“Tehran 43”-də qurulan və qırılan nizam: XXI əsrin sülh paradoksu
28.11.2025 [10:12]
Dünya 82 ildən sonra yeni “Tehran” axtarışında...
İkinci Dünya müharibəsinin qızğın çağında keçirilmiş Tehran Konfransı, tarixi adı ilə “Tehran 43” bəşəriyyətin taleyi üçün təkcə hərbi-strateji qərarların deyil, həm də gələcək dünyanın siyasi xəritəsinin müəyyənləşdiyi bir dönüş nöqtəsi oldu. Bu görüş və ya konfrans elə həmin günlərdə dalğa-dalğa yayılan müharibə sarsıntısına rəğmən, insanlığın sülh arzusunun hələ də yaşadığını sübut edirdi. 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə keçirilən, yeni dövrün “sərhədlərini” müəyyənləşdirən konfrans XX əsrin post-müharibə xəritəsini özündə əks etdirməklə yanaşı, 1980-ci illərin sonuna qədər davam edəcək “soyuq müharibə”nin də ilkin işartılarını özündə əks etdirirdi. İki fərqli ideoloji xəttə malik “zorən müttəfiqlərin” masa arxasında müzakirə etdikləri məsələlər yeni tarixin dönüş nöqtəsi idi...
82 il sonra bu gün: “müharibədən sülhə keçid” modeli XXI əsrin mürəkkəb reallıqları qarşısında işləmir...
Aradan 82 il keçib. Müharibə bitib, dünya sistemi dəyişib, imperiyalar süqut edib, yeni güc mərkəzləri meydana çıxıb, lakin sülh hələ də bəşəriyyət üçün tam mənada əlçatan olmayıb. Hətta müharibənin izlərini silmək üçün qurulan beynəlxalq institutlar belə zaman keçdikcə öz funksional gücünü itirib, qalıcı sabitlik yarada bilməyib. Bu günün reallığı daha mürəkkəb, daha parçalanmış və daha təhlükəlidir. Regional toqquşmalar nəinki səngimir, hətta daha da genişlənərək “lokal münaqişə” statusundan qlobal rəqabətin bir elementinə çevrilir. Böyük güclər arasındakı qarşıdurmalar 1940-cı illərin geosiyasəti ilə müqayisədə daha çox aktorun, daha çox marağın və daha çox qeyri-müəyyənliyin iştirak etdiyi çoxluqlu bir mühit yaradır. “Tehran 43”-ün yaratdığı “müharibədən sülhə keçid” modeli artıq XXI əsrin mürəkkəb reallıqları qarşısında işləmir.
Bugün dünyanın qarşısında duran mənzərə paradoksaldır: məntiqlə müharibənin dəhşətlərini görmüş bəşəriyyət sülhün dəyərini daha yaxşı anlamalı idi - amma sanki əksinə oldu. Qlobal güclər arasındakı inamsızlıq, iqtisadi maraqların sərtləşməsi, regional sistemlərin dağılması və yeni güclərin yaranması tarazlığı yenidən pozdu. Məhz buna görə “Tehran 43”-ün 82-ci ildönümündə dünyaya baxanda sülhün bizdən nə qədər uzaqlaşdığını daha aydın hiss edirik.
Böyük güclər bir vaxtlar ittifaq masasında çiyin-çiyinə qərarlar qəbul edirdilərsə, bu gün eyni güclər müxtəlif qütblərdə dayanaraq rəqabətin daha sərt formasını nümayiş etdirirlər. Bunun fonunda meydana yeni aktorlar çıxmaqdadır. Dünya yeni bir nizamın astanasındadır, lakin bu nizamın necə olacağı, hansı şəhərdə formalaşacağı hələ ki, zamanın öhdəsinə buraxılıb.
Tehran-43: Birləşən güclər və ayrılan yollar...
Tehran Konfransının əsas ideyası qlobal miqyasda sülhün bərqərar olunması və beynəlxalq münasibətlərin sabit bir sistemə oturdulması idi. Dünyanı viran qoyan müharibənin içində belə üç böyük güc - ABŞ, Böyük Britaniya və SSRİ ortaq masa ətrafında əyləşərək həm qələbəni sürətləndirmək, həm də gələcək dünyanın siyasi arxitekturasını planlaşdırmaq istəyirdilər. “Tehran 43”, eyni zamanda, liderlərin bir-birinə etibar etmə prosesi idi; qərarların mühüm hissəsi şəxsən Franklin Ruzvelt, Uinston Çörçill və İosif Stalinin siyasi iradəsi ilə formalaşmışdı.
Lakin qlobal sülhün konturları elə də uzunömürlü olmadı. Müharibə bitən kimi dünya dərhal yeni bir parçalanma xəttinə sürükləndi. “Tehran 43” masasında müttəfiq olan güclər cəmi bir neçə il sonra “soyuq müharibə” adlanan uzunmüddətli geosiyasi qarşıdurmanın tərəflərinə çevrildilər. Qonşuluqda sülhü bərpa etmək istəyənlər bu dəfə bir-birilərinin ideoloji rəqibi oldular. “Qırmızı qanad” SSRİ və sosialist blokunu, “göy qanad” isə ABŞ və müttəfiqlərini, kapitalist dünyasını formalaşdırdı. “Tehran 43”ün ideyası olan qlobal həmrəylik çox keçmədən kağız üzərində qaldı.
Əsrin sonunda SSRİ-nin süqutu ilə qlobal mühitin taleyi bir daha dəyişdi. Soyuq müharibənin bitməsi daha çox Qərbin liderliyi ilə formalaşmış birtərəfli nizam yaratdı, amma bu nizam da uzun sürmədi. Dünya daha da mürəkkəbləşdi, yeni regional güclər ortaya çıxmağa başladı, Asiya dövlətləri ard-arda qlobal sistemdə özlərini təsdiq etdilər. “Tehran 43”-ün qurduğu konfiqurasiya tamamilə dağıldı. Sülh üçün qurulan nizam münaqişələr üçün zəmin yaratdı. Bu gün bəşəriyyət bir daha eyni sualın qarşısındadır: dünya gücləri yenidən ortaq masa arxasında birləşə bilərmi?
“Soyuq müharibə”dən isti qarşıdurmalara: Qlobal nizamın dağılması
Soyuq müharibənin sona çatmasından bu günə təxminən 40 ilə yaxın bir zaman keçib. Bu gün özünü SSRİ-nin varisi adlandıran Rusiya “Tehran 43”-də yanında oturduğu müttəfiqlərlə üz-üzə dayanıb. Qərbin Rusiya ilə münasibətləri ən gərgin mərhələyə qədəm qoyub: qarşıdurma tək siyasi deyil, hərbi, iqtisadi və texnoloji sahələrdə də özünü göstərir. Bu isə o deməkdir ki, “Tehran 43”-ün formalaşdırdığı sistem tam şəkildə iflasa uğrayıb.
Bu gün dünya o keçmiş ittifaqlardan çox uzaqdadır. Tehranda “müttəhimlər kürsüsü”ndə əyləşmiş Almaniya artıq Qərbin aparıcı güclərindən birinə çevrilib və təhlükəsizlik arxitekturasında əsas yükü daşıyan ölkələrdəndir. Avropa İttifaqı daha güclü siyasi aktora çevrilmə fonunda ABŞ-la münasibətlərdə müəyyən soyuqluq yaşayır. Bir sözlə, “Soyuq müharibə” bitdi, amma onun yerini “çoxqütblü qarşıdurmalar” aldı. “Tehran 43” bir dönəmin nizamını qurmuşdusa, XXI əsr həmin nizamın dağıldığını təsdiqlədi.
Dəyişən dünya, dəyişən güclər: Yeni nizamın açarı haradadır?
Bu gün dünya siyasi ağırlıq mərkəzlərinin sürətlə yerini dəyişdiyi bir dövrü yaşayır. Artıq ənənəvi güclər təkbaşına qlobal prosesləri idarə edə bilmir. Regional güclər - xüsusilə Türkiyə kimi dövlətlər - həm diplomatik, həm iqtisadi, həm də hərbi sahədə yeni rol modelləri formalaşdırırlar. Fransa Prezidenti Emmanuel Makronun da etiraf etdiyi kimi, “Türkiyəsiz Avropada sülh mümkün deyil”. Bu açıqlama, əslində, dünyanın hansı istiqamətə hərəkət etdiyini göstərir.
Qərb koalisiyası artıq təkqütblü dünyanı idarə edə bilmədiyini anlayır və Şərq dövlətləri ilə əməkdaşlığın qaçılmaz olduğunu qəbul edir. Enerji təhlükəsizliyi, regional sabitlik, logistik imkanlar, texnoloji rəqabət və yeni iqtisadi sistemlər kimi sahələrdə qərarların bölüşülməsi zərurətə çevrilib. Dünya artıq bir vaxtların “Tehran 43” xəritəsinə sığmır - aktorların sayı çoxalıb, güc paylanması dəyişib, reallıq daha dinamik olub.
Bu gün yeni beynəlxalq formatın harada formalaşacağı böyük sualdır. “Tehran 43” bir dönəmin simvolu idi, lakin yeni sülh modeli bəlkə də fərqli bir coğrafiyada - Bakıda, İstanbulda, Dohada və ya Pekində ortaya çıxa bilər. Çünki bu şəhərlər XXI əsrin yeni siyasi cizgilərini müəyyən edən əsas güc mərkəzlərinə çevrilir. Azərbaycanın təşəbbüsləri, Türkiyənin regional güc kimi yüksəlişi, Orta Dəhliz, enerji marşrutları, Qafqazın strateji əhəmiyyəti - bütün bunlar yeni qlobal nizamın məhz bu regiondan başlaya biləcəyinə işarə edir. Sülhün coğrafiyası da dəyişir, onun mərkəzi də...
Dəyişməyən nəticə: Dünya yenidən masa arxasına qayıtmalıdır...
Bir zamanlar “Tehran-43” ümidi, ambisiyaları və bəşəriyyətin gələcəyini dəyişmək iddiası ilə tarixə düşmüşdü. Aradan 82 il keçsə də, o günün təsirləri hələ də hiss olunur. Amma dünya həmin nizamı çoxdan itirib. Soyuq müharibə dövrü biti, güc balansları dəyişib, ittifaqlar yenilənib və dünya daha mürəkkəb, daha çoxqütblü, daha təhlükəli bir mərhələyə qədəm qoyub.
Dünya həm də yeni sülhə möhtacdır. Bəşəriyyətin qarşısında tək bir sual dayanır: dünya yeni sülh masası arxasında birləşəcəkmi?... Yoxsa parçalanma yüzilliyi davam edəcək?
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Noyabr 23:11
İqtisadiyyat
27 Noyabr 22:48
Dünya
27 Noyabr 22:30
Elm
27 Noyabr 22:19
Maraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
27 Noyabr 11:48
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36

