Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sülh yolunda axırıncı aşırım...

Sülh yolunda axırıncı aşırım...

06.06.2026 [11:50]

Azərbaycan və Ermənistan rəhbərliyinin siyasi iradəsi, regional və qlobal amillər, sülh prosesinə qoşulan ABŞ-ın səyləri yekun sülh sazişinin hətta 2026-cı ilin sonunadək imzalana biləcəyi ehtimalını gücləndirir

Müstəqil Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı şanlı zəfərlər sayəsində sırf  öz gücünə tarixi ədaləti və beynəlxalq hüququ tam təmin etməklə Cənubi Qafqaz coğrafiyasında yeni reallıqlar yaradıb. Son beş ildə uzun müddət müharibə risklərindən, təhdidlərdən, təxribat cəhdlərindən əziyyət çəkən regionda tarixi proseslər izlənilib.

Artıq Azərbaycanın yaratdığı reallıqların nəticəsi olaraq bu coğrafiya heç vaxt olmadığı qədər sülhə yaxınlaşıb. Yekun sülh sazişinin paraflanmasından sonra proseslər daha da intensivləşib. Əsas məqam ondan ibarətdir ki, hər iki ölkənin iqtidarı sülhə sadiq qaldıqlarını bildirirlər. Beləliklə, sülh yolunda axırıncı aşırım kimi səciyyələndirə biləcəyimiz sonuncu mərhələnin keçilməsi - yekun sülh sazişinin yaxın zamanlarda imzalanması tam realdır. Bunun üçün tərəflərin siyasi iradəsi güclüdür. Eyni zamanda, regional və qlobal amillər, sülh prosesinə qoşulan xarici güclərin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının (ABŞ) səyləri yekun sülh sazişinin hətta 2026-cı ilin sonunadək imzalana biləcəyi ehtimalını gücləndir.

D.Trampın məktubundakı şifrəli mesajlar

İndiyədək Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi ayrı-ayrı mərhələlərdən keçib və müxtəlif xarici güclər də bu prosesə qoşulublar. Hazırkı mərhələdə dünyada əsas güc mərkəzi sayılan ABŞ-ın aktivliyi, sülh prosesini sürətləndirmək və məntiqi sonluğa çatdırmaq səyləri nümayiş etdirdiyi ortadadır. Bunu ötən ilin avqustunda Ağ Evdə Azərbaycan, ABŞ, Ermənistan liderlərinin iştirakı ilə baş tutan görüşdən sonra Vaşinqtondan ardıcıl olaraq gələn mesajlar əyani şəkildə təsdiqləyir. Çox doğru olaraq oval kabinetdə baş tutan həmin görüş və burada imzalanan sənədlər silahyaratma prosesində keyfiyyətcə yeni bir mərhələyə keçidi təmin edib. Regionda onilliklər boyunca davam edən müharibənin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı sərgilədiyi ərazi iddiaları olub. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnində əsas müddəalardan biri məhz ərazi bütövlüyü ilə bağlıdır. Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər. Eyni zamanda tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiqləyiblər.

Vaşinqtionda paraflanan sazişin mətnində yer alan bu kimi müddəalar davamlı sülh üçün əsas şərtlər qismində çıxış edir. Ağ Ev administarsiyası son bir ildə ona nail olmaq istəyib ki, Vaşinqton razılaşmaları daha intensiv şəkildə irəliləsin. Bu istək həmçinin son bir neçə gündə Donald Trampın Bakıya ünvanladığı iki məktubda bir daha xüsusi olaraq vurğulanıb. Əvvəla, onu qeyd edək ki, ABŞ kimi supergüc dövlətin prezidentinin cəmi bir neçə gün ərzində Bakıya iki məktub ünvanlaması adi bir hadisə sayıla bilməz. Bu, bir tərəfdən Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Digər tərəfdən, Azərbaycanın Müstəqillik Günü və “Bakı Enerji Həftəsi” ilə bağlı Ağ Evdən paytaxtımıza gələn məktublar Azərbaycan -ABŞ münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə yüksəldiyini təsdiqləyir. Vaşinqton Ağ Evdə imzalanan sənədlərin ruhuna sadiqliyini ifadə edir və ölkəmizlə münasibətlərini starteji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istəyir. Bəhs olunan məktublarda da bununla bağlı konkret fikirlər ifadə olunub.

Məktublarda həmçinin sülh gündəliyi nilə bağlı şifrəli mesajlar verilir. D.Trampın fikirləri bir daha təsdiqləyir ki, ABŞ Azərbaycanın sülh gündəliyini bir daha alqışlayır. ABŞ Prezidentinin mövqeyini açıq ifadə etməsi böyük aktuallıq daşıyır. Bununla o, sülh prosesinə əvvəllər olduğu kimi indi də açıq və gizli şəkildə maneçilik törətmək istəyən regional və qlobal oyunçulara öz mesajlarını çatdırır ki, belə çirkin əməllərdən çəkinin, Cənubi Qafqazda ABŞ-ın artan maraqları var və sülh prosesinin qarantı da məhz bu ölkədir. D.Trampın Azərbaycanın müstəqillik Günü ilə bağlı dövlətimizin  başçısına ünvanladığı məktubda oxuyuruq: “Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir. Ötən ilin avqust ayında parafladığınız sülh sazişinin irəlilədilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər, həmçinin sərhədlərin delimitasiyası üzrə davam edən proses, 2026-cı ilin yanvar ayında dörd erməni məhbusun azad olunması, Ermənistana yanacaq tədarükü və hər iki ölkənin vətəndaş cəmiyyətlərini bir araya gətirən “Sülh Körpüsü” təşəbbüsü bizi ruhlandırır”.

Vaşinqtondan “Bakı Enerji Həftəsi”nə ünvanlanan məktubunda isə D.Tramp daha konkret mesajlar ötürərək Administrasiyasının yaxın vaxtlarda sülh mövzusunda “məhsuldar müzakirələri səbirsizliklə gözlədiyini” diqqətə çatdırıb. “Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Bütün bunlar sülh perspektivinə ABŞ-ın baxışlarıdır. Vaşinqton inanır ki, yekun sülh sazişinin imzalanacağı gün uzaqda deyil.

Zəngəzur Dəhlizi üzrə saziş imzalandı

Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan yekun sülh sazişinin yaxın vaxtlarda - bəlkə də, 2026-cı ilin sonunadək - imzalanacağına böyük ümid yaradan digər bir mühüm amil ABŞ və Ermənistan arasında TRIPP marşrutu (Zəngəzur Dəhlizi) ilə bağlı sazişin imzalanmasıdır. ABŞ dövlət katibi Marko Rubionun bir qədər bundan əvvəl Ermənistana baş tutan səfəri çərçivəsində paraflanan sənəd bu günlərdə onlayn qaydada imzalanıb. Ermənistan tərəfindən sənədi xarici işlər naziri Ararat Mirzoyan imzalayıb.  “Müqavilə imzalandı və sənəd Ermənistana göndərildi. İndi mən erməni tərəfi olaraq imzalamışam. Beləliklə, məsafədən imzalanma prosesi başa çatıb və saziş ratifikasiyaya hazırdır”, - deyə Mirzoyan bildirib.

Beləliklə, Ermənistanda parlament seçkiləri ərəfəsində Zəngəzur Dəhlizi (TRIPP marşrutu) ilə bağlı daha bir mühüm addım atılıb. TRIPP marşrutu (Zəngəzur Dəhlizi) Orta Dəhlizin (Transxəzər marşrutu) yeni bir seqmentini təşkil edəcək. Azərbaycanın da fəal üzvlərdən biri olduğu Transxəzər marşrutu hazırda dünyanın ikinci böyük iqtisadiyyatı sayılan Çinlə Avropa arasında etibarlı bağlantını təmin edir. Təhdid riskləri ilə üz-üzə qalan bir sıra ənənəvi marşrutların funksionallığının azalması fonunda Orta Dəhlizin yüklənməsinin getdikcə artması müşahidə edilir. Belə olan halda şaxələnmənin zəruriliyi ön plana keçir. Zəngəzur Dəhlizi (TRIPP marşrutu) məhz bu şaxələnməni təmin edəcək.

Bütövlükdə, yeni marşrut optimal regional bağlantı yaradacaq. O cümlədən Mərkəzi Asiya dövlətləri üçün yeni tranzit imkanları açılacaq. Rusiya və İranın Şimal-Cənub marşrutundan asılılığı azalacaq. Qeyd edək ki, respublikamızın ərazisində  Şimal - Cənub marşrutu ilə Orta Dəhlizin bağlantısı təmin edilib. Beləliklə də İran və Rusiya da yeni marşrutdan faydalana biləcəklər. Qardaş Türkiyə üçün daha böyük həcmlərdə yük tranzitini həyata keçirmək imkanları yaranacaq.

Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) yaradılması Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Bu ölkə 30 il ərzində işğalçılıq siyasətinin girovluğunda qalıb və əslində dalan vəziyyətə düşüb. Zəngəzur Dəhlizinin (TRIPP marşrutunun ) yaradılması ilə Ermənistanla Türkiyə arasında məlum səbəblərdən bağlı olan sərhədlər açılacaq və bu ölkənin Avropaya asan çıxışı təmin olunacaq.

Eyni zamanda, TRIPP marşrutunda (Zəngəzur Dəhlizində) Azərbaycanın maraqları təmin ediləcək. Burada söhbət ilk növbədə Vaşinqtonda imzalanan sənəddə də vurğulandığı kimi, Azərbaycan Respublikasının əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsindən gedir. Eyni zamanda, Zəngəzur Dəhlizi (TRIPP marşrutu ) fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək.

Sülh sazişinin regional platformada imzalanması perspektivi varmı?

Sülh prosesi ilə bağlı ikitərəfli (Azərbaycanla Ermənistan arasında ) və üçtərəfli (Azərbaycan, Ermənistan, ABŞ) platformalarda fəallığın artdığı və tərəflərin sülhə sadiqliklərini qətiyyətlə bəyan etmələri fonunda qonşu Rusiya da prosesdə yer almaq istədiyini bildirib. “Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bir daha təsdiqləyir”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2026) çıxışı zamanı bəyan edib.

Diplomat Moskvanın Azərbaycan - Ermənistan tənzimləmə prosesindəki vasitəçilik rolunu xatırladaraq bildirib: “Sülh müqaviləsinin imzalanması məqsədilə Rusiya platformasını hazırlayıb tərəflərin ixtiyarına verməyə hazırıq”.

M.Qaluzin regionun gələcək inkişafında çoxtərəfli formatların əhəmiyyətini də qeyd edib: “Rusiya, İran və Türkiyə ilə yanaşı, Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstanı onların tarixi qonşuları ilə birləşdirən 3+3 regional əməkdaşlıq platformasının ciddi potensiala malik olduğunu görürük. Bu mexanizm kənar qüvvələrin dağıdıcı müdaxiləsi olmadan, regionun problemlərinin məhz bu coğrafiyada yerləşən ölkələrin və onların birbaşa qonşularının öz qüvvələri ilə həll edilməsinə xidmət etmək məqsədi daşıyır”.

Rusiya XİN rəsmisinin bu açıqlaması ilə bağlı bəzi məqamları xatırlatmaq yerinə düşər. Qeyd edək ki, zamanında 3+3 formatı çərçivəsində bir neçə görüş ?aş tutsa da, səmərəli nəticələr əldə olunmayıb. Digər tərəfdən, Qaluzinin çağırışına Gürcüstan yenə də “yox” cavabı verərək bəhs olunan formata qoşulmayacağını bir daha bəyan edib.

Digər bir mühüm məqam ondan ibarətdir ki, sülh prosesinin başlanğıcında Moskvanın vasitəçiliyi ilə bir neçə görüş baş tutub və bəzi bəyanatlar səsləndirlib. Lakin bu formatda aparılan müzakirələr substantiv nəticələrə gətirib çıxarmayıb. Bu kimi amillər indiki mərhələdə sülh prosesində Rusiyanın vasitəçiliyinə ehtiyac olmadığı qənaətini formalaşdırır. Bu qənaəti eyni zamanda sülh prosesində ən uğurlu nəticələrin məhz ikitərəfli forrmatda  əldə olunması reallığı möhkəmləndirir. Artıq Bakı ilə İrəvan arasında siyasi dialoq var. Paralel şəkildə iqtisadi əlaqələr də bərpa olunur. O cümlədən Rusiya malları Azərbaycandan tranzit keçməklə Ermənistana çatdırılır. Beləliklə, əgər sülh prosesində uğur qazanılırsa, dinamika yüksəkdirsə, geridönüş etməyə heç bir lüzum yoxdur.

İrəvanda seçkilər və sülh prosesi

Heç şübhəsiz ki, Ermənistanda iyunun 7-də baş tutacaq parlament seçkilərinin nəticələri də sülh prosesi üçün çox önəmlidir. Söhbət ondan gedir ki, seçkilərə qatılan namizədlərin sülh prosesinə yanaşmaları arasında kəskin ziddiyyət var. Seçkilərə qatılan hazırkı iqtidar komandası sülhə sadiqliyini qətiyyətlə bəyan edir. Paralel şəkildə, baş nazir N.Paşinyan Qarabağ, Azərbaycan və Türkiyə ilə bağlı ona ünvanlanan ittihamları geri çevirərək tənzimləmə prosesinin irəli getməsi üçün cəsarətli addımlar atır. O, uzun illər ərzində cəmiyyətə hakim olan Qarabağ, “Böyük Ermənistan” miflərini tamam dağıdıb. N.Paşinyan daim çağırış edir ki, erməni xalqının nicatı xəyali Ermənistan axtarışından əl çəkilməsindədir. Əks halda Ermənistanın  özünün itirilməsi tam realdır.

Lakin indiki hakim komandadan fərqli olaraq seçkilərə qatılan bəzi digər namizədlər revanşizm mövqeyindən çıxış edirlər. Onlar Qarabağın “itirilməsi” ilə barışmaq istəmirlər, buradan könüllü şəkildə Ermənistana köç etmiş ermənilərin geri qaytarılması, Bakıda həbsdə olan separatçıların azadlığa buraxılması ilə bağlı cəfəng iddialar səsləndirirlər. Bundan başqa, sabiq prezident R.Köçəryan bildirib ki, qalib gələcəyi təqdirdə sülh sazişinə əlavə təminatlar almağa çalışacaq...

Təbii ki, revanşistlərin vurnuxmaları bütövklükdə sülh gündəliyinə təsir göstərə bilməz. Ancaq onların hakimiyyətə gələcəkləri təqdirdə proseslər müəyyən qədər ləngiyə bilər ki, bu da arzuedilən deyil. Hərçənd, ki, revanşistlərin qalib gəlmək ehtimalı  çox zəifdir.  Seçkilərin favoriti N.Paşinyan hesab olunur. Hazırkı iqtidar komandasının qalib gələcəyi təqdirdə sülh prosesinin cari ilin sonunadək məntiqi sonluğa çatdırlması ehtimalı yüksəkdir.

Seçkilərdən sonra sülh prosesi ilə bağlı Ermənistanın qarşısında dayanan əsas məsələ Azərbaycanın şərtini yerinə yetirib konstitusiya dəyişikliyini reallaşdırmaqdır. Bununla bağlı hakim komandanın siyasi razılığı var. Həmçinin cəmiyyət də ideyanı sakit qəbul edib. Gələn məlumatlara görə, artıq Ermənistanın qonşu dövlətlərə, o cümlədən də Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların yer almayacağı yeni konstitusiyanın mətni hazırdır. Qalır referendum yolu ilə yeni əsas qanunun qəbul edilməsi. Bundan sonra sülh yolunda hansısa bir maneə qalmayacaq!

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30