Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Valyuta Fondu Azərbaycanla bağlı gözləntilərini açıqlayıb

Valyuta Fondu Azərbaycanla bağlı gözləntilərini açıqlayıb

16.04.2026 [11:53]

İqtisadi artım 2026-2027-ci illərdə orta hesabla 2,35  faiz artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya iqtisadiyyatının perspektivləri” hesabatının aprel nəşrində region ölkələrinin iqtisadi inkişaf göstəricilərinə dair yeni baxışını əks etdirib. Hesabatda vurğulanır ki, Yaxın Şərq və Mərkəzi Asiyada artım templərinin 2025-ci ildəki 3,6 faiz göstəricisindən 2026-cı ildə 1,9 faizə düşəcək. Bunun başlıca səbəbi regiondakı münaqişənin (ABŞ, İsrail və İran) birbaşa bu ölkələrin iqtisadi-ticari-tədiyə balanslarına təsirləridir. Hesabatda vurğulanır ki, xammal ixrac edən və münaqişədən birbaşa təsirlənən ölkələr üçün istehsal və ixracın azalması 2026-cı il üzrə ÜDM artım proqnozlarının əhəmiyyətli dərəcədə aşağı salınmasına gətirib çıxarır. Bu, enerji və nəqliyyat infrastrukturuna dəymiş ziyanın dərəcəsindən, həmçinin Hörmüz boğazından asılılıqdan və alternativ ixrac marşrutlarının mövcudluğundan asılıdır. Bu proseslərin tədricən ilin sonuna doğru nizama düşəcəyi və iqtisadiyyata təsirlərinin minimallaşacağı gözlənilir. Nəticədə, adıçəkilən region ölkələrində 2027-ci ildə artım yenidən əvvəlki dinamik səviyyəyə yüksələcək.

Qafqaz və Mərkəzi Asiyada iqtisadi inkişaf sabit olacaq

Qafqaz və Mərkəzi Asiya subregionunda da iqtisadi inkişaf dinamikası sabit axarda davam edəcək.  BVF bu regionda müsbət impulsun qorunub saxlanıldığını qeyd edərək həmin ölkələr qrupu üçün 2026-2027-ci illər üzrə ümumi artım proqnozu 0,3 faiz-bənd yüksəldib. Proqnozlara görə, 2028-2031-ci illərdə dünya iqtisadiyyatı ildə orta hesabla 3,1 faiz artacaq. Bu göstəricilər 2000-2019-cu illəri əhatə edən pandemiyadan əvvəlki dövrün tarixi orta səviyyəsi ilə müqayisədə sabit şəkildə zəif qalır,  həmin dövrdə orta illik artım 3,7 faiz təşkil edib. Belə dinamika, ilk növbədə Çində artım templərinin yavaşlamasını əks etdirir. Bununla belə, orta illik artımın bir sıra digər iri iqtisadiyyatlarda da yavaşlayacağı gözlənilir, Asiya ölkələrində, Yaxın Şərq və Mərkəzi Asiyada, Saxaranın cənub ölkələrində, Şimali Amerikada və Avropada yüksək dinamika bir müddət səngimiş olacaq.

2026-cı ildə 2,2 faiz, 2027-ci ildə isə 2,5 faiz...

BVF Azərbaycanda ÜDM-in artımını 2026-cı ildə 2,2 faiz, 2027-ci ildə isə 2,5 faiz olacağını proqnozlaşdırır. Fond  iqtisadi göstəriciləri əvvəli qiymətləndirməyə nisbətən bir qədər, təxminən 0,1 faiz-bənd  yaxşılaşdırılıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb. Ümumilikdə, qiymətləndirmələrə görə, qarşıdakı 2 ildə ölkə iqtisadiyyatının orta illik artımı 2,35 faiz təşkil edəcək. Valyuta Fondunun proqnozlarına əsasən, 2028-2031-ci illərdə Azərbaycan iqtisadiyyatı ildə orta hesabla 2,5 faiz artacaq.

Fondun analitik qrupu hesab edir ki, Azərbaycan iqtisadiyyatı ötən ildə mülayim artım templəri nümayiş etdirib və fiskal dayanıqlığını saxlayıb. Ötən il əsas dəyər yaradan sahə - qeyri-neft mənbələrini üzərində inkişaf  templəri ümumi iqtisadi artımın təmin edib. Hökumətin stimullaşdırıcı büdcə və kredit siyasəti çərçivəsində qeyri-neft dinamikası əlavə dəyərin formalaşmasında üstünlük təşkil etməkdədir.  Xarici ticarət və tədiyyə balansında müsbət saldonun qeydə alınması makrosabitliyin möhkəm sütunlarda dayandığını göstərir. Büdcə ÜDM-in 2,6 faiz səviyyəsində qeydə alınan profisiti maliyyə-fiskal yığımların əvvəlki fiskal hərarətinin davam etməsini təsdiqləyir.

Azərbaycanda monetar amil də ümidvericidir, yürüdülən uçot siyasəti faiz dərəcələrinin yumşalmasından xəbər verir. Belə ki, Mərkəzi Bank uçot dərəcəsini 7 faizə endirib, sentyabrda da eyni dərəcədə saxlaması sərt pul siyasətindən daha konservativ olduğunu şərtləndirməklə bank sektoru üçün əlverişli faiz tətbiq etməsinə imkan yaradır. Bu tendensiya ölkənin maliyyə dayanıqlığına da işarə edir, Azərbaycan manatının sabitliyinin bir göstəricisi olaraq çıxış edir.

Beynəlxalq institutların proqnozları

Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri fərqlənir: “S&P Global” 2026-cı ildə 2 faiz səviyyəsində artım gözləyir, “Fitch Ratings”  2,5 faiz, “Moody`s!”  2,5 faiz, Asiya İnkişaf Bankı isə ölkəmizdə ÜDM-in 2026-cı ildə 2 faiz, 2027-ci ildə isə 1,8 faiz artacağını ehtimal edir. Niderlandın ən böyük bank qrupu “ING Group” Azərbaycan iqtisadiyyatının artımını 2026-cı ildə 2,5 faiz, 2027-ci ildə 3 faiz səviyyəsində, Avropa Yenidənqurma və İnkişaf Bankı isə 2026-cı ildə 2 faiz, gələn isə 2,5 faiz proqnozlaşdırır.

Dünya Bankının proqnozlarına görə, Azərbaycanın ÜDM-nin artım tempi 2026-cı ildə 2 faiz, 2027-ci ildə 1,8 faiz təşkil edəcək. BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə 2,6 faizə bərabər olacaq.

İqtisadiyyat Nazirliyi ÜDM-in artımını 2026-cı ildə 2,9 faiz, 2027-ci ildə 3,3 faiz səviyyəsində proqnozlaşdırır, Mərkəzi Bank isə ölkə iqtisadiyyatının cari ildə 2,4 faiz, gələn il isə 2,9 faiz səviyyəsində artacağını gözləyir.

İnflyasiya ilə bağlı gözləntilər

BVF-nin inflyasiya ilə bağlı ehtimalları Azərbaycan hökumətinin proqnozları ilə demək olar ki, eynidir. Fondun  baxışlarına əsasən, Azərbaycan üzrə inflyasiya  5 faiz nisbətində müşayiət olunacaq, cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, inflyasiya region dövlətlərində, qlobal miqyasda baş verən proseslərə əsasən dəyişə bilər.

Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, ölkəmizdə orta illik inflyasiya 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz təşkil edəcək.  Mərkəzi Bankın sonuncu yenilənmiş proqnozunda da bu rəqəm oxşardır: baza ssenarisinə əsasən, illik inflyasiyanın hədəf daxilində olacağı, 2026-cı ilin yekununda 4,6-5 faiz olacağı gözlənilir. Mərkəzi Bank hesab edir ki, inflyasiya təhdidləri üçün əsaslı fundamental rıçaqların ortaya çıxacağı nəzərə çarpmır. Ötən ilin dekabr ayı üzrə inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif - xərc amilləri hesabına formalaşmaqdadır.

E. CƏFƏRLİ

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30