Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-İtaliya əlaqələri...

Azərbaycan-İtaliya əlaqələri...

28.11.2025 [11:15]

Ceyhun Bayramovun bu ölkəyə səfəri zamanı münasibətlərin inkişafı diqqət mərkəzində olub

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.

Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər də mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkəyə rəsmi səfəri zamanı aparılan müzakirələr diqqəti cəlb edir.

Qeyd edək ki, C.Bayramov səfər çərçivəsində İtaliya Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb. Görüş zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Tərəflər mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafında yüksəksəviyyəli təmaslar, səfərlər və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolunu qeyd ediblər. Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin vacibliyi qeyd olunub.

Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Enerji sahəsində uzunmüddətli əməkdaşlıq, xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusi qeyd olunub. Bununla yanaşı, ikitərəfli münasibətlərdə böyük əhəmiyyətə malik Azərbaycan-İtaliya Universitetinin təsis edilməsinin strateji tərəfdaşlığa əlavə təkan verdiyi vurğulanıb.

Görüşdə nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, tarixi Vaşinqton görüşünün nəticələri, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

C.Bayramov, həmçinin  İtaliya Senatının sədri İqnasio La Russa ilə görüşüb. Görüşdə tərəflər Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Son illər ərzində qarşılıqlı etimada, ümumi maraqlara və fəal siyasi dialoqa əsaslanan ikitərəfli əlaqələrin daha da dərinləşdiyi diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, müdafiə və təhlükəsizlik, iqtisadi və ticarət, enerji və bərpaolunan enerji, humanitar, turizm, mədəniyyət və təhsil sahələri də daxil olmaqla çoxşaxəli istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.

Görüşdə, İtaliya Prezidentinin Azərbaycan-İtaliya Universitetinin açılış mərasimində iştirakı, İtaliyanın Baş nazirinin ölkəmizdə COP29 liderlər sammitinə qatılması, iki ölkə liderləri arasında yüksəksəviyyəli təmasların münasibətlərə əlavə təkan verdiyi vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin gücləndirilməsinin və davamlı siyasi dialoqun münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıdığını bildiriblər. Bu kontekstdə parlament diplomatiyasının iki ölkə arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, həmçinin regional və beynəlxalq parlament platformalarında qarşılıqlı dəstəyin artırılması baxımından əhəmiyyəti xüsusi qeyd olunub.

Nazir eyni zamanda, qarşı tərəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən irəli gələn postmünaqişə reallıqları, bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya prosesləri və İtaliya şirkətlərinin bu prosesdə iştirakı barədə ətraflı məlumat verib.

Tərəflər, həmçinin regional təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq formatları, beynəlxalq gündəlikdə duran məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparıblar.

Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin böyük hissəsi Azərbaycanın payına düşür.

Ötən dövr ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq da yüksələn xətlə inkişaf edib. Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib.

Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Azərbaycan həmin günlər ərzində kimin haqqın, ədalətin, kimin isə ədalətsizliyin yanında olduğunu görmüş oldu. Bunun da nəticəsidir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkələrin şirkətləri iştirak edir. İtaliya şirkətləri də bu sıradadır. Belə ki, artıq bu ölkənin bir sıra şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində yaxından iştirak edir. Buna ilk nümunələrdən biri olaraq 2020-ci ilin dekabr ayında imzalanmış sənədi göstərmək olar. Belə ki, “Azərenerji” ASC-nin və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatı məhz “Ansaldo Energia” şirkətinin üzərinə düşüb.

Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr davamlı olaraq güclənir. 

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30