Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Danışıqlar: nə vaxt, harada?

Danışıqlar: nə vaxt, harada?

16.04.2026 [09:31]

ABŞ və İran nümayəndə heyətləri 16 aprel, cümə axşamı günü şəxsən görüşə bilərlər. Associated Press (AP) agentliyinin yazdığına görə, bunu ABŞ rəsmiləri anonimlik şərti ilə bildiriblər. Onların sözlərinə görə, Vaşinqton və Tehran nümayəndələri müvəqqəti atəşkəs müddəti bitməmişdən əvvəl danışıqlar aparmaq niyyətindədirlər. Rəsmilər yeni görüşün təşkili prosesinin davam etdiyini və hər iki tərəfin buna müsbət yanaşdığını qeyd ediblər - lakin danışıqlarda iştirak edən nümayəndə heyətlərinin tərkibində kimlərin olacağı dəqiqləşdirilməyib. Danışıqların yeri də müəmmalıdır. Bu, İslamabad da ola bilər, Oman da, Cenevrə də. Daha çox isə İslamabad və Cenevrə variantları gözdən keçirilir.

Xatırladaq ki, ABŞ-İran danışıqlarının ilk raundu 11 aprel şənbə günü İslamabadda keçirilib və 21 saat davam edib. Görüşdən sonra tərəflərin razılığa gələ bilmədiyi açıqlanıb. Qeyd olunub ki, ABŞ İranın uzunmüddətli nüvə silahı potensialından imtina etmək istəyini görməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki gün öncə Ağ Evdə jurnalistlərə bildirib ki, İranla yeni bir razılaşma hələ də mümkündür. “Biz İranla bir çox məsələdə razılığa gəlmişik, lakin nüvə məsələsində yox. Lakin düşünürəm ki, onlar buna razı olacaqlar. Mən buna əminəm. İran nüvə silahına sahib ola bilməz. Əgər onlar bunu qəbul etməsələr, heç bir razılaşma olmayacaq”, - deyə Amerika lideri bildirib.

Tramp həmçinin qeyd edib ki, iranlılar özləri əlaqə saxlayır və razılaşma əldə etmək istəyirlər, lakin dəqiq kiminlə danışıqlar apardığını açıqlamayıb.

Vens: hazır deyillərsə, bu, onların işidir

Vitse-prezident C.D.Vens isə “Fox News”a verdiyi müsahibədə bildirib ki, danışıqların davam edib-etməyəcəyi məsələsi “ən yaxşısı iranlıların özlərinə buraxılmalıdır, çünki məsələ həqiqətən onların meydanındadır”.

Vens danışıqlardan sonra İranla razılaşma olmadığını deyib. Onun sözlərinə görə, zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır. “Biz onların nüvə silahı istehsal etməmək barədə qətiyyətli öhdəliyini təmin etməliyik. Və düşünürəm ki, əgər iranlılar bu məsələdə bizimlə görüşməyə hazırdırlarsa, bu, hər iki ölkə üçün çox, çox yaxşı bir razılaşma ola bilər. Əgər onlar bizimlə görüşməyə hazır deyillərsə, bu, onların işidir”, - deyə ABŞ-ın vitse-prezidenti Fox News-a bildirib.

Ağ Ev təsdiqləmir...

Ağ Ev isə yeni danışıqların nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı suala cavab verməyib. Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, “Prezident Tramp, vitse-prezident Vens və danışıqlar qrupu ABŞ-ın qırmızı xətləri barədə çox açıq şəkildə danışıblar. İranlıların razılaşmaya olan ümidsizliyi Prezident Trampın yüksək effektiv dəniz blokadası tətbiq etməsi ilə daha da artacaq”.

The New York Times (NYT) qəzetinin məlumatına görə, Pakistanda keçirilən danışıqlar zamanı ABŞ İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını tələb edib. 13 apreldə İran tərəfi ABŞ-a rəsmi cavab göndərərək beş ilə qədər dayandırılmasına razılıq verib. Bu barədə NYT-yə iki yüksək vəzifəli İran rəsmisi və bir ABŞ rəsmisi məlumat verib. Bundan əlavə, adı açıqlanmayan ABŞ rəsmisi NYT-yə bildirib ki, ABŞ İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı ölkədən çıxarmasını istəyib. İran öz növbəsində uranın ölkə daxilində qalmasında israr edir. Eyni zamanda, İran nümayəndələri uranın yararsız hala düşürülməsi və nüvə silahı üçün istifadə edilməməsi üçün əhəmiyyətli dərəcədə durulaşdırmağı təklif ediblər.

Dəniz blokadasının sirri...

ABŞ prezidenti Donald Tramp İran ətrafında tətbiq edilən dəniz blokadasının əsas hədəflərindən birinin də məhz Tehranın yenidən danışıqlar masasına qayıtmasına məcbur etmək olduğunu bildirib. Trampın sözlərinə görə, Vaşinqton bu addımı yalnız hərbi-strateji məqsədlərlə deyil, həm də diplomatik təzyiq aləti kimi qiymətləndirir. ABŞ lideri vurğulayıb ki, blokada İranı kompromisə məcbur etmək üçün nəzərdə tutulub.

O əlavə edib ki, bu prosesdə Vaşinqton tək deyil. Onun sözlərinə görə, bəzi müttəfiq və tərəfdaş ölkələr də İrana qarşı dəniz blokadasında iştirak edəcək. Tramp həmin dövlətlərin adlarının yaxın vaxtlarda açıqlanacağını da qeyd edib.

İrandan çağırış

İRNA isə son İran-Amerika danışıqlarından sonra məsləhətləşmələrin davam etdiyini, lakin növbəti mərhələdəki görüşün  tarixinin hələ müəyyən edilmədiyini yayıb. Mənbəyə görə, Tehran və İslamabad mesaj mübadiləsini davam etdirirlər, lakin İran və ABŞ arasında növbəti məsləhətləşmələrin tarixi və yeri barədə razılıq yoxdur.

İran Prezidenti Məsud Pezeşkian isə bildirib ki, İran ABŞ ilə danışıqlara hazırdır, amma “qanun çərçivəsində”. Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib ki, “İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün ən üstün yol hesab edir və milli ləyaqətini və nüfuzunu qoruyub saxlayaraq, qanun çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir”.

Bununla belə İranda danışıqlara münasibət birmənalı deyil. İran parlamentinin üzvü İbrahim Rezainin sözlərinə görə, amerikalılar hərbi əməliyyatlardakı mövcud fasilədən ordunu yenidən silahlandırmaq və qoşunlarına istirahət etmək üçün vaxt əldə edə bilərlər. Onun fikrincə, Tehran və Vaşinqton razılığa gələ bilməsələr, İran iki həftədən sonra ABŞ ilə atəşkəs müddətini uzatmamalıdır. “Atəşkəsin bitməsi onun uzadılmasına səbəb olmamalıdır. Ya Hörmüz boğazı üzərində nəzarətimiz də daxil olmaqla, İranın hüquqları tanınmalıdır, ya da müharibəyə qayıtmalıyıq”, - deyə o, “X”-da yazıb. Millət vəkilinin sözlərinə görə, ABŞ hərbi əməliyyatlardakı yaranan fasilədən ordunu yenidən silahlandırmaq və qoşunlarını istirahət etdirmək üçün istifadə edə bilər.

Qırmızı Xaç humanitar yardım göndərib

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İrana 171 ton zəruri ləvazimat göndərib. Təşkilatın mətbuat xidmətinin məlumatına görə, ilk 5 yük maşını 13 apreldə çatıb. BQXK-nın məlumatına görə, təşkilat təxminən 25 min insanın ehtiyaclarını ödəmək üçün İordaniyadakı anbarından zəruri ləvazimatlarla dolu 14 yük maşını göndərib. BQXK bildirib ki, “yüklərə yorğanlar, jerriklər, mətbəx dəstləri, brezentlər, gigiyena dəstləri, günəş enerjisi ilə işləyən lampalar, vedrələr və döşəklər daxildir”.

Qeyd olunur ki, bu, “BQXK-nın İrana ilk çatdırılması və 6 həftə ərzində ölkəyə ilk sərhədyanı humanitar yardım çatdırılmalarından biridir”. Qalan 9 yük maşınının bu həftənin sonlarında İrana çatması planlaşdırılır.

Razılıq əldə olunmasa...

Beləlklə, gələn həftə - 21 apreldə münaqişə tərəfləri tərəfindən 7 apreldə elan edilən 2 həftəlik atəşkəs müddəti başa çatır. “Axios” mənbələrinə görə, ABŞ-ın dəniz blokadası İranı kursunu dəyişməyə məcbur etməsə, Tramp İrana hücumları bərpa etməyi düşünür. “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən bildirib ki, Tramp danışıqların uğursuzluğu fonunda İrana məhdud hücumları bərpa etməyi düşünür. Nəşrin mənbələri regionun daha da qeyri-sabitləşməsi və Trampın uzunmüddətli hərbi münaqişələrə qarışmaqdan çəkinməsi perspektivini nəzərə alaraq, tammiqyaslı bombardman kampaniyasının bərpasını daha az ehtimal olunan ssenari kimi təsvir ediblər.

Müharibə bitdi?

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın artıq başa çatdığını bəyan edib. Bu barədə “Fox News” telekanalının jurnalisti Mariya Bartiromo ABŞ lideri ilə müsahibəsinin nəticələrinə əsasən məlumat verib. Jurnalistin sözlərinə görə, Tramp İrana qarşı hərbi fəaliyyətlərdən keçmiş zamanda danışıb. Bu isə əməliyyatın bitib-bitmədiyi ilə bağlı sual doğurub. “Bu başa çatdı”, - deyə Bartiromo Trampın sözlərini sitat gətirib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens də Vaşinqtonun İranda qarşıya qoyduğu məqsədlərə nail olduğunu və hərbi əməliyyatların mərhələli şəkildə dayandırıla biləcəyini açıqlamışdı.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30