Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Növbə kimindir?

Növbə kimindir?

06.06.2026 [10:35]

Aİ üzvlüyünə Moldovanın, yoxsa Ukraynanın ilk olaraq qəbul edilməsi diqqət mərkəzindədir

Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə bu ölkələrin Aİ-yə daxil olması barədə danışıqların başlanmasına hazırlıq prosesinə start verib. Bu barədə Aİ Şurasının Kipr sədrliyi “X” sosial şəbəkəsində məlumat yayıb. “Kipr sədrliyi Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması üzrə danışıqların birinci klasterinin rəsmi açılışına hazırlıq prosesinə start verib”, - deyə məlumatda bildirilib. Kipr tərəfi danışıqların açılması məsələsinin Aİ Şurasında müzakirəsini başa çatdırmaq üçün yaxın günlərdə intensiv iş aparmaq niyyətində olduğunu bildirib.

Aİ üzvlüyünə potensial namizədlər...

Danışıqlar prosesinin startı iyunun 15-də Lüksemburqda keçiriləcək Avropa İttifaqının genişlənməsi üzrə hökumətlərarası konfrans çərçivəsində baş tuta bilər. Bununla belə, Aİ daxilində İttifaqın genişləndirilməsi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Məsələn, Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, 27 üzvdən ibarət Avropa İttifaqı sıralarını daha da genişləndirməyə çalışmalı, üzvlərinin sayını Kanada da daxil olmaqla 40-a çatdırmalıdır. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən konfransda çıxış edən Stubb Aİ-nin daha uzaqgörənliklə düşünməli olduğu ideyasını müdafiə edib. Aİ-nin genişlənməsini “Avropanın ən yaxşı siyasəti” adlandıran Stubb deyib: “Aİ üzvlərin sayını 40 ölkəyə çatdırmağa və Böyük Britaniya, Kanada, Türkiyə, Norveç, İslandiyanı potensial namizədlər kimi təqdim etməyə çalışmalıdır”.

Stubb Monteneqro və Albaniyanın üzvlüyə real namizəd ölkələr kimi qiymətləndirildiyini qeyd edib və 2020-ci ildə Aİ-dən çıxan Böyük Britaniyanın yenidən İttifaqa daxil edilməsinin vacibliyini vurğulayıb. Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük proseslərində irəliləyişlərinə işarə edən Stubb Türkiyənin önəminə də diqqət çəkərək bildirib: “Biz, həmçinin Türkiyəni ciddi şəkildə nəzərdən keçirməliyik. Artıq heç kim Türkiyədən danışmır. Türkiyənin təhlükəsizlik baxımından mümkün qədər yaxın olması fonunda bu ölkənin nə qədər lazımlı olduğunu anlamağımız vacibdir”.

Aİ komissarı: Moldova üzvlüyə hazırlıq dərəcəsinə görə birinci yerdədir

Qeyd edək ki, Almaniya və Fransa Qərbi Balkan ölkələri və Moldovanın Avropa İttifaqına (Aİ) mərhələli inteqrasiyasını nəzərdə tutan qeyri-rəsmi sənəd hazırlayıblar. “Politika” nəşrinin yazdığına görə, plan namizəd ölkələrin danışıqlardakı irəliləyişindən asılı olaraq onlara Aİ-nin daxili bazarına çıxış imkanının verilməsini və bəzi Avropa qurumlarında müşahidəçi statusu əldə etməsini nəzərdə tutur. Sənəd müəllifləri hesab edirlər ki, mərhələli inteqrasiya namizəd ölkələrdə islahatların sürətləndirilməsinə əlavə stimul verəcək.

Hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Aİ üzvlüyünə namizəd ölkələr sırasındadır.

Daha çox müzakirə mövzuları sırasında isə Ukraynanın, yoxsa Moldovanın birinci olaraq Aİ-yə üzv qəbul edilməsidir. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos  hesab edir ki, Moldova Avropa İttifaqına  üzvlüyə hazırlıq dərəcəsinə görə birinci yerdədir. O, Kişineuda Moldova Prezidenti Maya Sandu ilə danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bu bəyanatla çıxış edib. “Moldova Avropa İttifaqına üzvlüyə hazırlıq dərəcəsinə görə birinci yerdədir. Ümid edirik ki, Kiprin sədrliyi dövründə iyunun ortalarında danışıqların ilk fəslini aça biləcəyik. Bu, həm də Avropa Komissiyasının mövqeyidir: Moldova və Ukrayna danışıqların bütün fəsillərini açmağa hazırdır. Ümid edirəm ki, bu, yay tətilindən əvvəl baş verəcək”, - deyə  Kos qeyd edib.

Onun sözlərinə görə, Moldovanın islahatların həyata keçirilməsi sahəsində əldə etdiyi nəticələr investisiyalar üçün 600 milyon avrodan çox vəsait səfərbər etməyə imkan verib: “Moldova islahatları 93 faiz səviyyəsində yerinə yetirib ki, bu da yüksək nəticədir və investisiyalar üçün 600 milyon avrodan çox vəsait səfərbər etməyə imkan verib. Belə sabitlik və əlverişli mühit Moldovanın biznes üçün cəlbediciliyini daha da artırır”.

Macarıstan isə Ukraynanın Avropa İttifaqına  üzvlük danışıqlarına qoyduğu 17 aylıq vetonu ləğv edib. “Financial Times”ın məlumatına görə, bu addım Ukrayna və Moldovanın üzvlüklə bağlı rəsmi danışıqlara artıq iyunun 15-dən başlamasına imkan yaradır. Nəşr yazır ki, Peter Madyarın başçılıq etdiyi Macarıstan hökuməti danışıqlar prosesinin daha da irəliləməsini dəstəkləməyə razılıq verib: “Peter Madyarın ötən gecə qəbul etdiyi qərar hər iki ölkə üçün iyunun 15-də danışıqların başlamasına yol açır. Bu, onlara birinci danışıq klasteri çərçivəsində qanunvericiliklərini Aİ standartlarına uyğunlaşdırmağa başlamağa imkan verəcək”. Madyar bəyan edib ki, Budapeşt Ukraynada macar azlığın dil, təhsil, mədəni və siyasi hüquqları məsələlərində hərtərəfli razılığa nail olunduqdan sonra Ukraynanın avrointeqrasiyasını dəstəkləyəcək.

Polşa və Almaniya Ukraynanın üzvlüyünə əngəl ola bilər

Nəşrin yazdığına görə, razılaşma Kiyev, Budapeşt və Brüssel arasında intensiv məsləhətləşmələrdən sonra, eləcə də Avropa İttifaqının digər üzv dövlətlərinin diplomatik səyləri nəticəsində əldə edilib. Kiprin Avropa məsələləri üzrə nazir müavini Marilena Rauna Ukrayna və Moldova ilə danışıqların başlaması barədə qərarı tarixi addım adlandırıb.  Nəşr bildirir ki, Macarıstanın mövqeyi Aİ ölkələrinin səfirlərinin Brüsseldəki görüşündən sonra dəyişib.

Bununla belə, Ukraynanın Aİ üzvlüyünə çıxanlar da var. Belə ki, Polşa Ukraynanın Avropa İttifaqına üzvlüyü yolunda yeni maneəyə çevrilə bilər. “The European Conservative” jurnalında dərc olunan məqalədə deyilir ki, Varşava ilə Kiyev arasında münasibətlərin korlanması fonunda Polşa hökumətinin siyasəti Ukraynaya qarşı daha sərt və qarşıdurma xarakteri ala və bu ölkənin Avropa İttifaqına üzvlüyünə əngəl yarada bilər. Polşa ilə Ukrayna arasında gərginliyin yeni mərhələsi mayın 26-da Ukrayna Prezidenti Volodimir Zelenskinin Xüsusi Əməliyyat Qüvvələrinin “Şimal” xüsusi əməliyyatlar mərkəzinə Ukrayna Üsyançı Ordusunun döyüşçülərinin adının verilməsi barədə qərarından sonra yaranıb. Bu addım Polşada ciddi narazılıq doğurub. Polşanın sabiq Prezidenti Lex Valensa Volodimir Zelenskinin bu qərarla həlak olmuş polyakların xatirəsini təhqir etdiyini bildirib. Polşa Prezidenti Karol Navrotski isə Ukrayna dövlət başçısının ölkənin ən ali dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilməsi təklifini irəli sürüb.

Bundan əlavə, “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alis Vaydel də Ukraynanın Avropa İttifaqına  üzvlüyünün Almaniyanın maraqlarına cavab vermədiyini bildirib. Siyasətçi bu fikri Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlanması istiqamətində rəsmi hazırlıqların aparılması barədə məlumatı şərh edərkən səsləndirib. Alis Vaydel Ukraynanın Avropa İttifaqına üzvlüyünün, ilk növbədə, Almaniya üçün böyük maliyyə yükü yaradacağını vurğulayıb. Partiya həmsədri hesab edir ki, bu, Berlin üçün əlavə öhdəliklər formalaşdıracaq. Siyasətçinin fikrincə, belə bir qərarın siyasi və iqtisadi nəticələri Almaniya tərəfindən diqqətlə qiymətləndirilməlidir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30