Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zelenski yenidən atəşkəs təklif edir

Zelenski yenidən atəşkəs təklif edir

06.06.2026 [09:30]

Ukrayna lideri rusiyalı həmkarına məktubunda nə yazıb?

Rusiya - Ukrayna müharibəsinin başa çatması ilə əlaqadar diplomatik danışıqlar dalana dirənib. Fevral ayından sonra sülh danışıqları aparılmır. Bir neçə gün öncə isə Moskva münaqişənin başa çatması üçün şərtini bir daha açıqlamışdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadakı məqsədlərinə çatacaq, lakin Moskva yenə də sülh danışıqları yolu ilə nəticə əldə etməyə üstünlük verir. Onun sözlərinə görə, əgər Ukrayna tərəfi prosesi təxirə salmağa, əsl sülh danışıqlarından və dinc həll yoluna aparacaq ciddi qərarlardan imtina etməyə davam edərsə, xüsusi hərbi əməliyyat davam edəcək. Kremlin sözçüsü əlavə edib ki, Prezident Volodimir Zelenski Ukrayna qoşunlarına “Rusiya bölgələrini tərk etməyi” əmr edərsə, xüsusi hərbi əməliyyat sutkanın sonuna qədər başa çata bilər. Peskov bunu deyərkən, Donbası nəzərdə tutub.

Zelenski Putinlə görüşmək istəyir

Lakin Kiyev Moskvanın bu şərtini qəbulolunmaz hesab edir və Rusiya ordusunun Ukraynanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərindən çıxarılmasını vacib sayır. Rəsmi səviyyədə dəfələrlə Ukraynanın ərazi güzəştinə getməyəcəyi bəyan olunub. Ardınca isə Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə görüş və danışıqlar müddətində atəşkəs təklifi ilə açıq məktub yazıb. Məktubda Zelenski bildirib ki, Ukrayna “hamının hamıya” formulu ilə əsir mübadiləsinə, mülki şəxslərin və uşaqların qaytarılmasına, eləcə də ABŞ və Avropanın təhlükəsizlik qarantları qismində mümkün iştirakı ilə birbaşa ikitərəfli formata hazırdır. O, görüşün neytral ərazidə keçirilməsini təklif edib və deyib ki, cəbhə xətti diplomatiyanın başlayacağı xətt olmalıdır: “Biz öz insanlarımızı itiririk və hər bir itkimiz bizim üçün ağırdır... Siz artıq müntəzəm olaraq, bir neçə aydan bir regionlarımızın, ilk növbədə də Donetsk vilayətinin ələ keçirilməsi üçün son müddətləri təxirə salırsınız. Onu bu il də ələ keçirə bilməyəcəksiniz. Lakin biz Ukraynada daimi müharibə istəmirik. Biz yaxşı bilirik ki, müharibəsiz daha yaxşıdır. Biz buna nail olmaq istəyirik. Mən əminəm ki, rusiyalıların əksəriyyəti buna müsbət cavab verməyə hazırdır və siz bunu bilirsiniz”.

Zelenski qeyd edib ki, müharibə və sülh məsələlərinin həlli üçün ənənəvi olaraq liderləri qəbul edən ölkələr var: “İsveçrə, Türkiyə, ərəb ölkələri - bir çoxları bu görüşə ev sahibliyi edə bilər və etmək istəyir. Məhz liderlər əsas məsələləri həll edirlər - bu, həmişə belə olub və olacaq. Mən görüşün dəqiq tarixini müəyyən etməyi təklif edirəm. Eşitmişik ki, Alyaskada sizə Ukrayna və Avropaya aid olan bəzi məsələlərin həllini söz veriblər. Amma siz görürsünüz ki, Ukrayna və Avropa məsələləri Ankoricdə həll olunmur. Lakin biz hesab edirik ki, ABŞ prosesdə iştirak etməlidir və bu, regionumuzdakı yeni təhlükəsizlik arxitekturasının konfiqurasiyasını müəyyən edə biləcək bir amildir”.

Tramp liderlərin görüşünü dəstəkləyir

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüş barədə müzakirə apardıqlarını eşitməkdən məmnun olduğunu bildirib. Bu barədə o, jurnalistlərin suallarına cavabında deyib: “Onlar bunu etməlidirlər. Hər ikisi güzəştə getməlidir. Bu güzəştləri mən təklif etdim”.

Rusiya Prezidenti Vladimir Putin isə iyunun 4-də dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib ki, Moskva və Kiyev arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər. Onun sözlərinə görə, Moskva Ukrayna ilə sülh yolu ilə və Rusiya-Amerika danışıqları zamanı Ankoricdə müzakirə olunan kompromislər əsasında razılığa gəlməyə hazırdır və bunu istəyir. Putin qeyd edib ki, Rusiya həmin danışıqlarda müzakirə olunan kompromislərə razıdır: “İndi lazımdır ki, bu kompromislərlə Ukrayna tərəfi də razılaşsın. Bu halda münaqişə tezliklə öz təbii sonluğuna çatacaq”. Lakin Moskva Zelenskinin məktubu və onun təklif etdiyi görüşlə bağlı mövqeyini açıqlamayıb.

Xatırladaq ki, əvvəllər Rusiya rəsmiləri  bəyan etmişdi ki, Zelenski Putinlə görüşmək istəyirsə, bu görüş Moskvada baş tuta bilər. Lakin Ukrayna lideri bu təklifi rədd edərək görüşün üçüncü ölkələrdə keçirilməsini təklif etmişdi. Putinə məktubundan göründüyü kimi, Zelenski həmin mövqeyində  qalır.

Almaniya, Fransa və Britaniya danışıqları bərpa etməyə çalışır

Belə bir şəraitdə Almaniya, Fransa və Böyük Britaniya Ukrayna və Rusiyanın iştirakı ilə danışıqlar prosesinin təşkili perspektivlərini müzakirə edir. “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən yazdığına görə, üç dövlət diplomatları bir-biri ilə, eləcə də Ukrayna tərəfi ilə Moskva və Kiyev arasında dialoqun başlanması üçün mümkün tədbirlər barədə məsləhətləşmələr aparır. “Bloomberg”in mənbələri bildiriblər ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar səylərinin faktiki olaraq dayandırılması fonunda Avropa dövlətləri Rusiya Prezidenti Vladimir Putini müharibənin başa çatdırılması yollarını müzakirə etməyə cəlb etmək üçün cəhd göstərmək şansı görüblər. “Bununla belə, bu cür prosesin başlanmasına dair yekun qərarın qəbul edilməsi hələ də Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyətində qalır”, - deyə agentliyin həmsöhbətləri vurğulayıblar.

Qeyd olunub ki, Avropa tərəfdaşları Kiyevi Ukrayna hakimiyyətinin dəstəkləməyə hazır olmadığı strategiyanı qəbul etməyə məcbur etməyi planlaşdırmırlar. Bununla eyni vaxtda danışıqlar konsepsiyasının özü Qərb rəsmiləri arasında ziddiyyətlər yaradır. Bu yanaşmanın əleyhdarları hesab edirlər ki, Moskva nizamlama üçün güzəştsiz şərtlərə sadiq qalır. Bir sıra Avropa məmurları əmindir ki, Ukraynanın müttəfiqləri səylərini danışıqlara hazırlığa deyil, Kiyevə hərbi dəstəyin artırılmasına və Rusiyaya qarşı sanksiya rejiminin sərtləşdirilməsinə yönəltməlidirlər. Bundan əlavə, onların fikrincə, Moskva ilə dialoqa başlamaq üçün Avropa öz hərəkətlərini Vaşinqtonla əlaqələndirməlidir.

Bundan başqa, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsini və Ukraynaya dəstəyin genişləndirilməsini nəzərdə tutan qanun layihəsinin səsverməyə çıxarılması barədə prosedur qərarını dəstəkləyib.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30