Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Latviya münasibətləri yeni mərhələdə

Azərbaycan-Latviya münasibətləri yeni mərhələdə

24.04.2026 [12:20]

Hər cəhətdən uğurlu inkişaf modelinə malik olan müstəqil Azərbaycanın milli maraqlara əsaslanan və multiregional səciyyə daşıyan xarici siyasət kursunda yaxın və uzaq coğrafiyalarda yerləşən ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu davamlı kursun uğurla reallaşdırılmasının nəticəsidir ki, hazırda respublikamızın həm geniş İslam coğrafiyasınmda, həm də Avropa İttifaqı (Aİ) məkanında çoxlu sayda strateji tərəfdaşlıq münasibətləri qurduğu ölkələr var.

Belə ölkələrdən biri də Baltikyanı regionun önəmli dövlətlərindən olan Latviyadır. Ötən dövrdə tərəflərin qarşılıqlı xoş niyyəti əsasında iki ölkə arasında müxtəlif istiqamətlərdə yaxşı əlaqələr qurulub və bir-birinə möhkəm inam yaranıb. Bu günlərdə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfərə gəlməsi və səfər çərçivəsində önəmli müzakirələrin aparılması, müxtəlif sənədlərin imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə  yeni səviyyəyə yüksəldiyini təsdiqləyir.

Siyasi dialoqun yüksək dinamikası

Azərbaycan-Latviya münasibətlərində diqqətçəkən ən mühüm məqamlardan biri ondan ibarətdir ki, qarşılıqlı münasibətlərin inkişafına hər iki tərəfdən güclü siyasi iradə nümayiş etdirlir. Eyni zamanda, ölkələrimizin cəmiyyətlərində də bir-birinə dərin rəğbət hissi var. Bu da ilk növbədə tarixlə bağlıdır. Azərbaycanla Latviya uzun illər ərzində keçmiş ittifaqın tərkibində olub və eyni siyasi sitemdən keçib. Həmin dövrdə respublikalarımız arasında əlaqələr yaranıb, sərbəst gediş-gəliş olub, cəmiyyətlərimiz bir-birini tanımaq imkanı qazanıb.

Hazırda Azərbaycanla Latviya arasında siyasi dialoq yüksək dinamikaya malik olması ilə fərqlənir. Latviya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə  qurulub. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə, dost ölkənin respublikamızda səfirliyi isə 2006-cı ildə açılıb.

İki dost ölkə arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etməsində dövlət başçılarının və digər yüksəksəviyyəli rəsmilərin qarşılıqlı səfərləri mühüm rol oynayır. Azərbaycan və Latviyanın dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olub. Həmin tarixdə Azərbaycan Prezidenti Heydər Əliyev ilə Latviya Prezidenti Quntis Ulmanis arasında görüş keçirilib. 10 sentyabr 1999-cu ildə Yaltada “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Latviyanın yeni seçilmiş Prezidenti V.Vike-Frayberqa ilə görüşüb.

Sonrakı mərhələdə Prezident İlham Əliyev Latviya ilə əlaqələrin inkişafına xüsusi önəm verib və dövlətimizin başçısının bu ölkəyə bir neçə dəfə uğurlu səfəri baş tutub. Prezident İlham Əliyev 3-5 oktyabr 2006-cı il tarixində  Latviyada dövlət səfərində olub. Bundan sonra dövlətimizin başçısının 17-18 yanvar 2017-ci il və 16-18 iyul 2017-ci il tarixlərində olmaqla iki dəfə rəsmi səfəri baş tutub.

Eyni zamanda, Latviyanın dövlət başçıları da müntəzəm qaydada respublikamıza səfərə gəliblər. Dost ölkənin dövlət başçısının Azərbaycana bundan əvvəlki səfəri 8-9 mart 2023-cü il tarixinə təsadüf edib.

Parlamentlər səviyyəsində əməkdaşlıq 

İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədədir. Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrup, həmçinin Latviya Seymində Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi Qrupu fəaliyyət göstərir. Qruplar arasında sıx təmaslar formalaşıb. Yeri gəlmişkən,  ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Milli Məclisə gəlib. Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Latviya Prezidenti buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Milli Məclisdə aparılan müzakirələrdə ikitərəfli əlaqələrin inkişafı üçün yüksəksəviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun vacibliyini qeyd edən Sahibə Qafarova bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

Azərbaycana bu səfəri zamanı müzakirə olunmuş məsələlərin və imzalanmış sənədlərin əhəmiyyətindən danışan Latviyanın dövlət başçısı tezliklə bu sənədlərin və əldə edilmiş razılaşmaların öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.

Hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsi

Azərbaycanla Latviya arasında siyasi dialoqun yüksək səviyyədə olması digər istiqamətlərdə də əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. İki ölkənin yüksək səviyyəli rəsmiləri həmçinin beynəlxalq platformalarda tez-tez bir araya gəlir və faydalı fikir mübadiləsi aparırlar. Latviya keçmiş Dağlıq Qarabağ münaqişəsi dönəmində hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ölkələr sırasında yer alıb. Avropa İttifaqının üzvü olan bu ölkə Azərbaycanın  Avropa təsisatları, o cümlədən də Aİ ilə əlaqələrinin inkişafına  davamlı dəstək verir. Eyni zamanda, dost ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynadığını təşviq edir. Dost ölkədə həmçinin yeni mərhələdə Avropanın mühüm təchizat mənbəyinə çevriləcək TRIPP marşrutunun  (Zəngəzur dəhlizi) yaradılmasında Azərbaycanın səyləri yüksək dəyərləndirilir.

Beləliklə, aydın olur ki, Azərbaycan Latviya, Latviya isə Azərbaycan üçün çox önəmli ölkələrdirlər. İki dövlətin nümunəvi əməkdaşlığı Xəzər və Baltik dənizlərinin əhatə etdiyi geniş coğrafiyada keyfiyyətcə yeni reallıqlar formalaşdıra bilər və bu fürsətdən mütləq istifadə olunmalıdır.

Azərbaycanla Latviya arasında strateji mahiyyət daşıyan əlaqələrin inkişafına dövlətlər səviyyəsində göstərilən qətiyyətli siyasi iradə, cəmiyyətlərin qarşılıqlı rəğbəti öz yerində. Bütün bunlar, əlbəttə ki, təqdirəlayiq haldır. Eyni zamanda, hər iki dövlət çoxistiqamətli əlaqələrin daha dinamik inkişafını təmin etmək məqsədilə hüquqi bazanın möhkəmləndirilməsini diqqət mərkəzində saxlayır. Bunun təsdiqi olaraq qeyd edək ki, Latviya Prezidentinin respublikamıza son səfərinədək ölkələrimiz arasında 45 sənəd imzalanmışdı. Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Latviyanın dövlət başçısının respublikamıza bəhs olunan son səfəri çərçivəsində isə Prezident İlham Əliyev və Prezident Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər. Səfər çərçivəsində həmçinin dövlət başçılarının iştirakı ilə imzalanan daha 5 sənəd mübadilə edilib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30