluq və müttəfiqlik münasibətlərini qorumaq, əməkdaşlıq imkanlarından yararlanmaq, lakin dövlətin özünə aid qərarları yalnız öz milli maraqlarına uyğun qəbul etmək. Azərbaycanın yolu dönməz, iradəsi sarsılmazdır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31