Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Artıq Kəlbəcərin işğalı gününü qeyd etmirik...

Artıq Kəlbəcərin işğalı gününü qeyd etmirik...

02.04.2026 [10:38]

Böyük quruculuq və bərpa işləri həyata keçirilir

Xalqımız zaman-zaman ağır itkilərə məruz qalıb, acılar yaşayıb. Tarixin bu günündə - 2 aprel 1993-cü ildə daha bir torpaq itkisinə məruz qaldıq. Söhbət Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən gedir.  Bu işğala 27 ildən sonra - 2020-ci il noyabrın 25-də son qoyuldu. Hazırda işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də Azərbaycan bayrağı əzəmətlə dalğalanır...

60 min kəlbəcərlinin doğma yurd acısı...

Xatırladaq ki, Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. İşğala qədər rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi olub. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası və sair fəaliyyət göstərirdi. Mərkəzi hakimiyyətdən kömək almayan kəlbəcərlilər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olunmuş ermənilərə qarşı mərdliklə vuruşublar. 1993-cü ilin qiymətlərinə görə, işğal nəticəsində Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Kəlbəcərin işğalından əvvəl isə  Ağdaban faciəsi baş verib. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldı.

AXC-Müsavat cütlüyünün xəyanətinin qurbanı...

Kəlbəcər məhz xəyanət nəticəsində düşmənə təslim edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC- “Müsavat” cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaratdı. Ümumiyyətlə, vaxtilə siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atan həmin qüvvələr bu yolda hətta suverenliyimizi belə təhlükə altında qoymaqdan çəkinməmişdilər. Məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən ard-arda ələ keçirilmişdi. Xatırladaq ki, həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi və nə olursa-olsun, hakimiyyətə gəlmək istəyən Azərbaycan Xalq Cəbhəsi bu yolda bütün xəyanətlərə əl atırdı. 1993-cü ilin aprelində isə onların yaratdığı xaos, siyasi böhran, özbaşınalıq Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi.

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Rayonun dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Lex qalası XIII-XIV yüzilliklərin abidəsidir. Kəlbəcərdə dünya əhəmiyyətli  tarix-mədəniyyət abidəsi olan Gəncəsər və Xudavəng məbədləri də var. Bundan başqa, rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb.

Bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri - sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

Kəlbəcər bir güllə atılmadan azad edilib

Xatırladaq ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcərdən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Ancaq BMT TŞ-nin bu və digər 3 qətnaməsi 27 il ərzində yerinə yetirilmədi. Azərbaycan ərazi bütövlüyünə özünün müzəffər ordusunun şanlı qələbəsi sayəsində nail oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin müharibəsini apardı və düşməni acınacaqlı məğlubiyyətə uğratdı. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Ağır məğlubiyyət acısı yaşayan Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən, məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada nəzarəti ələ aldı. Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhər Günü elan edilib.

Artıq ötən ildən Kəlbəcər şəhərinə Böyük Qayıdış başlayıb. Hazırda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün davamlı tədbirlər həyata keçirilir.  

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30