Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Avrasiya Nəqliyyat Marşrutu”

“Avrasiya Nəqliyyat Marşrutu”

28.11.2025 [10:57]

Çin-Mərkəzi Asiya-Xəzər-Avropa vahid nəqliyyat ailəsi formalaşır

Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağının iclası keçirilib. Tədbirdə assosiasiyaya üzv olan dövlətlərin - Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak edib. İştirakçı ölkələr Orta Dəhlizin cənub qolu hesab edilən Avrasiya Nəqliyyat Marşrutunda aparılan yenidənqurma və infrastruktur təchizatını, tranzit daşımaları üzrə tarif siyasətini, xərclərin optimallaşdırılması və vahid əlaqələndirmə imkanlarını müzakirə edib.  “Avrasiya Nəqliyyat Marşrutu” Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu hesab edilir və Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir.

Bakı Beynəlxalq Limanı - “Trans-Xəzər” nəqliyyat zənciri...

Tərəflər Orta Dəhlizlə daşınan yükləri artırmaq üçün ilk növbədə, infrastrukturu daha da inkişaf etdirməyi vacib hesab edir. Bu plana uyğun olaraq, son aylarda dəhlizin digər istiqamətlərində də əsaslı yenidənqurma işləri aparılıb, Mərkəzi Asiya bölgəsində dəmir yolu və liman infrastrukturları müasirləşdirilib, digər nəqliyyat xətləri ilə birləşdirilib. Qazaxıstan “Trans-Xəzər”də zəruri nəqliyyat infrastrukturlarını yeniləşdirib. Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb. Bu nəqliyyat qovşağı Kurık dəniz limanını Orta Dəhlizə birləşdirməklə Qazaxıstanın beynəlxalq nəqliyyat marşrutlarında imkanlarını artırmağa xidmət edir. Belə ki, Kurık-Jetıbay yolu ən rentabelli və axıcı nəqliyyat xətti kimi beynəlxalq yük və daşınmaların birbaşa Kurık limanına yönləndirilməsində qısa və nəqliyyat sərfəliliyi baxımından ən rahat infrastruktur şəbəkəsi hesab edilir. Əgər əvvəllər sürücülər Aktauda dayanmalı olurdusa, indi onlar Jetıbay kəndi vasitəsilə dəniz limanına daha tez və rahat çatacaqlar.

Kurik limanı Azərbaycanın Qazaxıstan və dünya ilə liman bağlantısında da mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Limanı ilə Kurık Limanı arasında memorandum imzalanıb və yeni nəqliyyat zənciri formalaşıb. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına, oradan isə Gürcüstan, Türkiyə və Avropa ölkələrinə göndərilir. Son 2 ildə Ələt-Kurık-Ələt istiqamətində yükdaşımaların intensivləşməsi də bunu təsdiqləyir.

Çindən yeni multimodal daşınmalara başlanılıb

Ancaq buna baxmayaraq, Orta Dəhlizlə daşınmaların həcminin sürətlə artması yeni çağırışlar meydana çıxarıb. ADY sədri Rövşən Rüstəmov bildirib ki, Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artımın müşahidə edildiyi bir vaxtda marşrutların şaxələndirilməsinə ehtiyaclar daha da artıb. Noyabrdan etibarən, Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşınmalara başlanılıb. Habelə yaxın vaxtlarda inşası tamamlanacaq Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu Avrasiya Nəqliyyat Marşrutunun rolunu artıracaq və bu nəqliyyat xətti Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqəni təmin edəcək. Bu isə assosiasiyanın üzərinə bir sıra mühüm vəzifələr qoyur, infrastrukturun inkişafı, kommersiya, rəqəmsallaşma, marketinq, kommunikasiya və digər məsələlər üzrə koordinasiyaedici fəaliyyətini artırmağı labüdləşdirir. Bu konteksdə assosiasiya bir sıra tədbirlər həyata keçirilməli, o cümlədən “Avrasiya Nəqliyyat Marşrutu” üzrə intermodal daşımalarda mövcud vəziyyəti və daşımaların idarə olunması üçün İT həllər və rəqəmsal platformaları təhlil etməli, logistika, optimallaşdırma üzrə yeni prioritetlər müəyyənləşdirməlidir.

“Trans-Əfqan” xətti Orta Dəhlizə birləşir...

Orta Dəhliz ailəsinin digər üzvü Özbəkistan da öz nəliyyat infrastrukturlarını yeniləyərək şaxələndirmədə fəal rol alır. Rəsmi Daşkənd son dövrlərdə dəmir yollarının inşası və modernləşdirilməsin istiqamətində əhəmiyyətli addımlar atıb, dəhlizə inteqrasiya edilmiş logistika mərkəzləri yaratmaqda davam edir, həmçinin daşınmalarda daha səmərəli rüsumların tətbiqi üçün hüquqi-normativ bazanı təkmilləşdirməkdədir. Bir müddət əvvəl Özbəkistan-Qırğızıstan-Çin yeni dəmir yolunun inşası razılaşdırılıb və bu layihənin icrası “Avrasiya Marşrutu”nu rolunun artırılmasına hesablanıb.

Eləcə də “Tacikistan Dəmir Yolları” nəqliyyatın səmərəli işləməsi üçün infrastrukturu inkişaf etdirmək, təkmilləşdirmək, optimal nəqliyyat marşrutları, kommunikasiyalar qurmaq yönündə tədbirlər həyata keçirməkdədir. Tacikistan hökuməti nəqliyyat dəhlizlərinin, dəmir yolu infrastrukturunun inkişafına və ölkənin tranzit zonaya çevrilməsinə böyük diqqət yetirir və bütün bu layihələri icra etməkdə Orta Dəhlizə inteqrasiyanı gücləndirmək məqsədi güdür.

Türkiyə Dövlət Dəmir Yolları da Orta Dəhlizdə yükdaşımaları artırmaq üçün öz səylərini gücləndirəcək. “TCDD Taşımacılık” şirkətinin baş direktoru Ufuk Yalçın bildirib ki, Türkiyənin coğrafi mövqeyinin verdiyi imkanlardan maksimum yararlanmaq və faydaları artırmaq üçün bütün tərəflərlə optimal əlaqələr qurulacaq.

Beləliklə, “Avrasiya Nəqliyyat Marşrutu” dəmir yolu xətlərini vahid bir coğrafi çərçivədə birləşdirməklə regionda yerləşən digər ölkələrin də dəhlizə qoşulmasını asanlaşdıracaq. Bu, həm də Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açır və hər iki ölkə Tacikistanla nəqliyyat sistemlərini əlaqələndirməklə, eləcə də “Trans-Əfqan” xəttini Orta Dəhlizlə birləşdirməklə Çinlə daha da yaxın bağlantı qurmuş olur.

“Maneəsiz Rəqəmsal Dəhliz” asan keçidi təmin edəcək

Həllini gözləyən məsələlərdən biri də güzəştli gömrük və tarif siyasəti, vahid məlumat sistemi və rəqəmsal dövriyyələrin bir platformada birləşdirilməsidir. “Avrasiya Nəqliyyat Marşrutu” ailəsinin qənaətinə görə, vahid rəqəmsal platformanın olmaması daşınmalar zamanı sənədləşmə, məlumat mübadiləsi və yüklərin izlənilməsi, logistika xəritəsi, sürətli keçid və s. məsələləri ləngidir, ölkələr arasında koordinasiyanı çətinləşdirir. Ona görə də vahid platforma çərçivəsində bütün ölkələrin rəqəmsal sistemlərinin inteqrasiyası əsas prioritetlərdən biridir və layihədə iştirak edən ölkələrin hər biri rəqəmsallaşma ilə bağlı öz siyasətlərini birləşdirməyə çalışacaq. Bu strateji hədəfə əsasən, “Maneəsiz Rəqəmsal Dəhliz” qurulacaq. Bir müddət əvvəl həmin ekosistemin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridoru (Digital Trade Corridor) yaradılıb ki, Azərbaycan və Qazaxıstanın dəmir yollarının informasiya sistemləri gömrük modullu bu sistemə inteqrasiya olunub, Gürcüstan dəmir yollarının da sistemə qoşulması planlaşdırılır. Digər ölkələrin də növbəti ilə qədər bu rəqəmsal sistemə inteqrasiyasının başa çatdırılması və 2026-cı ildə “Maneəsiz Rəqəmsal Dəhliz” platformasının işə salınması nəzərdə tutulur. Bu isə dəhliz boyunca sənəd dövriyyəsini, gömrük rəsmiləşdirilməsi və yüklərin izlənməsi vahid ekosistemə birləşdiriləcək və Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 2 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30